Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

«Nə tikintiyə icazə verirlər, nə kompensasiya ödəyirlər»


Arxiv foto
Arxiv foto
Əfqanıstan və Qarabağ müharibələri veteranı olan Əli Paşayev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 10 ildir aldığı 1,5 sot torpaq sahəsində tikinti apara bilmir. Baxmayaraq ki, buna görə onun icazəsi və bütün sənədləri var. Səbəblərindən özü danışır:
«Xətai rayonu, Nəsrəddin Tusi küçəsində sürüşmə zonası var, orda Sovet vaxtından qalma köhnə tikililər vardı, o tikililəri söküb yerlərini satdılar. Bir nəfər Dövlət Əmlak komitəsindən həmin ərazidən 30 sot torpaq almışdı, mən də ondan torpaq sahəsinin 1,5 sotunu aldım ki, obyekt tikdirib sahibkarlıqla məşğul olum. Torpaq sahəsini özəlləşdirdim, torpağa çıxarış da aldım. Getdim Xətai rayon İcra Hakimiyyətinə, bildirdim ki, xüsusi mülkiyyətimdə olan torpaq sahəsində maşınların təmiri sexi açmaq istəyirəm. İcazə vermədilər. Mən də Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdim. Məhkəmə Qətnamə çıxardı ki, vətəndaşın öz torpağında sahibkarlıqla məşğul olmasına icazə verilsin».
Əli Paşayevin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası Səbail rayon Məhkəməsi tərəfindən təmin edilib. Əli Paşayevin tikinti aparmasına maneçilik törətdiyinə görə hətta məhkəmə Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin rəhbərliyini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4 dəfə ayrı-ayrı məbləğlərdə cərimələyib. Ancaq Bakı şəhər İcra Hakimiyyəti Qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin Qətnaməsini ləğv edib. Hakim Məmməd Məmmədov Qətnaməni belə əsaslandırıb ki, həqiqətən də mülkiyyətçi mülkiyyətində olan əmlaka sahib ola, ondan istifadə edə bilər. Ancaq qanunvericilikdə mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alınmasının mümkünlüyü də nəzərdə tutulub. Belə ki, Torpaq Məcəlləsinin müvafiq maddəsinə görə, torpaq sahələri mülkiyyətçilərin, istifadəçilərin və ya icarəçilərin razılığı olduqda, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında geri satın alına bilər. Apellyasiyanın nəticələri ilə müəyyən olunub ki, iddiaçıdan torpaq sahəsinin geri alınması barədə Nazirlər Kabineti hələ ki qərar qəbul etməyib. Ancaq nəzərə alınmalıdır ki, torpaq sahəsinin gələcəkdə geri alınması qaçılmazdır. Çünki Əhmədli qəsəbəsində ictimai ehtiyaclar üçün yüksək mərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub. Hakim Məmməd Məmmədovun çıxardığı Qətnamədə belə göstərilib və bu Qətnamə ilə də Əli Paşayevin xüsusi mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmasına icazə verilməyib.
Xətai rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, Nəsrəddin Tusi küçəsində Əli Paşayevə məxsus torpaq sahəsində müfəssəl plana əsasən yüksək mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub. Buna görə də onun torpaqda tikintiyə dair xahişini yerinə yetirmək mümkün olmayıb. İcra Hakimiyyətindən Əli Paşayevdən tikinti üçün rüşvət istənilməsi təkzib olunub.
Əli Paşayevsə deyir hələ nə bina tikən var, nə də buna hazırlıq işləri görən. Həm də ərazi sürüşmə zonasıdır, orda bina tikintisi mümkün deyil: «O torpaq sahəsinə yaxın yerdə bina tikdilər, bina çökdü, dağıldı. Üstəlik torpağımın məndən geri satın alınması barədə Nazirlər Kabinetinin qərarı da yoxdur. İmkan versinlər tikintimi aparım, nə vaxt belə bir qərar olsa kompensasiyamı ödəsinlər mən də gedim o pulla sahibkarlıq fəaliyyətimi başqa obyekt alıb davam etdirim. Nə tikintiyə icazə verilər, nə də kompensasiyamı ödəyirlər».
XS
SM
MD
LG