Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:12
Gənc yazar Mirmehdi Ağaoğlunun "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çapdan çıxmış "Küləyi dişləyən" əsərindən parça


12


Saat üçə işləyirdi. Axırıncı siqareti də çəkib qurtarmışdım. Hava küləksiz, sakit idi. Evin işıqları sönmüşdü, təkcə giriş qapısının üstündəki plafon yanırdı.

Yaxınlıqdakı xarabalıqlarda ulayan bayquşlardan başqa hamı yatmışdı. Qəfildən ev tərəfdən qaraltı görünməyə başladı. Generalın gəldiyini düşünüb tez üst-başımı tarazlayaraq məruzə etmək üçün hazır vəziyyətdə dayandım.

Qaraltı yaxınlaşdıqca gələnin general olmadığı hiss edilirdi. Özümü tamam itirdim. Gələn generalın bayaq balkondan mənə paket tullamış qızı idi.

Heç generalı görəndə belə olmurdum. Qız mənə yaxınlaşıb salam verdi, ətrafda adam olub-olmadığını xəbər aldı. Əynində qara idman kostyumu vardı.

İşıq yalnız anbarın qabağını və bir böyrünü işıqlandırdığı üçün bizim durduğumuz yer alaqaranlıq idi, yəqin o da gözə dəyməmək üçün qəsdən qara paltar geyinmişdi.

Onların evləri ilə anbarın arasında xudmani qapısına paslı qıfıl vurulmuş istifadəsiz dam vardı.

Anbarın ətrafına fırlanmağa halım olmayanda həmən damın tinində dayanıb - damın tinindən general evinin küçə qapısı görünürdü - ordan bir kimsənin gəlib - gəlmədiyini pusardım. Qız da dama tərəf gedib, tində dayandı, əllərini cibinə salıb üşüyən adamlar kimi büzüşdü.

- Atagilin yatmağını gözləyirdim, qorxa-qorxa gəlmişəm, tez elə çıxar.

Doğrusu, general qızının ürəkli hərəkəti məni çox qorxudurdu. Allah eləməmiş, görən olsaydı sonra başım ağrıyardı. Cəbhə bölgəsinə köçürərdilər. Atam Bakıdakı bu hərbi hissəyə düşməyimçün o qədər pul xərcləmişdi ki... Yarısını saxladığım buterbrodu cibimdən çıxarıb ona uzatdım. Paketi alıb açdı. Buterbrodu görüb özündən çıxdı.

- Bu nədi?

- Deməmişdin saxla?

- “Ay blin”, siqareti deyirdim, çumo, buterbrodu neyləyirəm ki?

- Mən nə bilim, yazmamışdın axı nəyi saxlayım?

- Eybi yoxdur. Yaxşı siqareti çıxar çəkək. Bura gəlmişəm ki, mənə
siqaret çəkməyi öyrədəsən. Mən də siqaret çəkmək istəyirəm.

Pis vəziyyətdə qalmışdım. Mən axmaq da elə bilirdim ki, qız siqaretləri mənim halıma yanıb veribmiş, haradan biləydim qızın siqaret çəkmək fikrinə düşdüyünü? Qadınların siqaret çəkməyini ancaq TV-də görmüşdüm, bizim kənddə isə yalnız qoca qarılar siqaret çəkirdilər. Mən axı buna necə deyim ki, siqaretin hamısını çəkib qurtarmışam? Başımı aşağı salıb dodaq altı mızıldandım:

- Siqaretləri çəkib qurtarmışam.

- Ürəyimə dammışdı ki, sən xiyar hamısını çəkib qurtaracaqsan. – Bir az susub sonra dilləndi. Qadın xeylağının məni söyməsinə heç dözümüm yoxdu. Bacım məni söyəndə hirslənib özümdən çıxırdım. İndi bir dəfə görməkdən ötrü burnumun ucu göynəyən bacımı eşşək balası kimi çırpardım. General Zeynalovun qızına əl qaldırmaqmı olar, adamın nəslini qayırarlar. Qəzəbimi güclə boğmağa çalışırdım.

- Nə isə, bu gecə siqaret çəkmək batdı. Qoy, mən gedim, bizi görən olmasın. Sabah gecə imkan olsa gələrəm, gərək siqareti də özümlə gətirəm, sənə arxayın olmaq olmaz. Sabah da sən olacaqsan növbədə, hə?

- Yox. Günaşırı çıxıram. Biri gün olacam. Biri gün gecə gəl.

- Okey. Elə edərəm. Sən bu gündəsənsə, o biri səndən də betər olar. Mən tez qaçım evə, görən olmasın.

General qızı qarşımda olanda heç bu qədər həyəcanlanmamışdım.

Daha doğrusu, ondakı həyəcanım qorxudan, indiki həyəcanım isə tamam başqa şeydən idi. O arxasını mənə çevirib evə qaçmağa başlarkən dalına zillənmiş gözlərimdə bir qığılcım parıldadı.

Qarın boşluğumun bir tərəfində oturmuş minlərlə kamançaçalan var qüvvələri ilə kamançalarını cüyüldədirmiş kimi tüklərim biz-biz olur, çiynimdəki avtomatın qayışını möhkəm sıxıb sakitləşməyə çalışırdım.

Pələngim də ani süstlüyümdən sui-istifadə edərək oyanmış, yaşıl əsgər tursikimi parçalamağa hazır vəziyyətdə dayanmışdı.

Seyr etdiyim pornofilmlərin verdiyi fantaziya bolluğu ilə baş rollarını generalın sarı saçlı qızı ilə oynadığımız dəyişik səhnəli bir pornofilm canlandıraraq elə ayaq üstəcə, anbarın ətrafında fırlana-fırlana, pələngi açıb azadlığa buraxmadan, şalvarın üstündəncə sığallaya-sığallaya güc-bəla sakitləşdirə bildim. General qızının fəaliyyəti yetərsiz olanda isə həftə sonları əsgərlərinin görüşünə gələn ənlikli-kirşanlı mamlı-matan qadınların xəyalları dadıma yetdi.

Səhərə qədər cürbəcür xəyallar qurdum. Sabahkı görüşdəki görünüşüm, söhbətlərimiz, siqareti öyrətməyə nədən başlayacağım, siqareti ona necə uzadacağım, kübar bir qadınla davranış qaydaları və s. bu kimi şeylər haqqında bir xeyli fikirləşdim, xəyallar qurdum.

Növbəni təhvil verəndən sonra gözümə yuxu getmədi, bütün günü ilan vurmuş kimi yatağımda o tərəf - bu tərəfə fırlandım. Ömrümdə ilk dəfə sevgi görüşü olmasa belə, bir qızla görüşməyimə nə qədər çox sevinirdimsə, bir o qədər də təlaş keçirdim. Bəs necə, görüşəcəyim qız adi bir qız deyil, general qızı idi axı.

Günün bütün mövzuları

XS
SM
MD
LG