Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Fermerlər xaricdən alınan cins mal-qaranın səmərəsindən danışırlar


Son 3 il ərzində ölkəyə 2879 cins mal-qara gətirilib. İnəklərin Avropadan idxalını artırmaq məqsədi ilə bu il Kənd Təsərrüfatı Nazirliyi 10 milyon manat vəsait ayırıb. Fermerlər də cins inəklərin yerli inəklərdən dəfələrlə çox süd verməsindən, məhsuldar olmasından danışırlar. Samux rayonundakı «Ruzi» fermer təsərrüfatının rəhbəri Tərbiyə Yusifova deyir ki, fermasında olan cins inəklərin sayını 68-ə çatdırıb. Onlardan 48-i baladır:

«İSTƏR ƏTDƏ, İSTƏR DƏ SÜDDƏ YÜKSƏK MƏHSULDARLIQ OLUR»

«Yerli inəklərlə müqayisədə Almaniyadan idxal olunmuş cins mal-qaranın məhsuldarlığında böyük fərq var. İstər ətdə, istər də süddə yüksək məhsuldarlıq olur. İlk dəfə 20 baş cins inək aldıq. Hazırda 68 baş inək var. 48 baş bala almışıq».

Fermer Tərbiyə Yusifova deyir ki, imkanı çatsa, inəklərin sayını 100-ə çatdırıb kompleks ferma yaratmaq istəyər. Dövlətin bu sahədə fermerə etdiyi güzəştdən də narazı deyil. 35 ildir ki, təsərrüfatla məşğul olan fermer emal sahələrinin olmamasını başlıca problem hesab edir. Deyir ki, günə 35 litr süd verən inəklərdən əldə olan məhsulların hamısının pərakəndə satışı mümkün olmur. Emal müəssisələri olmadığından məhsullar xarab olur:

«BÖLGƏDƏ SÜD QITLIĞI DA VAR, EMAL SEXLƏRİNƏ EHTİYAC DA»

«Ən başlıcası süddür. Respublikamızda südün alışı çox ucuzdur. Südün satış qiyməti çox aşağıdır. Xərci ilə ayaqlaşmır. Yaxşı olardı ki, emal sexlərimiz açılardı. Məhsulu süd şəklində yox, qatıq, qaymaq, xama kimi satardıq. Bununla da fermer kimi mənfəətimizi artıra bilərdik. Artıq biz 7-8 litr süd verən inəkdən 35 litr süd verən inəyə keçdik. Bizim emal sexlərimiz də olsa, ikitərəfli qazanarıq. Bölgədə süd qıtlığı da var, emal sexlərinə ehtiyac da. Fermerin mal-qara ilə yanaşı, emal sexi də olmalıdır. Satış yeri olmalıdır. İnəklər 35 litr süd verir

İnəklər 35 litr süd verir

Emal sexi yoxdur deyə, sağılan süd əldə qalır».

Fermer Tərbiyə Yusifova deyir ki, pərakəndə satışla bunun öhdəsindən gəlmək olmaz. Onun deməsinə görə, süddən primitiv üsulla ev şəraitində pendir hazırlayırlar

Fermerlərin əsas problemlərinin məhsulu əldə edəndən sonra başladığını deyən Tərbiyə Yusifova həmçinin qeyd edir ki, onların kooperasiyalarda birləşməsi çox vacibdir:

«KOOPERASİYALAR YARATMALIYIQ»

«Biz ixtisaslaşmalıyıq. Heyvandarlıqda bir qisim adam işləməlidir. Bitkiçilikdə bir qisim adam. Bu pərakəndəliyi ləğv etməliyik. Kooperasiyalar yaratmalıyıq. Orada yüksək məhsul əldə edək. Biz tam fermer deyilik».

«Aqrolizinq» Səhmdar Cəmiyyətində şöbə müdiri Kamil Şamilov isə deyir ki, mal-qaranın gətirilməsi zərurəti fermerlərin təklifi ilə yaranıb. Onun dediyinə görə, fermerlərdən 5000 baş cins mal-qaranın gətirilməsi ilə bağlı sifariş alıblar:

«2011-ci ildə nəzərdə tutulmuş 1600 baş damazlıq heyvandan 1205-i idxal olunub. 400-ü də martda gətiriləcək. İndiyədək respublikaya 2875 cins heyvan gətirilib. Ondan 468-i «Simmental» növ, 380 başı «braun Swiss», 2002 başı «qara-ala» cinsidir».

Kamil Şamilov deyir ki, gətirilən mal-qaranın hər biri 480 kiloqramdan 550 kiloqramadək çəkidə olur. Orta rəqəmlə 1 inəyin qiyməti 3200-3500 manat dəyərindədir.

TƏLƏF OLAN CİNS İNƏKLƏR...

«Aqrolizinq»in rəsmi açıqlamasında da bildirilir ki, indiyədək Azərbaycana gətirilən cins inəklərdən 100 başı tələf olub. Foto: Arxiv

Foto: Arxiv

Kamil Şamilov bunu əsasən fermerlərin təcrübəsizliyi ilə əlaqələndirir.

Tərbiyə Yusifova isə deyir ki, «Aqrolizinq» tərəfindən peyvənd edilən və karantin müddəti bitəndən sonra aldığı mal-qarada indiyədək tələfat olmayıb. Fermer bunu özünün 35 illik təcrübəsi ilə də əlaqələndirir.

Hazırda Samux rayonuna verilən mal-qara əsasən «Simmental» növdür. Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işçisi Vüsal Mirzəyev inəklərin tələfatını məhz cinslərin əraziyə uyğun paylanılmaması ilə əlaqələndirir:

«Mal-qaraların ərazi bölgüsü çox vacibdir. «Qara-ala» inək növləri əsasən Abşeron zonasına, «Simmental» növ Aran bölgəsinə, Gəncə-Qazax zonasına isə «İsveç» cinslər daha uyğundur».

ŞƏFFAFLIQ OLMAYANDA...

İqtisadçı ekspert Vahid Məhərrəmov isə deyir ki, cins mal-qaranın gətirilməsində şəffaflıq da yoxdur. Onun deməsinə görə, bu zaman tender elan olunmur, «Aqrolizinq» Səhmdar Cəmiyyəti özü istədiyi və marağında olduğu təşkilatla müqavilə bağlayır:

«Tender elan olunmur. Ancaq tenderi udan olur. Bu necə baş verir? Kütləvi informasiya vasitələri belə xəbərləri əldə etməli və təşkilatlar bu tenderə qoşulmalıdır. Təəssüflər olsun ki bu, baş vermir. «Aqrolizinq»ə tanış olan, əlaqə qurduqları şirkətlər tenderi udur, nədənsə. Azərbaycana gətirilən cins inəklərdən 100 başı tələf olub

Azərbaycana gətirilən cins inəklərdən 100 başı tələf olub

​Şəffaflıq olmayanda, araşdırma aparmaq da çətin olur. Türkiyədə eyni istehsal potensialına malik inəkləri 1500-3000 manata almaq mümkündür. Ancaq Almaniyadan, Avstriyadan alınan inəklərin qiyməti 3500-dən yuxarı, 2 dəfə bahadır. «Aqrolizinq» istəyirsə ki, fermerlər qazansın, Türkiyədən də ala bilərlər. Türkiyə həm də iqlim baxımdan bizə daha yaxındır».

«Aqrolizinq» rəsmisi Kamil Şamilov isə bu prosesdə şəffaflığın olmaması ilə bağlı deyilənləri inkar edir. Deyir ki, hər dəfə dövlət qəzetində tender elan edilir və 40 gün sonra mal qaranın alınması işlərinə başlanır. O ki, qaldı mal-qaranın qiymətləndirilməsinə, Kamil Şamilov deyir ki, mal-qaranın çəkisinə uyğun qiymətləndirmə aparılır.

Damazlıq heyvanların idxalına 2009-cu ildən başlanılıb. Bu il də 3000-dən çox cins mal-qaranın gətirilməsi nəzərdə tutulur.

Avropa və Avstraliyadan gətirilən damazlıq heyvanlar sahibkarlara lizinq yolu ilə verilir. Yəni, heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Yerdə qalan 50 faiz pulun yarısını isə fermer nağd ödəyir. Qalan vəsait isə 3 il müddətinə lizinq yolu ilə ödənilir .

Şərhləri göstər

XS
SM
MD
LG