Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Gül satan xanımına bircə gül aparacaq


Gül mağazalarının alverini öldürən Telman Haşımov

Gül mağazalarının alverini öldürən Telman Haşımov

DOSTUNA GÜLDAN, ANASINA STƏKAN

Təbriklər martın 7-dən başlanır. Beynəlxalq Qadınlar Günü martın 8-də olsa da. Balaca Rza da qabağa düşüb. Sinif yoldaşına güldan bağışlayıb.

- Güldan almışdım. Anamla seçdim. Üstü güllüdür.

- Gül də aldınmı içinə qoymağa?

- Gül yox.

- Bəs niyə güldan?

- Qəşəng idi. Anama da stəkan almışam, üstündə ürək var.

Rza dostuna gül almasa da, Bakı küçələrində gül-çiçəkli, əli bağlamalı xanımlar tez-tez gözə dəyir. Elə gül-çiçəkli kişilər də.

SATAN DA QİYMƏTDƏN NARAZIDIR, GÜLLƏR AZI 80 QƏPİK BAHALANIB

«Deyəsən, gül satanların da bayramıdır» düşündük. Bir tində durub, özü demiş rəqiblərini - gül mağazalarının alverini öldürən Telman Haşımov isə sözə şikayətlə başlayır:

- Bahaçılıqdır.

- Satan da qiymətdən narazıdır?

- Biz də bu gülü topdan alırıq. Orda bahadır, bayramqabağı qiymət qalxıb. Hər güldə heç olmasa 80 qəpik qiymət qalxıb.

- Qiymətləri deyərdiz. Məsələn, bu ağ qızılgül neçəyədir?

- Ağ qızılgüllər 3 manatdır, qırmızılar 3.50-4 manatdır, «polevoylar» 2-3 manatdır. Ən ucuzu nərgiz gülüdür, 50 qəpikdir. Özümüzünküdür.

- Ən çox nə alırlar?

- Qızılgül. Qırmızı. Qızlara qırmızı qızılgül aparırlar. Sevgi rəmzidir də. Buket düzəltdirirlər. Maksimum dəstədə 5 dənə olur.

- Endirim edirsiz?

- Mütləq. 5 dənə gül bağlatdıranda 5-17 manata düşür. Ona sellofan-zad, «zelen» də vururuq. Buket olanda, qızılgül 3 manata düşür. Tək bir dənəsi isə 4 manata.

ORİJİNALLIQ AXTARANLAR

Eyni küçədə yerləşən mağazalardasa orijinallıq, fərqlilik axtaranlara ürəyin istəyən xidmət göstərilir. Gül-çiçəyə qərq olmuş belə mağazalardan birində müştəri əlindən tərpənmək olmur. Kuryerlər gül səbətlərini ünvanlarına çatdırmağa tələsirlər. Sürətlə sifarişlər gəlir. Bir yandan da telefon aman vermir. Birqəpiklik xeyrimiz dəymədiyindən satıcılar da, inzibatçı da suallarımızı cavabsız buraxırlar. Odur ki, qiymətlərə özümüz baxırıq. Mağaza bir günlük endirim edib. Qiymətlər təxminən 20-30 manatdan başlayır. 125, 137, 169, 224, 274 manata da gül səbətləri var. Maraqlıdır ki, bu mağazanın alıcıları da mikrofona danışmaq istəmirlər. Hədiyyələri, gülləri də gizlətməyə çalışırlar elə bil.

Mağaza sahibi Tahir Məmmədov

Mağaza sahibi Tahir Məmmədov

500 MANATLIQ QIZILGÜL SƏBƏTİ

Üz tutduq başqa gül dükanına. Mağaza sahibi «2 gün öncə gəlsəydiz, böyük məmnuniyyətlə danışardım» deyir və nəzakətlə qapını göstərir. Bu arada dayanmadan sifariş götürür. Divarda bir xeyli ünvan yazılıb. Mağazadan çıxmamış gül dəstələrinə göz gəzdiririk. Ən bahalısı ürək formasında olan səbətdir. Al qırmızı qızılgüllərin yığıldığı bu səbətin dəyəri 500 manatdır.

HAMIYA FƏRQLİ DƏSTƏLƏR, XANIMINA BİR GÜL

Növbəti dükanda alıcı azdır. Mağaza sahibi Tahir Məmmədov da etiraf edir: «Ötən illərə baxanda müştəri azdır».

- Güllər zəif gedir. Qiymət elə də baha deyil. Əvvəl daha bahaydı. Rəqib çoxdur. Ən çox da küçədə satırlar.

Amma Tahir Məmmədov narazı da deyil. Deyir ki, onun mağazasına gələnlər ya da gözüyumulu sifariş göndərənlər fərqlilik axtaranlardır. Bir çiçək dəstəsini qaldırır. Qiyməti 150 manatdır. Sayırıq:

- Bir, iki, üç...

- 21 dənə qızılgül var. Onu bahalı edən dizaynıdır...

Tahir tək qızılgül göstərir, qiyməti 10 manatdır, deyir ki, onu da bahalı edən dizayndır.

Mağaza sahibi güllərin qiymətinin münasib olduğunu deyir. «Bir dəstə çiçək 10 manatdan başlasa da, son qiyməti müştəri deyir». Amma etiraf edir ki, martın 8-də qiymətləri artırmalı olacaq.

Tahirdən soruşuruq ki, siz evdəkilərə də gül alırsızmı?

- Mütləq gül aparmaq lazımdır. Amma biz gülün içindəyik deyə, bizə maraqlı deyil bağlamalar, dəstələr. Sadəcə bir qızılgül alarıq. Gül nədir? Qadını sevindirirsən də. Yanında da bir ətir...

GÜL VƏ ŞİRNİYYAT

Bəs bayramda hamı mı gül gözləyir ya da gül bağışlayır?

Şamil Məmmədəlioğlu deyir ki, qadınlar bayramını ancaq güllə təbrik edərlər:

- Mən belə başa düşürəm. Qiymətlə maraqlanmamışam. Amma münasib olar. Cibə baxmaq lazımdır. Yoldaşımı, qızımı təbrik edəcəm. Bir də bacımı, anamı. Hər halda, yəqin bu il qiymətlər baha olar, ötən ilə baxanda...

125, 137, 169, 224, 274 manata da gül səbətləri var

125, 137, 169, 224, 274 manata da gül səbətləri var

Dostu Abbas Aranlı:

- Yəqin ki, bir dəstə gül alarıq, bir də şirniyyat.

«GÜL SOLACAQ, AMMA...»

Tələbə olduğunu deyən Asif Baxışlı anasına və bacısına daha gərəkli və praktik hədiyyələr seçib.

- Anama «parovoy» maşın almışam, yemək bişirməyə. Bacıma mikser, o biri bacıma isə telefon almışam.

- Çiçəklər yaddan çıxmayıb?

- Mən düzü çiçəklərə çox əhəmiyyət vermirəm. Başa düşmürəm, qadınlar nəyə görə gülləri çox sevirlər. Nə vaxtsa solacaq. Bir qızılgül 4 manatdır. 2 manata olsaydı, hər tələbə ala bilərdi...

Tələbə Məhəmməd isə deyir ki, güldən xoşu gəlmir. «Gül bağışlamaq mənim təbiətimdə yoxdur» söyləyib gülür. Ona görə də evdəkilərə nə bağışlayacağını qətiləşdirməyib.

İqtisad Universitetinin tələbəsi Ülkər isə gül gözləyir:

- Xoş olardı gül dəstəsi. Gülləri xoşlayıram. Təbii ki, qızılgül.

SOSİALİSTLƏRİN BAYRAMI

60 yaşlı hicablı Zemfira xanım isə deyir ki:

- 8 Martı qeyd edənlər əsasən sosialistlərdir. Sosialistdən bizə nə?

- Bəs qadınlara ildə bir gün də ayrılmasınmı?

- Var qadınlar günü. Xanım Zəhranın Mövludu günü...

Martın 8-nin beynəlxalq qadınlar günü edilməsi haqda qərar 1910-cu ildə verilib, sosialist qadınların Kopenhagendə keçirilən beynəlxalq konfransda. Bu gün ilk dəfə ABŞ-da və Avropa ölkələrində qeyd olunub. Qadınlar 12 saatlıq iş rejiminə və maaşlara etiraz ediblər. Həmçinin kişilərlə bərabər hüquq tələb ediblər.

Buna da bax:

XS
SM
MD
LG