Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18
Bu ilin mart ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,4%-ni və ya 4 661,7 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, qadınların 58,8%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 24 uşaq gətirir. Ötən il doğulmuş 176,1 min körpənin 46,2%-ni qızlar təşkil edib.

«Hazırda ölkədə 25 doğum evi, 214 qadın məsləhətxanası, 258 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,2 yaşa bərabərdir», - deyə Komitədən bildirilib.

Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5%-dir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76%-i, orta ixtisas təhsil müəssisələrində 73%-i, ali təhsil müəssisələrində 48%-i, həkimlərin isə 63%-i qadınlardır.

Ümumtəhsil məktəblərində şagirdlərin 46%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66%-i, ali təhsil müəssisələrinin tələbələrinin isə 47%-i qızlardır.

Eyni zamanda doktorantların 35,1%-ni, bütün elmi işçilərin isə 55,3%-ni qadınlar təşkil edir: «Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 31,7%, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 14% artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır».

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3%, sahibkarlar arasında isə 16,2%-dir. Ölkə idmançılarının 28%-ni qadınlar təşkil edir.

«Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16%-ə çatıb», - deyə Komitədən bildirilib.

Komitədən həmçinin qeyd olunub ki, son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4 194 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1% olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib.

«Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2 285 nəfər olduğu halda, 2011-ci ildə 6 445 nəfərə çatıb.
Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edir», - deyə Komitədən əlavə olunub.
XS
SM
MD
LG