-
Martın 5-də Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına qoşulan ölkələrin xarici işlər nazirləri Çex Respublikasının paytaxtı Praqada görüşüblər. Görüşdən sonra keçirilən mətbuat konfransında Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Stefan Füle isə bildirir ki, bugünkü toplantıda Qarabağ münaqişəsinin həlli yolları ayrıca müzakirə edilməyib.
Əsas müzakirə mövzusu Şərq Tərəfdaşlığı Proqramı olub ki, həmin proqram da onun fikrincə, Qarabağ münaqişəsinin həlli istiqamətində də yeni yollar açır: “İkinci əsas
məsələ, tərəflər arasında etimadın möhkəmləndirilməsidir. Biz əvvəllər də bəyan etmişik ki, əgər tərəflər hər hansı razılıq əldə edərlərsə, biz həmin razılaşmanın icrasında iştirak edə bilərik.”
Mətbuat konfransında Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton AzadlıqRadiosunun Azərbaycanda siyasi məhbuslarla bağlı sualına cavab verib.
“Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına qoşulandan bu yana ölkədə siyasi məhbuslarla bağlı vəziyyətdə hər hansı irəliləyişlər görürsüzmü?” sualını Catherine Ashton ümumi diplomatik ifadələrlə cavablandırıb:
“Azərbaycan da daxil olmaqla əməkdaşlıq etdiyimiz bütün ölkələrdə çalışdığımız odur
ki, vətəndaşlarla davranış həmin ölkələrin ədalət sistemi çərçivəsində olsun. Ayrıca hansısa konkret hallara toxunmadan deyə bilərəm ki, biz islahatların aparılması üçün əməkdaşlıq etdiyimiz ölkələrdən qanunun aliliyinin təmin olunmasını, bunun açıq və effektiv şəkildə bütün ittiham olunanlara şamil olunmasını gözləyirik. İnsanlar üzərində məhkəmə prosesləri həm də Avropa Birliyi Şərq Tərəfdaşlığı standartlarına uyğun şəkildə aparılmalıdır.”
Bugünkü toplantıda Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri də iştirak ediblər, amma onlar mətbuat konfransına qatılmamışdılar.
Avropa Birliyinin şərq qonşuları – 6 keçmiş sovet respublikası ilə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutan Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildə qəbul edilib. Proqrama Azərbaycan, Ermənistan və Gürcüstan da daxildir.