Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

Cavanşir Yusifli. Mühit içində, əyalətdə, yaxud topuq əhvalatı


Cavanşir Yusifli

Cavanşir Yusifli

"Bərpaçıya məktublar" silsiləsindən


Cavanşir Yusifli


MÜHİT İÇİNDƏ, ƏYALƏTDƏ, YAXUD TOPUQ ƏHVALATI

Vaxtilə yazdığım bir yazını belə adlandırmışdım: mühit içindəyəm.

Görəsən o hansı mühit idi ki, ordan çıxıb bu günə qaldıq? Yəni, insan nəylə desən uğraşa, məşğul ola bilər, amma mühit onu günlərin bir günü içinə çəkib nəsə yazmağa məcbur edə bilirsə, hətta demək istəmədiyi sözü dişlərinin arasından kəlbətinlə çəkib çıxara bilirsə, demək mühit içindəsən.

Bax, indi belə bir ortam yoxdu. Mühit deyilən nəsnənin dörd ətrafı dağılıb, uçub, indi insanların dodaqlarında söz yox, nifrət uçuqlayır, çaşıb qalırsan: bu qədər pasiyent hardan peyda oldu, guya ədəbiyyat xəstələri, guya..... Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərdi çox, həmdərd yox, düşmən qəvi, tale zəbun .. .

Dərd odur ki, bu “mühit” içində ən böyük, ən orijinal şeylər də anidən qərar tutduğu mərtəbədən yıxılır, puç olur, əlin özünə çatmır, qəribə absurd mühit yaranır.

Özünü hər an, hər dəqiqə bir çevrənin (cızın - cızzzzzzz) içindəymiş kimi hiss edirsən, birdən çevrəni tapdalasan şallaq dəyəcək; yaxud uşaqlıqda oynadığın “eşşək beli sındırdı” düşür yadına, bizim mühitdə hamı bu oyunu oynayır, bir balaca xamlıq edənlərin beli sınır, bütün küt, talantsız adamlar sındıra-sındıra gəzirlər. Görün kimlər sındırır:

Sitat: “Füzulinin poeziyasında qəm hüsnün və eşqin bəhrəsi kimi tərənnüm olunur”. Yaxud: “Beləliklə, Məcnun dünyanın qəmini azaltmaq üçün dünyaya gəlib, ilan gülləyə gedən kimi o da qəmə doğru gedir. "Qəmin hərifi olmaq!" - bu Məcnunun arzusu, şair Füzulinin estetik idealıdır. Həqiqətən də əsərdə Füzulinin lirik qəhrəmanı Qeysdən Məcnuna qədər çətin, sufiyanə bir yol keçir. Qeys bu yolu qəm işığında keçir.”

Götürün avropalıların Füzuli, yaxud başqa bir klassikimiz haqqında yazdıqlarına baxın, buna da! Əgər bu zəifdirsə, gedin mükəmməl seçim edin, başqalarını götürün, qədimlərin rəssamı, indilərin oriyentalisti Rəfaeli götürün.

Kimin kitabını istəyirsiniz, götürün, baxın, sınaq üçün başınızın altına qoyun, iki dəqiqədən sonra şiddətli baş ağrılarına, ürək bulanmasına tutulmasanız nə deyim?

Belə şeyləri yazana elmi dərəcəni kim verir görəsən?

Səbəblərdən biri budur ki, biz yuxugətirən kitabları oxumağa meylliyik, yuxu qaçıran kitabları daha ağıllı adamlar oxuyur.


Mən bu şəhərin yolunu tanımıram, yoxsa hara gəldi çıxıb gedərdim, beləcə düzü-dünyanı dolaşıb gəzdiyim yerdəcə, ölmək istədiyim şəhərdə də azmaq istəyirəm.

Mən azmaq istəyirəm
Bapbalaca zərrədə...


Əli Kərimin bu şeiri gözəldir, heç nə demək olmur.

Ancaq burda bir məqam da var, bir balaca aşağıda verəcəyim sitatla bağlıdır, məqam Rəsul Rzanın şeirində gizlənib:

Aydındır şeirin dili,
İstəyirsən kədərdən,
İstəyirsən qəmdən yaz
Elə aydındır bu dil,
Nadan yüz yol oxusun,
Yenə bir şey anlamaz.

Anlamaz, ancaq dili topuq vurar.
Topuq fəlsəfəsi.


İndi səbrinizi basın, sizə başqa bir böyük sənətkarın əsərindən sitatlar təqdim edəcəyəm. “Hüseynbala Mirələmovun “Qırxıncı Otağ”ı həm də terror əleyhinə yazılmış və insanın yaşamaq haqqını təsdiq edən talelər romanıdır. Əsər kəsişən, çarpazlaşan talelərin xoşbəxt sonluğu ilə bitir....” (N.Şəmsizadə, yazıçı ömrünə uvertüra).

Sonra müəllif, yəni “tədqiqatçı” güc verir müəllifin, yəni adına yazıçı deyilən şəxsin yazdıqlarını nağıllamağa. Monoqrafiyanı bir də, bir də, Elçin Əfəndiyev demişkən layiq olmadığı halda bir də çevirirsən, nağıldan başqa heç nəylə rastlaşmırsan. Bir də çox mənasız pafos.

Kitabı özündən kənara tullamaq istəyirsən ki, belə əcaib-qərayib şeylərlə zövqünü korlamayasan, ancaq hara qaçacaqsan, bütün yollar tutulub, hörmətli professorun pafosu nə qədər zəhlətökən olsa da, dar ayaqda yəqin nəyəsə yaraya bilər.

Tələbələr diplom işi yazanda köçürüb qiymət ala bilərlər, ancaq buna bilmərrə plagiat deyilməz, çünki olmayan şeyin nəyini oğurlayasan.

Doğrudan hara qaçacaqsan?

Lap qaçdın, gəlib səni tapacaqlar, elə gizlənmək istəyirdin ki, çağırdılar:

“...Ramiz Rövşən Əli Kərimin topuğundan deyil. Bu ona görə deyil ki, Əli Kərim istedadlıdır, yoxsa Ramiz Rövşən?! Hesab edirəm, Ramiz Rövşəndən fərqli olaraq, Əli Kərim novator şairdir. Əli Kərim bütün yaradıcılığı ilə yeniliklərə açıq olub, Ramiz Rövşən isə Azərbaycan klassik ədəbiyyatı formasında Füzuli estetikası və Şərq dekadensi ilə fransız simvolist ənənələrini birləşdirən və rus gümüş dövrü şeirinin təşbehlərindən yararlanmaqla özünə bir poeziya yaradıb. Ola bilər, ifadə tərzi sərtdir, amma mən belə düşünürəm: Ramiz Rövşəni böyük şair-filan hesab etmirəm. Ramiz Rövşən deyir, Sabirdən sonra ikinci şair mənəm. Əvvəl “Hop-Hop Namə”dir sonra “Nəfəs - kitablar kitabı”... Açıq danışaq, belə bir fikrə düşmək, xəstə təfəkkürün
Ramiz Rövşən

Ramiz Rövşən

məhsulu ola bilər. Ramiz Rövşən poeziyasının haradan gəldiyi geniş xalq kütləsinə məlum olmasa da, ədəbiyyatı bilən adamlar hər şeyi gözəl bilirlər. Ömründə iki kitab oxumayan adam elə bilir ki, Ramiz Rövşən dahidir-filan. Bunu məndən başqa, ədəbiyyatı bilən adamlardan heç kim demir, ona görə qınaq obyekti oluram.”

Deyir: ola bilər ki, ifadə tərzi sərtdir, məncə sərt deyil, cahillikdir. Əli Kərim kiminləsə müqayisədə böyük deyil, yaxud şair deyil, o cümlədən Ramiz Rövşən də, bütün həqiqətlər bədii mətnlərdədir, bu anormal, qeyri-sağlam mülahizələrsə ədəbiyyatın əlifbasını bilməyən, ümumən ədəbiyyat anlayışı olmayan şəxsin sayıqlamasına bənzəyir. Həm də, ən əsası: nifrət saçır. Qardaş, üzünü o yana, qoy hikkəni yel aparsın.

Kiçik adamlar, miskin adamlar, görməmiş adamlar...

Bu hələ cahillik deyil. Bu təfəkkür, bu düşüncə, qəribədir ki, qocalmır, adamı qocaldıb öldürür, amma

- Nə xəbər var, məşədi,
- Az-çox da yenə
- Qəzet oxuyan ... filankəs də.


Sabir sənə qənim olsun.
Mənə də qənim olsun.
Qanmayacağıqsa, hamımıza birdən qənim olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG