Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Əhmədlidə sürüşmə zonasından köçürülənlər harda qalır? [VİDEO]


Əhmədlidə sürüşmə zonasında nələr baş verir
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00
Direct-ə keçid

Əhmədlidə sürüşmə zonasında nələr baş verir

Bakının Xətai rayonunda General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı ərazidə sürüşməyə görə sakinlər evlərindən çıxarılıb. Rəsmi açıqlamaya görə, təhlükəli ərazidə yerləşən 2 binanın bir qrup sakini mehmanxanalara köçürülüb.

Mehmanxanaya köçürülməyənlərdənsə bəziləri avtomobillərində, bəziləri də qohumlarında gecələdiklərini deyirlər.

KİM QABAĞA DÜŞÜBSƏ, ONU YERLƏŞDİRİBLƏR

Bina sakinlərindən Camal Həsənov deyir ki, otellərə köçürmə zamanı hər hansı kriteriya olmayıb: «Kim qabağa düşübsə, onu da yerləşdiriblər»:

«Bizim qonşu gedib bizdən qabaq. Deyir, apardılar şəhərə, yer yox idi. İcra Hakimiyyəti zəng elədi, Razinə apardılar. İdman Kompleksində yerləşdirdilər. Hara gedim? Xəstə adamam, qıçım qırıq. 250 ailə var burda. Hər evdə eləsi var 8 nəfər yaşayır, hara aparsın 8 nəfəri?»

Sürüşmə baş verən yaşayış massivinə avtomobillər buraxılmır. Ərazi lentlə ayrılıb və polis nəzarəti altındadır. Təkcə ərazi yox, elə sakinlər də. Onlar mənzillərinə polis müşayiəti ilə baş çəkirlər. Hətta müsahibə vaxtı sakinlərin dediklərinə də müdaxilə edirdilər. Məsələn, hərbi geyimli şəxslər adını belə soruşmağa macal tapmadığım bu sakinin sözünü kəsərək uzaqlaşdırdılar:

«OTEL KARTIMI ƏLİMDƏN ALIBLAR»

«Hamı başını itirib. Mənim ailəmin yarısı bacımgildədir, qırxlı uşağım var. Özüm də srağagün maşında qalmışdım, dünən də otelə yerləşdirmişdilər, bu gün otel kartını məndən götürüblər. Əşyalarımız evdədir. Bu gün evə köçürülməliyik...»

Mehmanxanalara yerləşdirilən ailələr şikayət edirlər ki, bu sevincləri elə bircə gecə çəkib. 10 nəfər ailə üzvü olan Şəkər Quliyeva deyir ki, uşaqları, nəvələri pərən-pərən düşüb:

«Tökmüşük qohumun evinə. Məni və oğlumu dünən dava-qırğınla otelə yerləşdiriblər. Bu gün səhər də otelin kartınmı əlimizdən aldılar ki, 1 günlük veriblər. Bəs biz harda qalmalıyıq? Nə etməliyik?»

«Məlumat yayıblar ki, bağçada, oteldə yer veriblər bizə. Harda veriblər? Maşında yatırıq 3 gündür».

ZİRZƏMİNİ TƏMİZLƏMƏYƏ BAŞLAYIBLAR

Bir qədər aralıda yerləşən binaların sakinləri də narahatdırlar: bu sürüşmə onların evlərinə də təsir edəcəkmi? Zülfüqar Məmmədov deyir ki, sürüşməyə 2 il əvvəl tikilmiş hündürmərtəbəli binaların təsiri də az olmayıb:

«Bu binanın çox təsiri var orda sürüşmə olmağına. Bizim binanın zirzəmisinə isə 4-5 ildir su dolurdu. Həmin su sızırdı yerin altıyla gedirdi sürüşmə olan əraziyə. İndi qərar verdilər, zirzəmini təmizləməyə başlayıblar. Axı indi gecdir... Vaxtında buranın suyunu dəyişsələr, borularını düzəltsələr, heç vaxt orda sürüşmə olmazdı».

TEXNOGEN SULAR-SÜRÜŞMƏNİN SƏBƏBİ

Martın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin açıqlamasına görə, ətrafdakı binalar üçün təhlükə yoxdur:

«Sürüşməni yaradan əsas amil əraziyə daxil olan təbii və texnogen sulardır. Yuxarıda gedən tikinti işlərinin də sürüşməyə təsir göstərmə imkanı yoxdur».

Sakinlərə hələ də binadan köçürülüb-köçürülməyəcəkləri barədə məlumat verilmir. Şəfəq Cavadovanın dediyinə görəsə, bundan sonra bu binalarda yaşamaq mümkün deyil:

«Bu binaları düzəltmək mümkün deyil. Göz görə-görə bina arxası üstə gedir. Uçanda biz neyləyəcəyik? 94-cü ildə olub belə bir hadisə. Onun üstünü heç açmadılar da».

Günün sonunda isə sürüşmə təhlükəsi ilə əlaqədar köçürülən sakinlərin evlərinə qayıtmasına qərar verilib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, sürüşmə zonasında olan qrunt suyu son 2 gündə 2 metrədək azalıb. Onun sözlərinə görə, yaşayış binalarına elektrik enerjisi və suyun verilişi bu gündən bərpa olunacaq. Binalara təbii qaz isə sakinlər evlərinə tam yerləşəndən sonra veriləcək.

İcra başçısı ərazidə yeni tikilmiş 3 fərdi yaşayış evindən 2-nin söküləcəyini açıqlayıb. İlkin ehtimala görə, sürüşməyə səbəb olan amillərdən biri də həmin evlərdir.
XS
SM
MD
LG