Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:55
.

ELDAR BAXIŞ


Şeirlər


BU TORPAQ

Dərəsi dərə deyil,
10000-100000 ölçülü
qaloşdu,
dağı dağ deyil,
papaqdı;
bu torpaq ki var
ayağımızın altında
bu torpaq zor torpaqdı!
Min ildi,
Milyon ildi,
gözümüzü dikmişik
bu torpaq ki var
ayağımızın altında
bu torpağın ayın-oyununa.
Biz heç,
biz adamıq, -
məni o yandırır ki,
bu torpaq ki var
ayağımızın altında
bu torpaq iti də,
pişiyi də mindirib boynuna.
Allahın iti,
allahın pişiyi
iki yox,
dörd ayağını dirəyib bir
başmağa,
başlayıb
bu torpağın üstündə
yeməyə, içməyə, gəzməyə-
əməlli- başlı yaşamağa.
Toyuğa tolamazdı atırlar, -
toyuğu tutmur,
dəyir bu torpağa.
Ağ atdı
qarnına arpa istəyəndə
ayağını döyür bu torpağa.
Bu torpağın üstündə
Gündoğan Günbatana,
Günbatan Gündoğana
qoşun gedir.
Bu torpağın üstündə
ot bitir,
traktor işləyir,
maşın gedir.
Dərəsi dərə deyil,
10000-100000 ölçülü
qaloşdu,
dağı dağ deyil,
papaqdı;
Torpaq haqqı,
bu torpaq ki, var
ayağımızın altında
bu torpaq
zor torpaqdı!


OĞLU ANDAYIN İTKİSİNƏ YAZDIĞI ŞER

Ay ölüm, ağlama sən də

Gözlərində yaş görməyim.

Didib dağıtma sinəni

Sinən daşdı- daş görməyim.


Sən də bir tale qarğışı

Qapıda dolanma,yaxşı

Düşüb üzüyümün qaşı

üzüyündə qaş görməyim.


Keç içəri... dərd dərində

Dərd mənim can dəftərimdə.

UZAN ANDAYIN YERİNDƏ

MƏN O YERİ O BOŞ GÖRMƏYİM!


MƏHƏMMƏD HADİYƏ

1.

Qərib nar əkər, nar əkər,

Narı nar olmaz, nar olmaz.

Qərib deyər: qərib qızdan

Mənə yar olmaz - yar olmaz:

Sünbülü qıçada qalar,

Buğdası puçada qalar,

Alması taxçada qalar,

qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

dağda qar olmaz - qar olmaz

2.

Tək dedilər - təklədilər,

qanına yeriklədilər.

sonra da dərdini alıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günorta çağında

ağacı elə kəsdilər, -

kölgə bilmədi-bilmədi.

Xallandı gül - butasında.

nər qarnında -qartasında.

bir şairi öldürdülər

bir ölkənin ortasında, -

ölkə bilmədi-bilmədi.


“Ocaq” kitabının müəllifi Zori Balayana məktub

O nədir yazmısan, Zori Balayan,
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.

Böyük budaqların böyük qolu var,
O qolun önündə qol dura bilməz.
Atandan, dədəndən, babandan soruş,
Hər adam hər daşı qaldıra bilməz.

Daş daşa söykənib,qaya qayaya,
Söz şerə bu daşdan,qayadan gəlir,
Azar var, adamın öz azarıdı,
Azar var, toxumdan, mayadan gəlir.

Tamam unutmusan vaxtı,zamanı
Bir də görmüsən ki, iş işdən keçib.
Bu azar tək sənin azarın deyil,
Bu azar hampadan, keşikdən keçib.

Nə isə,
Sənə bir qarmaq atıblar,
Nə isə
Sənə bir yanaşan olub,
Yazıq Araz çayı nə vaxtdan axı,
Erməni dilində danışan olub.

Suyun su dili var,adamın adam,
Tənək yaranıb ki, qora yaranıb.
Adamın ki dili, suyun dilindən,
Küləyin dilindən sonra yaranıb.

Hələ biz doğulub dil açmamışdan,
Ayaq açmamışdan,qol açmamışdan,
Xetlər dənizlərə, Hunlar dağlara,
Şumerlər düzlərə yol açmamışdan.

Ağaclar küləklə danışırdılar,
Arılar çiçəklə danışırdılar,
Durnalar lələklə danışırdılar,
Qartallar fələklə danışırdılar...

...O nədir yazmısan, Zori Balayan,
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.

Böyük budaqları silkələməklə
Könlün istəyəni ala bilməzsən.
Bircə qanadımı bircə çöpümü,
Bircə yarpağımı sala bilməzsən.

Böyüyün dünyada böyük dərdi var,
Xırda gərək dura xırda yerində.
Dəniz gərək dura dəniz yerində,
Ada gərək dura ada yerində.

Dəniz qala-qala dənizliyində,
Adalar döyməyə döşünə gərək.
Heç vaxt qarışmaya xırda budaqlar
Böyük budaqların işinə gərək.
Böyük budaqların böyük işi var,
Bu dünya bu saat od içindədi,
Silah düzəldirlər silah dalınca,
Azot içindədi, yod içindədi.

Bu dünya bu saat hər həftəsinin,
Gününün,ayının dərdini çəkir,
Kökünün, soyunun dərdini çəkir,
Qışının,yayının dərdini çəkir,
Otunun,suyunun dərdini çəkir...
Dünya nə haydadı, sən nə haydasan,
A köhnə palazı sırıyan oğlan.
İrəvan dilində xoruzlanırsan,
Moskva dilində zarıyan oğlan.
Havayı axıtma göz yaşlarını,
Yaş görən adamlar yaşı tanıyır.
Moskva min ilin Moskvasıdır,
Səni də,mənidə yaxşı tanıyır.

Sən Zori Balayan,
Mən Eldar Baxış,
Baxıram eləcə zoğallayırsan,
Keşiş zurna çalır, səndə keşişin,
Qara zurnasını sığallayırsan,

Sığalla,sığalla-qara zurnalar,
Yastı balabanlar yatır sığala.
Deyəsən, bir azca qolun ağrıdı,
Allahın altında kərə yağ ola.

Günah məndədi ki,”Kiçiyim”-deyib,
Durub oynayıram hər havana mən,
Sevan söyləyirəm Göyçə gölünə,
Yerevan deyirəm İrəvana mən.

Qaxdan İrəvana,Qaxdan Qafana
Fındıq göndərirəm, qoz göndərirəm.
Mənim kəndlərim var odun yandırır,
Sənin kəndlərinə qaz göndərirəm.

Hələ yüzdən biri,mindən biridi
Bu mənim dərdimin, mənim sərimin,
Samvel Azərbaycan xalq şairidir,
Ancaq adı yoxdu Əli Kərimin.

Bax bir ürəyimin genişliyinə,
De kimə lazımdı bu haray-həşir?..
Sənin ürəyinə bir ovuc torpaq,
Mənim ürəyimə dünya yerləşir.

O nədir yazmısan Zori Balayan,
“Bala” da bizimdi.
“zor” da bizimdi.
Ölmək istəyirsən gəl Qarabağa,
Kəfən də bizimdir, gor da bizimdir.

Ordan apararam öz kəndimizə,
Tutub apararam göyə çıxasan,
Ancaq qorxuram ki,gedəsən ora
Mənim kəndimə də yiyə çıxasan.


Qələm

Olanım qələmdi vardan,dövlətdən
Dövlətdən uzağam, vardan uzağam.
Özüm öz nökərim, özüm öz bəyim,
Özüm öz qulluqçum,özüm öz ağam.

Qaşımı qaldırıb baxan deyiləm,
Dövlət sümürənə, var udana mən.
Yeməyə bir loxma çörək tapanda
Min şükür deyirəm yaradana mən.

Qızılla,gümüşlə,ipəklə, tüllə
Xurcunum, fərməşim basılı deyil.
Asılı deyiləm mən bir adamdan,
Bir adamda məndən asılı deyil.

Məni düz yolumdan döndərə bilməz
Beş adam,on adam, yüz adam canım.
Uçan bulud kimi, axan su kimi,
Əsən külək kimi azadam, canım.

Elə bu azadlıq bəsimdi mənim,
Neynirəm dövləti, neynirəm varı?
Neynirəm dilimi gödək eliyən
Qızılı,gümüşü, malı, davarı?

Bəsimdi, şeytana deməli sözü
Şeytanın üzünə şax deyirəmsə.
"Hə" deməli işə "hə" deyirəmsə,
"Yox"deməli işə "yox" deyirəmsə.

Mənə qələm verib bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi,hərdən qız kimi
Dizinə baş qoyub, yatdığım qələm.

Qələmin dizində yata-yata mən
Yuxular görmüşəm, dürlü yuxular.
Köhnə qala kimi, qalaca kimi
Sehirli yuxular, sirrli yuxular.

Ruhum uçub mənim,ruhum qovuşub
Avara, Xəzərə, Huna, Oğuza.
Qələmə demişəm dərdim olubsa,
Qələmimdə açıb, deyib kağıza.

Qələmim olanda güclü oluram,
Çaşmayan adamı mən çaşdırıram;
Bu gidi dünyanın pişiyini mən
Ağaca,divara dirmaşdırıram.

Qələmim olanda qorxu bilmirəm,-
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan,dövlətdən,
Onunda qiyməti otuz qəpiyə.

Nə yaxşı ki, qələm otuz qəpikdi,
Nə yaxşı ki, deyil od qiymətinə.
Nə yaxşı ki, qələm bazarda getmir
Maşın qiymətinə, at qiymətinə.

Axı, otuz qəpik otuz min deyil,
Kiməsə borclu da qala bilərəm.
Bu yazdığım qələm əlimdən çıxsa,
Gedib ayrısını ala bilərəm.


BOY

Boyum çıxdı - günüm çıxdı,
lala qırmızı-qırmızı.
Anam mənə layla çaldı,
layla qırmızı-qırmızı.

Günüm çıxmadı gün kimi,
mənim günüm lala oldu.
Mən oldum,
bu dünya oldu,
anam deyən layla oldu.

Boyum çıxdı - günüm çıxdı,
düşdü bu dünyanın üstə.
Düşdü-düşdü yerin, göyün,
dənizin, dəryanın üstə.

Boyum çıxdı - günüm çıxdı,
çıxdı - gəldi qarşı dağdan.
İş öyrəndim, güc öyrəndim
mən arıdan, qarışqadan.

Otu gördüm ot daşıdım,
suyu gördüm su daşıdım.
Ağzım yaman havalıydı,
Yer bellədim, yavaşıdım…


RƏSUL RZANIN ÖLÜMÜ

I.Kürə şəklində dərdimiz

Dünya kürə şəklindədir,
kürə şəklindədir günəş,
ay kürə şəklindədir,
kürə şəklindədir ürəyimiz,
sevincimiz kürə şəklindədir -
sənin ölümündən sonra
yığıldı,
büküldü,
kürə şəklinə düşdü dərdimiz də.

2. Ölümün səndən qabaq

Gəldi Mərdəkana
Ölümün səndən qabaq çıxdı evdən,
ölümün səndən qabaq mindi maşına,
ölümün səndən qabaq yola düşdü,
ölümün səndən qabaq gəldi Mərdəkana.

Olacağın binanın yerini,
qalacağın otağın nömrəsini,
baxacağın pəncərənin səmtini
ölümün səndən qabaq bilirdi.

Ölümün səndən qabaq bilirdi
hansı cığırı seçəcəksən,
hansı ağacın altından keçəcəksən…

Sən bilmirdin,
ölümün bunların hamısını bilirdi,
hansı sözü yazacaqsan - bilirdi,
hansı sözü pozacaqsan - bilirdi.

Ölümün səndən qabaq gəldi Mərdəkana,
ölümündən sonrpa sən gəldin,
səndən sonra
ölümün gəldi yenə…

3. Ürək sən deyəni eşitmədi

Durma dedin,
İşlə dedin,
hara getmək olar
bu gedişlə dedin,
ürək sən deyəni eşitmədi.

Ürək sən deyəni eşitmədi
elə bildi yaxşı elədi, -
ürək sən deyəni eşitmədi,
əl ürək deyəni eşitmədi,
barmaq əl deyəni eşitmədi,
təkcə kağız dinmədi.

4. Son söz

Gedirəm, dostlar,
Gedirəm, Anar,
Gedirəm, gözümün işığı,
evimin böyüyü,
evimin uşağı.

Balığı yaradan
suyu da yaradıb -
balığı suya bağışlayın.

Arını yaradan
çiçəyi də yaradıb -
arını çiçəyə bağışlayın.

İnsanı yaradan
torpağı da yaradıb -
insanı torpağa bağışlayın,
sonrası ilə işiniz olmasın…


DƏDƏBOYU

Ay dədə,

boyuna qurban olum mən,
o uca boyuna, şumal boyuna.
Günlərin bir günü Əlinin oğlu
Vəlinin toyunda girdik oyuna.

Gördün ki, nəfəsim qarala bilər,
gördün ki, ürəyim atlana bilər.
Kişi qırığıyam, uşaq da olsam,
Meydanda dizlərim qatlana bilər.

Dedin, dədə boyu verirəm sənə,
dedin, ağrın alım, sən yavaş oyna.
Dədəboyundasan, dədəboyunda,
Bizdən o tərəfə aralaş, oyna.

Çəkildim qırağa, dedim, nə yaxşı,
qıraqda öz əlim, öz başım oldu.
Gətirib şabaş da vermədilər heç,
sənin dədəboyun şabaşım oldu.

Oynadım,
sındırdım kefin istəyən,
Sən gəlib böyrümü basana qədər,
Filmanın qavalı, Həşimin toyu
Nuhunun zurnası susana qədər…

Ay dədə, hardasan,
indi hardasan?
Eşidənim hanı, görənim hanı?
Bir dədəboyuna ehtiyacım var,
Hanı, dədəboyu verənim, hanı?

Ay dədə,
boyuna qurban olum mən,
o günlər su kimi sovuldu, getdi.
Yağışdı - yağmadı,
otdu - bitmədi,
çiçəyi burnunda ovuldu getdi…


VƏTƏN

Pişik istədiyindən
yeyir balasını,
mən də səni yeyirəm
istədiyimdən
təndirindən çıxan çörəyi yeyirəm,
ağacın gətirən barı yeyirəm,
pətəyindən süzülən balı yeyirəm,
yemişəm,
yeyəcəyəm,
axırda səndən
bir qarış yer,
bir ovuc torpaq istəyəcəyəm, -
canımla,
ətimlə,
qanımla
təndirindən çıxan çörəyin,
ağacın gətirən barın,
pətəyindən süzülən balın
yerini verməkdən yana.

Vətən,
uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını
nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm!..


GECƏ SAAT ÜÇÜN - DÖRDÜN SÖHBƏTİ

Baxıram: Hamı yatıb,
Meşədə - ağaclarımız yatıb,
Çöməlib ağacların dibində
turaclarımız yatıb.

Dillərini qoyub qarınlarına
qapıda - itlərimiz yatıb.

Evdə -
kitablarımızın arasında

Saitlərimiz, samitlərimiz yatıb.
Coğrafiya müəlliminin
çubuğunu yuxu aparıb
Arazın üstündə,
Ədalətin barmaqları
bu saat yuxu görür
sazın üstündə.
Ürəyimizə baş qoyub
səssiz-səmirsiz
ümidlərimiz,
arzularımız yatıb.
Arxaçda fısıldaya-fısıldaya
qoyunlarımız,
quzularımız yatıb…
baxıram: yuxu aparıb
pişiyin səsini
yükün arasında
Uşaqlara nə var,
Uşaqlar tumançaq uyuyub
anaların laylasında.


VAXT

Bir də baxırsan ki, göyün üzündə
ayın yarısı var, yarısı yoxdu…
… Kəndimizə getdim, qocalar gördüm,
kişisi yaşayır, qapısı yoxdu, -
bu vaxtdan nə desən gözləmək olar.

Uşaqlar gördüm ki, indi hamısı
olub ev yiyəsi, eşik yiyəsi.
İkəmmi,
üçəmmi, deyə bilmərəm,
doğub Həsigilin qaşqa düyəsi, -
bu vaxtdan nə desən gözləmək olar.

Həsinin özü də gördüm ki, elə
Gəlib üç-dörd uşaq atası olub.
Ətə-qana dolub bizim Süleyman,
ortası bir palıd ortası olub, -
bu vaxtdan nə desən gözləmək olar.

Bu vaxtdan nə desən gözləmək olar,
dünyanın çarxını döndərə bilər,
İstəsə cənnətin mələklərini
yığıb cəhənnəmə göndərə bilər.


İNDİNİN BÖYÜK ŞAİRİ

İndinin böyük şairi
ömrümdə bir yol -
heç olmasa, ömrümdə bir yol
səhər çörəyini Bakıda yeyər,
günortasını Moskvada,
axşamını Berlində;
İndinin böyük şairi
bir göyün altında
bir dənizin qırağında,
bir təpənin üstündə
durub, saymaz yerində.
Mənnən böyük şair olarmı,
getdiyim yer Müskanlı kəndidi,
gəldiyim yer Əhmədli?

İndinin böyük şairi
ömrümdə bir yol
heç olmasa ömründə bir yol
ayaqyalın, başıaçıq
dağda, daşda,
qayada yeriyər.
Burdan Afrikaya,
burdan Hindistana,
burdan Vyetnama
piyada yeriyər.
Mənnən böyük şair olarmı,
burdan-bura işə gələndə
metroya minirəm.
İndinin böyük şairir
öz dilinnən savayı,
üç dil bilər azı.
İndinin böyük şairinin
dodağı təpiməz,
boğazı qurumaz
… O taya keçəndə Arazı.

Mənnən böyük şair olarmı,
öz dilimdən savayı
bircə dil bilirəm -
o da rus dili.

Canım sənə desin
indinin böyük şairi
başından keçər,
sözündən keçməz.
İndinin böyük şairinin
susuzluqdan dodağı çatlayar,
ancaq indinin böyük şairi
sözünü yarımçıq qoyub
bulaq başına enməz,
əl-üzünü yumaz,
su içməz…
Mənnən böyük şair olarmı,
könlüm su istəyən kimi
qələm - kağızı tullayıb
yapışıram pivə parçından?

İndinin böyük şairinin
ürəyində böyük təpəri olar,
könlündə böyük həsrəti olar,
özümü olar, ağrısı olar -
indinin böyük şairinin
başının üstə Tanrısı olar..
… Mənnən böyük şair olarmı?
Siznənəm ey, Sarı Aşıq,
Nazim Hikmət,
Valexo Sessar!..


"Ulduz", Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG