Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:19

Vaqif İbrahimoğlu. Daha “Hürriyet”dəki kimi adımı xoreoqraf qoymazdılar...


Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ

(Sovet teatr rejissorunun Türkiyə gündəliyi)

ƏVVƏLİ

2 fevral, çərşənbə. 1985-ci il

Bu gün indiyədək gördüyüm işlərin hamısına baxmağı qərara aldım və... hələ görəcəyim işlərdən dəhşətə gəldim!!! Prinsipcə, Kəriman xanımdan başqa hamısı, olsa-olsa, yamsılayır. Axı aktyor deyil, zavallılar...

Birinci pərdədə bu başıboş Cümhur elə hey mənə sarı boylanır, üzr diləyir və yenə hər şeyi bir-birinə qatırdı. Mən hələ onun hərəkətindən, psixologiyasından (!) yox, çox adi şeylərdən – haraya gedib harada dayanmasından danışıram.

İkinci pərdədə Kəriman oyunun nəbzini tutdu, amma Gizəm onu əngəlləyirdi. Çünki xəstə idi, həm də səsi güclə çıxırdı. Cahid azacıq irəliləyib, ortada sönük görünsə də, sonluqda dözüləsi oyun sərgilədi. Nuran deyəcəklərini unutmuşdu, daha doğrusu, əvvəl hərəkət edib, sonra söyləyəcəklərini yada salırdı. Halə səhnədə özünə qapılır, bir şey ifadə etməyən baxışları var, replikalara diksinir və həmən ibtidai sinif əlaçıları kimi dırıldamağa başlayır. Xor çalışır və yola verir, ancaq sözləri bilmirlər və pis oxuyurlar.

Üçüncü pərdə çox yaxşı başlandı. Halə oyunun havasına uyğunlaşdı, Kəriman yüksək səviyyədəydi. Cahid və Bülənd öz səhnələrini çəkingən oynadılar, elə suflyoru eşitməyə

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

köklənmişdilər. Telliylə Asyanın rəqsindən dəhşətə gəldim, Tufanı da ürəyimdə lənətlədim...

/... İndicə Gizəm zəng etmişdi. Deyir ki, mənim nömrəmi tapınca azı 10 otellə danışıb. İkinci ifaçıların oynamasını yasaqlamağımı xahiş edir, çünki mən gedəndən sonra onun başını yeməyə başlayacaqlarına əmindir. Düzü, mat qaldım ki, “sən bunları hardan bilirsən?”. Məlum oldu ki, paltarını dəyişərkən pərdənin arxasından eşidib. Ehtiyatlı davranmaq lazımdır, yoxsa bir-birini yeyəcəklər.../

... Məşqdən sonra hamını zala yığıb iradlarımı bildirdim və tələb etdim ki, saat 9.45-də işə gəlsinlər ki, guya düz saat 10-da “prova”ları başladım. Bir göz qırpımında yoxa çıxdılar...

Fasilədə studiyaya gedərək təbii səsləri dinlədim, bülbül cəh-cəhiylə ürək döyüntüsünü yararsız saydım və Alevə baş çəkdim. “Konuştuk”, adama “bir bardak” (stəkan) çay içdik və Dövlət Teatrları İdarəsinə yollandıq. Orada danışıb-sözləşdik ki, mənə bütün tamaşalara baxmaq üçün buraxılış vərəqi versinlər.

İkinci məşq haradasa aşağıda yerləşən “Prova Salonu”nda keçirdi. Bir az “yoğurub-yapandan” sonra 4-cü pərdənin 2-ci yarısını paylaşdırdım. Ara-fasilə vermədən hamını tərlətdim və tamaşaçılara sayqı təzimlərinədək hər şeyi hazırladım. Başqalarını deyə bilmərəm, amma özüm bəyəndim. Final bölümünün musiqisi yox idi, çünki Əhəd gecikmişdi (bir neçə konsert vermiş sovet pianoçusu Nasedkini yola salırmış...) . Bununla belə, başdan-ayağa məşq etdirdim. Hərçənd, nə önəmi var ki – sabah (Vaqif İbrahimoğlu rusca mətndə “yarın” sözünü işlədib – Z.M.) hər şeyi unudacaqlar...

Məşqdən sonra Halə və Gizəmi saxladım və çox ədəbli şəkildə Tufana eyham vurdum ki, onların oynadığı rəqs elə də yaxşı deyil. İşarəni o dəqiqə anlayan Tufan rəqsin göstərilməsini rica etdi. Oyuna baxaraq sərsəm fikirlərimə görə hamının önündə üzr istədim, çünki rəqs, doğrudan da, xoşagəlimli və ağıllı qurulmuşdu. Onu bir az da yoğurub-yapdıq və başımız qarışdığından 1 saat artıq çalışdıq (“Dans provası” zamanı teatrlara buraxılış vərəqini gətirdilər).

Fasilədə bir rejissor, aktyor və dramaturqla tanış oldum (Adının yerinə 3 nöqtə işarəsi qoyulub – Z.M.). Az öncə Polşadan qayıdıb və indi Gelmanın “Hamı ilə üz-üzə” əsərini işləməyə başlayacaq. Görüşüb-danışmağı qərara aldıq. Ö öz pyeslərini də gətirməyə söz verdi.

İlk məşqə ustad rejissor Cüneyit Gohcar (Müəllif bəzən soy adların; yanlış da yaza bilər – Z.M.) da gəlmişdi (“Bohemlər” və “Kral Lir” tamaşalarının quruluşçusu). Az-maz danışdıq. Replikalarda mənə yardımçı olacağını vəd edərkən, minnətdarlığımı bildirdim. O, məni anladı...

Axşam məşqinin ardından otelə baş çəkərək çimdim və üzümü qırxıb paltarımı dəyişəndən sonra “Dolar Beygiri” tamaşasına baxmaq üçün “Küçük Tiyatro”ya getdim (təxminən “Çarxın köləsi” də demək olar – söhbət gözübağlı bir eşşəyin bostanları suvarmaqdan ötrü bir çarxı fırlatmağından gedir. Amma bu barədə daha sonra...).

“Küçük Tiyatro” yanaşıdır, iki addım o yanda burulunca, “Oda Tiyatrosu”na çatırsan. 300 yerlik parteri, eyvanı, orta ölçülərdə səhnəsi, şəbəkəli gümbəzi və şüşəbəndi var. Foyedə qızılı hərflərlə Atatürkün bu sözləri yazılıb: “Tiyatro bir milletin kültür seviyesinin aynasıdır”. Daha aşağıda teatrı quranların (1947-ci il) xatirə lövhəsi diqqət çəkir. Publika, hər yerdə olduğu kimi, üst geyimində əyləşib. Adamların az bir qismi paltosunu paltarasılana verib (o cümlədən mən, çünki “birdən üst geyimdə oturmağa pul istərlər?!” – deyə düşündüm). Sıra nömrələrini literlərə görə müəyyənləşdirirlər (a, b ,c və s.). Parterdə cəmi 16 sıra saydım. Yerlər də anlaşılmaz sistemlə nömrələnib. Mən birinci sırada (a-da) 10-cu yerdə otursam da, yanımda 6 və 12-ci yerlər idi (?).

Tamaşanın (pyesin) özü Eduardo de Filippo və Artur Millerin Türkiyə variantı idi.
Süjet: Avropadan qayıdan bir tacir arvadına, qaynanasına, oğluna və qızına pal-paltar gətirir. Onlar paşa olan əri öləndən sonra dul qalmış qaynannın köhnə evində yaşayırlar.
Zeynal Məmmədli

Zeynal Məmmədli

Oğul – qərbçi, qaynana – dindar müsəlmandır. Qız ərə getməyə, arvadı zəngin olmağa can atır. Mahir sövdəgər, yəni həmin tacir deyir ki, o, etibarnamədən yararlanaraq, evin sökülməsi və yerində turist otelinin tikilməsi üçün bağlaşma imzalayıb. Bu fakta reaksiyalar mənəvi və digər dəyərlərə personajların gerçək münasibətini üzə çıxarır; oğul çox sevinir, qaynana bunu faciəyə çevirir, arvadı – xoşbəxtdir, qız – tərəddüd edir, gələcək kürəkəni bunu qəddar davranış sayıb pisləyir. Sonra məlum olur ki, bütün bunlar elə-belə söylənib və ata əmək haqqında monoloq deyərək, qızını və kürəkənini çarxın anlamsız dönüşlərinə (“dollar”a) bel bağlamaqdansa çalışmağa səsləyir... Düz hədəfə dəyən xeyli replika vardı. Məsələn: ana qəzet oxuyur – “Sovetlər və Birləşmiş Ştatlar danışıqlara başlayıblar... A! Danışıb-danışıb, axırda yenə dalaşacaqlar...”. Ata: “Çarxı hərlədən eşşəyin gözünü o üzdən bağlayırlar ki, düz yolla getdiyini sansın. Mən çarxı açıq gözlə hərlətsəm də, yenə harada olduğumu anlaya bilmirəm...”. Plastik, çevik və improvizəli oyunuyla oğulu (Turqay) və əlbəttə -- atanı alqışlara boğurdular.

Təmiz, məişət gerçəkləri və rekvizitləriylə dop-dolu bir tamaşadır. Psixoloji baxımdan düzgün, parlaq və şən oynayırlar. Amma-ancaq-lakin mənə elə gəlir ki, bir teatr olayı sayılması üçün “çindriko”ya ehtiyacı var. Neokonservatizmdən

3 yanvar, cümə axşamı. 1985-ci il

Bu gün səhər məşqində bir az kefim duruldu. Niyəsini açıqlayım: Hamı saat 9.45-də gəlib paltarlarını geyindi. Düz saat 10-da hər kəsi zala çağırıb göstərişlərimi verdim, məşqə köklədim və səhnəyə göndərdim. İlhan bəy xəbərdar etdi ki, saat 12.45-də baş direktor dərslərini vermək üçün aktyorları yanına çağırıb. Məndən də hansı şikayətimin olduğunu soruşanda – “Elə bir şikayətim yoxdur” – dedim, amma zalın həndəvərindəki səs-küydən (burada qapıdan deyil, pərdələrdən yararlanırlar), kənar adamların gəlişindən rahatsızlığımı bildirdim. Vəssalam.

Məşqə davam etdim: birinci hissə (23 dəq.) yaxşı keçdi. İkincisi yaxşı başladı, bir az Gizəm korladı. Cahid ayrı-ayrı yerlərdə yaxşı görünsə də, bütövlükdə axsatdı. Bütün hallarda artıq ümumi görüntü oluşmağa başlamışdı (45 dəq.).

Fasilədə Hüsünün (Hüsaməddin bəyin – Z.M.) yanına çağrıldım. Eynən İlhanın dediklərini təkrar etdi. Mən də eyni cavabı verdim.

Üçüncü hissəni Cahid korladı – mətni qarışdırdı, sönük oynadı. Mən üstünə qışqıranda, özünü tamam itirdi və oyunu bir təhər sona çatdırdı (39 dəq.). Saat 12.45 olduğundan onları “dərslərini almağa” göndərdim.

Fasilədə Alevə baş çəkdim; Əhəd ordaydı. Ardından Tufan da gəldi və xeyli xoş söhbətimiz oldu. Sonra sağollaşıb Əhədlə orkestr “kantin”ində səndviç yeməyə getdik. Orada o, mənə “Milliyet”də Nazim (maestro Nazim Rzayev – Z.M.) haqqında çıxan məqaləni göstərdi: “Eğer orkestro şefi (dirijor – Z.M.) bir başkası olsaydı, sonuc böyle olamazdı”. Bu məsələni pisləyib çək-çevir etdik: o, kameraçı (Nazim Rzayevin kamera orkestri dirijoru olması nəzərdə tutulur – Z.M.) olduğundan, deyəsən, orkestrantlar ondan narazıdırlar.

Saat 15.00-da “Prova Salonu”ndaydım. Hamı mağmın-mağmın yerini tutmuşdu. Səhər məşqinin yekunlarını müzakirəyə çıxarıb, iradlarımı bildirdim və dərhal düzəlişlər etdim.
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Ardından nisbətən “çirkli” parçaları təmizləməyə başladım. Bütün bunları şən ovqat aşılayaraq, sıxıntı yaratmadan etməyə çalışdım. Gülüşür və yerinə yetirirdilər. İki abırlı səhnə alındı -- Süleymanın elçiliyi və Soltan bəyin məsələni Gülçöhrəyə açıqlaması. Sonra İzzətlə Gizəm yanaşaraq rəqslərini göstərdilər: Tayfunun bu rəqsi necə oynaq və yapışıqlı-qamaşıqlı qurmasından ləzzət aldım! Halal olsun! Elə əvvəldən onu versəydilər, hər şey daha tez və daha keyfiyyətli olardı. Daha “Hürriyet”dəki kimi adımı xoreoqraf qoymazdılar...

Məşqdən sonra Hüsünün yanına endik (və ya qalxdıq! Hər halda qalxdıq, çünki “Prova Salonu” zirzəmidə, Hüsaməddin bəyin kabineti yarımzirzəmidə yerləşir). O, gəlişigözəl beş-on sözün ardından, böyük sirr olaraq söylədi ki, tamaşanı 23 ocağa (23 yanvara) keçiriblər. Cıqqılı da olsa, xoş xəbər idi... Birgə cədvəl tutduq və sonra Əhədlə oradan ayrıldıq...

Oteldə Camalla Attila gözləyirdilər. Attila Zeynəb Xanlarovaya hamilik edən Səlcuqun (Selçuk) qardaşı idi. Rəcəbgilə gedib çay içdik və ardından Camalın əmisi oğlunun maşınına minib bir restorana yollandıq. Onlar “Rakı” içir, doyunca yeyirdilər, amma mən özümə sadiq qalaraq az yeyir və “Rakı” da içmirdim. Daha çox musiqidən söz açdıq və belə anladım ki, musiqi onlardan ötrü millətin göbəkkəsməsidir. Çoxlarını tanıyır, çoxlarını bilir və yeni adlardan danışanda acgözlüklə dinləyirlər. İki xörəkpaylayan (ikisi də azərbaycanlı!) söhbətimizə qulaq verirdi. Rəcəb Əhədə (qarabağlılar...), Camal da mənə qəmiş olmuşdu. Beləcə, düz 4 saatı yola verdik!! Düzünü deyəcəyəm: nə yaxşı ki, onların menüsündə həmişə göy-göyərti, salat, təzə tərəvəz və meyvə var, yoxsa dadlı gəlmədiyi üçün heç nəyi dilimə də vurmazdım. Bax indinin özündə də yenə dodaqlarım və ağzımın içi yanır...

... Alev mənə opera haqqında bukletlər bağışlayıb. Dövlət Teatrları İdarəsindən bu ilin bütün tamaşalarının proqramlarını göndəriblər. Dünən tanış olduğum rejissora gəlincə, o, hələ öz “Karacaoğlan” pyesini mənə oxumayıb. Daha doğrusu, gərək xahiş edəm ki, kimsə o pyesi oxuyub mənə tərcümə etsin.

Birdən-birə külək vıyıldamağa başladı. Hava korlandı. Səhər gözəl hava vardı, günəşli bir türk günü adamın üzünə gülürdü. Hava Bakıdakına bənzəyir. Çalışıram ki, teatrda svitersiz ötüşüm, çünki buradan çıxınca üşüyürəm. Oteldə yenə üşürgələnirsən.

Bu günlər bizim qəzetlərin birini də oxumadığımdan onları arzulayıram. Rus dilində qəzet oxumaq üçün sinov gedirəm. Səfirliyə demək lazımdır...

(ARDI VAR)

Günün bütün mövzuları

XS
SM
MD
LG