Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48
Son 1 ildə Azərbaycanda biznes mühiti ümumilikdə bir qədər yaxşılaşıb.

Bunu özünün son hesabatında Dünya Bankı bildirir.

“Doing business” göstəricisinə görə, Azərbaycan dünya ölkələrinin reytinqində ötən illə müqayisədə 3 pillə irəliləyib.

69-cu yerdən 66-cı yerə qalxıb.

Hesabat dünyanın 183 ölkəsini əhatə edir.

Hesabata görə, Azərbaycan bu məsələdə hətta Türkiyəni də, Avropa Birliyinin üzvü olan Rumıniyanı da, qonşu Rusiyanı da qabaqlayır.

Reytinq cədvəlində Türkiyə 71-ci, Rumıniya 72-ci, Rusiya isə 120-cidir.

Hesabata görə, Azərbaycanda biznesin açılması asandır. Azərbaycan bu göstəriciyə görə 183 ölkə arasında 18-cidir.

Şirkət açmaq üçün 6 prosedurdan keçmək tələb olunur və bu, 8 gün çəkə bilər

Sərmayəçilərin müdafiəsi göstəricisi də yetərincə yüksək sayıla bilər – 24-cü yer.

Hesabata görə, kredit almaq da elə də çətin sayılmır – Azərbaycan bu məsələdə 183 ölkə arasında 48-cidir.

Amma Azərbaycanda sərhəddən mal keçirməklə alver etmək müşkül işdir. Bu baxımdan Azərbaycan dünyada ən problemli yerlərdən biridir. 183 ölkə arasında 170-cidir.

Tikintiyə icazə alınması ilə bağlı vəziyyət ondan da bərbaddır – 172-ci yer.

Bunun üçün prosedurların sayı 30-dur, prosesin özü isə 7 aydan çox çəkə bilər.

Hesabatda deyilir ki, tikinti sahəsinin tənzimlənməsi ictimai təhlükəsizlik üçün vacibdir.

Bundan başqa tikinti hər bir ölkənin iqtisadiyyatında mühüm rol oynadığı üçün həmin sahədə aşırı gərginliyin yaranması da yaxşı hal deyil.

Tikinti icazəsinin alınması çox çətin və bahalı prosedur olanda

isə bir çox şirkətlər bundan vaz keçir.

“Yaxud da onlar rüşvət verə, ya da qanunsuz tikintiyə başlaya bilərlər. Bu isə təhlükəli tikintilərə yol açmaqla ictimai təhlükısizliyi risk altında qoya bilər”.


Rövşən Ağayev

Rövşən Ağayev

Azərbaycanda biznes sahəsində ən pis göstərici isə elektrik təminatı, işıq çəkdirilməsi ilə bağlıdır – 173-cü yer. Bu prosedurlar 8 ay vaxt apara bilər.

Amma ümumlikdə Azərbaycanın “Doing business” hesabatındakı yerini, son illərdə reytinqdə irəliləməsini yerli rəsmilər yüksək qiymətləndirir və bunu ölkədə aparılan iqtisadi islahatların bəhrə verməsi kimi təqdim edirlər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzindən Rövşən Ağayevsə bildirir ki, Dünya Bankının hesabatının hazırlanması prinsiplərini qənaətbəxş saymır.

Onun firincə, biznes mühitinə qiymət vermək üçün daha geniş spektrdə məsələlər nəzərə alınmalıdır:

“Düzdür, hökumət deyir ki, biznes açmaq üçün “Vahid pəncərə” sistemi tətbiq edib, qeydiyyat asanlaşıb. Amma sahibkarların problemləri o vahid pəncərədən çox uzaqlaşmamış başlayır. Bizim təşkilat indi biznesin müxtəli sahələri, o cümlədən zeytun, balıq istehsalı ilə bağlı tədqiqatlar aparırıq. Elə faktlarla qarşılaşırıq ki, biznesin açılması ilə bağlı prosedurların sadəliyi əhəmiyyətini itirir. Kimsə şirkəti üçün torpaq almaq istəyirsə, maneələrlə üzləşir, torpağı ala bilirsə, orada müəssisə tikmək müşkülə çevrilir...”

Rövşən Ağayev deyir ki, ölkədə istər kreditlərə əlçatanlıq, istərsə də kredit faizlərinin sahibkarlara nə dərəcədə sərf etməsi baxımından problemlər var. Böyük oliqarx qrupları ilə bağlı olmayan sahibkarların sərfəli kredit alması praktiki olaraq mümkün deyil.

Dünya Bankının “Doing business” hesabatında istər Ermənistan, İstərsə də Gürcüstan Azərbaycandan irəlidədir. Ermənistan 55-ci, Gürcüstan isə 16-cıdır.

Şərhləri göstər

XS
SM
MD
LG