Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:14

Elçin Hüseynbəyli "Azıx" romanını bitirdi (Əsərdən bir parçanı oxu)


Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

Yazıçı Elçin Hüseynbəyli (Qaraçuxa) “Azıx” romanını bitirib.

İronik üslubda yazılmış romanın qəhrəmanı İmranbəydir. Şizofreniya xəstəliyindən əziyyət çəkən İmranbəy Amerikada klonlaşdırma üzrə ixtisaslaşıb və azıxantropu diriltməklə vətənini bəlalardan xilas etməyə çalışır...

"525-ci qəzet" romandan bir parçanı dərc edib.



Elçin Hüseynbəyli

AZIX
(Romandan parça)

Vətənpərvər azərbaycanlılara həsr olunur

Uşaqlıq dostum, hamımızın öyündüyü və gələcəyinə böyük ümid bəslədiyi İmranbəy Kaliforniyadan vətənə döndükdən sonra yoxa çıxdı və yalnız 15 ildən sonra mən onu gördüm, daha doğrusu o özü məni tapdı. Necə gəlmişdi, niyə gəlmişdi, niyə, nə zaman yoxa çıxmışdı, heç kim bilmədi...Burası sonranın işi.

İndi isə...

Bəyim hey!!!

Adı da qəribəydi, taleyi də, danışdıqları da...

lll

Mühafizəçi gəlib dedi ki, məni qəribə bir adam axtarır. Üst-başı elə gündədir ki, mənim tanışım olmağına şübhə edir. Ona görə də içəri buraxmayıb. Mühafizəçi həmin adamı elə təsvir elədi ki, dərhal Kərim Nalə yadıma düşdü, amma o məni tanımırdı, tanımırdısa, deməli, adım da yadında qalmazdı. Onun özünün sağ olub-olmaması da çayxana şairlərinin müzakirə mövzusu ola bilərdi. Onlar həmkarlarının səfil həyatı, çölə düşməyinin səbəbləri barədə, yəqin ki, saatlarla baş sındırırdılar. Nəysə, axmaq bir vəziyyət idi. Hər halda, baxmağına dəyərdi. Marağım işləmək həvəsimə üstün gəldi, ayağa durub, mühafizəçinin göstərdiyi səmtə getdim, hətta fikirləşdim ki, bu yekəpər qarovulçunun bir balaca fəhmi və istedadı olsaydı, ya rəssam, ya da xırda yazıçı ola bilərdi.

Bu kim idi, nə istəyirdi? Doğrudan da mənim belə qəribə tanışım yox idi. Yəni mühafizəçinin təsvir elədiyi kimsəni və ona oxşarını tanımırdım.

Mühafizəçinin müşayiətilə qapıya doğru gedə-gedə bu qəribə adam barədə fikirləşirdim, yaddaşımı qurdalayırdım. İlk ağlıma gələn bir fizik dostum oldu. O, öncələr təbiət hadisələrilə məşğul olmuşdu, dünyanın bir gün dağılacağını qəti yəqin eləmişdi və çox istəmişdi ki, dünya bacardıqca tez dağılsın, yerlə-yeksan olsun, onu istəməyənlərin hamısı bir gecənin içində zəbun olsun, o dünyaya kəllə-mayallaq getsin, amma onun bu arzuları çin olmamışdı və bütün bunlardan bir şey çıxmadığına görə, həyat hadisələrinə girişmiş, dünyanı dəyişmək eşqinə düşmüşdü, axırda onun bu niyyəti də fıs çıxmış və bu qənaətə gəlmişdi ki, ən yaxşısı torpağın altı ilə məşğul olmaqdı. Əzəl-axır hamımızın son dayanacığımız oradı və heç şübhəsiz bir gün o dediyi olacaq, ona görə də indidən orada özünə yer eləmək pis olmazdı.

Fizik dostumun bu şirin söz-söhbətinə olsa-olsa boş-bekar kənd arvadları və huşunu tamam itirmiş və xəyalları o biri dünyada fırlanan qoca kişilər inana bilərdi. Onlardan biriylə təzəcə görüşmüşdüm. Kənddə yaxın qonşumuz olmuşdu, öncələr ermənilərin ünvanına yağlı söyüşlər yağdırardı, özümüzünküləri də o ki var söyərdi, danlayardı, işğal altında olan yurdunu fikirləşərdi, “kəndimiz gözlərimdə öləcəm” – deyərdi, vaysınardı, amma indi heç kimi tanımırdı, tanrı ona bu xəyallarını da çox görmüşdü və indi doğma yurdunu xatırlamırdı, kəndi gözlərinin yaddaşından silinmişdi...

Lənət şeytana! Şeytan kimi azdırmır ki...İstəsə çoxlarını dağa-daşa salar, sonra da aparıb dünyanın o başına çıxarardı. İndi, yəqin, fizik dostumu da gətirib mənim qapıma çıxarmışdı. O, müvazinətini saxlayan adamlardan deyildi, dəmdəməkinin biriydi.
Bu cür adamların fikirləri dağınıq olduğu kimi, saçları da dağınıq olur, üst-başlarından səliqəsizlik yağır. Yaşasın harmoniya! Belələrinin düşüncəsinə görə, səliqəsizlik və intizamsızlıq onların özlərinə də, peşələrinə də ətrafın hörmətini artırır. Hamı elə fikirləşir ki, səliqəsizlik işin çoxluğu və adamın sadəliyilə bağlıdır.
İndi o, burdan çox-çox uzaqlarda, dumanlı Albion deyilən bir məkandaydı. Güman ki, həmin ölkədə adamlar səliqəsiz geyinir və saçlarını daramırdılar. Düzünə qalsa, qızı ingilisə ərə getdiyinə görə bütün ailə üzvləri İngiltərəyə köçmüş və indi London ətrafındakı hansısa xırda bir qəsəbədə yaşayırdılar. Yəqin ki, ingilissayağı geyindiklərinə və yaşadıqlarına görə həmvətənləri qarşısında fəxr edirdilər.

Dostum vətəndə olanda, yəni əli fizikadan və fəlsəfədən üzüldükdən sonra qızıl axtarmağa girişmişdi, daha doğrusu ömrü boyu hansısa mifik xəzinə barədə xəyallar qurmuşdu və birdən-birə varlanmaq fikrindəydi, amma bu ona nəsib olmamışdı, hətta bir neçə dəfə konkret məkanlarda qızıl axtarsa da, çaylaq daşlarından başqa bir şey tapa bilməmişdi. O, yığdığı bər-bəzəkli çay daşlarından gözəl imarət ucalda bilərdi, heyf ki, dərin ağlı və istedadı olmadığı kimi, memarlıq məharəti də yoxuydu. Gələcəyə və xəzinəyə olan ümidsizlik onu erkən qocaltmışdı və indi London yaxınlığındakı qəsəbədə kiçik bankda, yaxud böyük bankın xırda filialında işləyirdi, günlərini pullarla birgə sayırdı. Dostlara yazdığına görə, bankda pul dəstələyirdi. “Elə bilin ki, ölmüşəm, ancaq cənnətə düşmüşəm”. Sözə bax e... Onun elektron məktublarından bu cür şən ifadələr çıxırdı. Belə demək mümkünsə, o, arzusuna çatmışdı, xəzinənin üstündə oturmuşdu. Əslində isə xəzinə onun deyildi və bir zamanlar xəyalında qurduqlarına bənzəyirdi, xəzinəni tapırdı, hərçənd ona yaxınlaşa bilmirdi. İlğımlar onu yorurdu, qarabasmalar qarabaqara izləyirdi. Nəysə, fikrim bir az qarışdı, deyəsən, ona görə də mətləbə qayıdaq.

Sinif yoldaşlarımdan, uşaqlıq dostlarımdan başını bu cür sarsaq işlərə qatan elə bir adam tanımırdım. Həyat o qədər ciddiləşmişdi ki, ona yuxarıdan aşağı baxanları uçuruma yuvarlayırdı, aşağıdan yuxarı baxanları zirvələrə qaldırırdı. Qürur yox, qürursuzluq dəbdəydi. İndi “ən varlı adam borcu olmayandır” deyimi Quran ayəsi kimi insanların qafasında dolaşırdı.

– Bəlkə məni səhv salıb, – deyə uzun, yarıqaranlıq dəhlizdə addımlaya-addımlaya mühafizəçidən soruşdum.

– O, sizi yaxşı tanıyır, – mühafizəçi əminliklə dedi, – harada doğulduğunuzu da, neçə yaşınız olduğunu da, ata-ananızın adını da bilir. Ümumən bütün həyatınızı və şəcərənizi mənə danışdı. Sizin barənizdə çox şey bilməsəm də, bəzi hadisələrdən və faktlardan xəbərdaram. Kitablarınızı oxumasam da, yaxşı yazıçı olduğunuzu bilirəm. O, sizi dəqiq tanıyır. Özü də getmək fikri yoxdur. Mən onu qovmaq istədim, ancaq yerindən tərpənmədi. Xətrinizə dəyməsin, sümük gözləyən itlərə bənzəyir.

Mühafizəçinin son sözləri, təbii, xətrimə dəymədi, amma marağımı da azaltmadı.

Birdən ağlıma gəldi ki, bu, olsa-olsa, çoxdan şairliyin və adamlığın daşını atmış köhnə avara tanışdır, yəqin araq gillətmək üçün qəpik-quruş axtarır. Bax, onda qanım qaraldı. İstər-istəməz əlimi cibimə saldım və iri əskinasları çıxarıb sol cibimə qoydum, sağ cibimdə isə qəpik-quruş qaldı. Bu cür adamlar asanlıqla əl çəkən deyillər, lazım gəlsə, zarafata salıb adamın cibini də yoxlayarlar.
Yaman yerdə ilişmişdim. Təzəlikcə işlərimi sahmana salmışdım, məşhur agentliklərin birində işə düzəlmişdim. Yazmağı da zorən tərgitmişdim. Çünki kitab alan və oxuyan yox idi. Kitab heç kimə lazım deyildi. Hətta mənim ailə üzvlərimə də. Ona görə də Tanrının ilahi eşq üzrə mütəxəssisləri sayılan mələklərlə də aram yox idi, hərdən qapımı döyəndə onları acılayıb qovurdum. Onlar da bir müddət məni ələ almağa çalışırdılar, hətta qılığıma da girirdilər, yorulandan sonra isə əl çəkirdilər. Bu əlçəkmənin də müvəqqəti olduğunu bilirdim, çünki mələklərin bir-iki lələyi üstümə yapışıb qalmışdı, hərdən onların sürüşkən tükləri və qoxusu burnuma dəyirdi, yazmaq həvəsimi şirnikləndirirdi...

Qapıya çatdıq və mən qapıya bərkidilmiş monitora diqqətlə baxdım. Çöldə tanımadığım əcaib-qəraib, üzü tüklü, saqqallı, nimdaş paltarlı bir adam dayanmışdı. Daha doğrusu, güman, o keçmişdə adam olmuşdu, yəni belə bir statusa malikiymiş, indi sərgərdan birisiydi. Bəlkə də mən onunla təsadüfən “Avara, cənab-92, bir də mən” adlı hekayəyə bənzər məqaləmi yazanda tanış olmuşdum, amma sifəti və cizgiləri yadımda qalmamışdı, mələklər acıqlarından həmin cizgiləri götürüb aparmışdılar, yaddaşımdan oğurlamışdılar, ağlım başıma gələndən sonra qaytarmaq fikrindəydilər. Bir də ki, həmin sərgərdan indiyə kimi, çətin sağ qalardı, yəqin küçələrdə əl açıb dilənməkdən bezmişdi, indi tanrı dərgahında oturub, qonaqların çay puluna, yəni səxavətinə göz dikmişdi. Yadımdadır, həmin avara-dilənçiylə müsahibəm jurnalda dərc olunanda çoxları heyrətlənmişdi, hətta bunun uydurma olduğunu düşünənlər də olmuşdu, amma insaflıları həqiqətə üstünlük vermişdilər. Qəribədir, bir müddət keçəndən sonra mən özüm də müsahibənin uydurma, yoxsa gerçək olmasını unutmuşdum, dilənçinin obrazı isə hələ də gözlərimin yaddaşındaydı.

Mən monitordan boylanan adamı diqqətlə süzdükdən sonra mühafizəçinin üzünə baxdım, çiynimi çəkdim və başımı buladım.

– Belə bir adam tanımıram, – dedim.

Çöldə dayanan adam, sanki söhbətimizi eşitdi və:

– Məni tanımadın eləmi, ay Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının nəvəsi...Eviniz də Quruçayın qırağında, Vəligildən bir az aşağıdaydı. Qonşun da Tamaraydı. Ay Qara Dadaşın oğlu! Quruçayla evinizin arasında at arabası boyda tozlu-torpaqlı yol da vardı. Sel gələndə o çaydan nə qədər qoz-fındıq yığmışıq, ayağı yalın, başı açıq nə qədər quzu otarmışıq!? – Qısa fasilə yarandı. O, ümidlə məndən cavab gözləyirdi, xırdaca gözlərini monitora zilləmişdi. – Genə də tanımadın!?

Təəccübləndim. O, məni doğrudan da tanıyırdı. Monitora diqqətlə baxdım, onun üzündə qələbə sevincini açıq-aydın sezdim.
Qapını açıb çölə çıxdım...

O, bayaq kamerada gördüyümdən də eybəcər idi. Dişləri tökülmüşdü, ucuz siqaret çəkənlərə oxşayırdı. Saç-saqqalı çallaşmışdı. Deyəsən, mən onu hardasa görmüşdüm: yəqin zibillikdə eşələnəndə. Sonradan anladım ki, bu cür adamlar bir-birilərinə oxşayır. Ruhları yox, həyat tərzləri eynidir.
Mən onu, o da məni başdan-ayağa qədər süzdü və öncə o dilləndi, daha doğrusu bayaq dediklərini təkrar elədi:

– Məni tanımadın eləmi, ay Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının nəvəsi, Tamaranın qonşusu, Natiqin, Həmidin sinif yoldaşı?! Ay səni! Bir qara sıpanız da vardı, axırda qatar vurdu, üç turbadan aşağıda. Hə, qatar vurdu, üç turbadan aşağıda...Bir eşşəyə görə dədən bütün rayonu məhkəməyə vermişdi, təsəvvür eliyirsən, bütün ölkəni, qatar sürəni bütün ölkə axtarırdı. Tanıdın, indi? Tanıdın?

O, bu sözü bir neçə dəfə təkrar elədi, sanki yaddaşına arxayın deyildi.

– Tanımadın!? Qırışmal!

– Tanımadım, – dedim, amma ürəyimdə barmağımı dişlədim. Bu, İmranbəy idi. Mənim sinif yoldaşım.

–Tanımazsan da, biz balaca adam, sən də ki, maşallah,- əli ilə boyumu ölçdü, – yuxarılarda. O dey orda...

– Kənardan belə görünür, – dedim, – əslində mən xırda adamam.

–Qəzetdə şəklini gördüm, dərhal tanıdım, tanıdım...soraqlaşıb tapdım.

– Xeyir ola, sən kimsən, axı? – deyə xəbər aldım.

– Qulağını bəri elə deyim.

Qulağımı onun ağzına yaxınlaşdırdım və boynuma alım ki, indicə burnuma pis bir iy vuracağını, burnumun pərlərini “sevindirəcəyini” düşündüm. Ancaq onun ağzından heç bir iy gəlmirdi. O iysiz bir adam idi, yəni qoxusuz adamlara bənzəyirdi. Bu tip adamlardan hər nə desən gözləmək olardı. Əvvəlcə üşəndim. Sonra yavaş-yavaş özümə gəldim, sifətim duruldu, sanki öz-özümü güzgüdə görürdüm.

– Həəə, tanıdım, – dedim, – deməli, sən...

O əli ilə ağzımı yumdu. Danışmağa imkan vermədi.

– Sonra, sonra danışarıq, – dedi, – axşam bulvara gəl, “Azneft” meydanının tuşuna – yekə bayrağın altına. Azneftin tuşuna ha, ayrı yerə yox! – barmağı ilə məni inandırmağa çalışdı. Yaddaşımı yoxlayırdı, sanki...

– Danışdıq, – dedim.

O getdi. Yolu keçərkən az qala köhnə bir volqanın altına düşmüşdü. O tərəfə adlayandan sonra dönüb mənə tərəf baxdı. Güldü, əlini yellədi. Yəni ki, görüşərik.

“Görüşərik”,- ürəyimdə dedim və işə qayıtdım.

Geri qayıdarkən mühafizəçi üzündə bic bir ifadəylə soruşdu:

–Deyəsən, tanıdınız onu?

–Tanıdım, – dedim və dərindən köks ötürdüm.

Mən onu tanımağına tanımışdım, amma ürəyimi şübhələr cırmaqlayırdı. Bu qədər Amerikada – Okeanın o üzündə yaşayasan, dilini dəyişməyəsən. İmranbəy o qədər səlis danışırdı ki, onun uzun müddət Amerikada yaşamasına inanmağım gəlmirdi. Bəlkə də onun danışdıqları öz bildiyim kimi yadımda qalıb. Nəysə...

Yox, deyəsən, məndən ayrılanda ingiliscə nəsə dedi. Mən onu sonradan başa düşdüm. “Ekzellənt”, yəni əla...

Mənsə əlavə edirəm: Əliyül əla.

Siz də mızıldanırsınız: Hmm...

lll

İmranbəy, yəni mənim sinif yoldaşım, universitetin biologiya fakültəsini bitirdikdən üç il sonra Amerikaya köçdü. Buna səbəb məşhur Fulbrayt layihəsini udması oldu. Onun bu uğuru barədə mənə atası danışdı. Yağışlı bir gündə avtobusun basabasında sevinə-sevinə qulağıma dedi ki, İmranbəy Amerika dövlətinin hansısa mükafatını udub, tezliklə ora gedəcək, işləri düzələndən sonra onları da gəlib aparacaq. “Canımız qurtarar bu qaçqınçılıqdan”-dedi. İmranbəygilin ailəsi bir neçə ilə öncə qaçqın düşmüşdü və Keşlə tərəfdəki zavodlardan birinin həyətindəki damda yaşayırdı. Bir dəfə orda olmuşdum, darısqal otağıydı, qabağında taxta-tuxtadan mətbəx kimi bir şey də düzəltmişdilər. İşıq idarəsinin adamları onları yağır eləmişdilər, amma bir qəpik də ala bilmirdilər. Əlahəzrət status imkan vermirdi.

Sonradan eşitdim ki, İmranbəy Kaliforniyada hansısa bir universitetin elmi laboratoriyasında işləyir və ora giriş qadağındır. Bu “qadağa”, təbii ki, ata-anasının Amerikaya köçmək arzusunu ürəyində qoydu. Mən elə düşünürdüm ki, yəqin o, nüvə laboratoriyasında çalışır və Nevada ştatında hər hansı nüvə silahı sınaqdan keçiriləndə istər-istəməz İmranbəyi xatırlayırdım.
İndi üstündən 15 il keçdikdən sonra vaxtı ilə qurbağaların üstündə qəribə eksperimentlər aparan, bizi diysindirməkdən həzz alan İmranbəy, imam övladı (babası kəndin axundu idi) istədiyi fakültəyə daxil oldu və elmin daha yüksək fəzalarına qalxmaq, kainatın yaranmasında təkan rolunu oynayan canlıları axtarıb tapmaq üçün dünyanın o biri başına köçdü.

İndi o gəlmişdi, daha doğrusu günün-günorta çağı Bakının ortasında zühur eləmişdi. Onu illərlə gözləyən və gözləməkdən bezərək qaçqınlar qəbiristanlığının bir küncünə sığınan ata-anasını “sevindirmək” istəmişdi.

İmranbəyin ata-anası ağzıdualı adamlar idi. Bəlkə də Tanrının qəzəbindən qorxduqları üçün bir uşaqla kifayətlənmişdilər, amma hamının təəccübünə rəğmən oğlanlarının adını İmranbəy qoymuşdular. Bimirəm, bəlkə də bu, onların hansısa şıltaq xasiyyətlərinin fəsadıydı, amma fakt faktlığında qalır. Kimlərsə də deyirdi ki, sovet hökuməti gələndə Türkiyəyə qaçmış babalarının şərəfinə uşağın adına bir “bəy” sonluğu da artırıblar. Bəziləri Türkiyə məsələsini ortaya atanların saf niyyətinə şübhə edirdi, onların fikrincə, həmin mərdimazar adamlar İmranbəyin ailəsini gözdən salmaq istəyirlər. Hətta bu barədə Mərkəzi Komitəyə daşdan keçən anonimlər də yazıblar, onları çox çək-çevirə salıblar, nəticədə bir şey sübut edə bilməyiblər. Mən deyərdim ki, sübut eləmək istəməyiblər, hər halda İmranbəyin babası axund idi, xaricdə təhsil almışdı, mahalda nüfuzlu adamlardan sayılırdı. Onun yazısına pozu yoxuydu, yazdıqları daşdan keçərdi. Hökumət belə adamın xətrinə dəymək istəməzdi.

Xülasə. İndi İmranbəy, eksperimentlər ustası, həkimi, loğmanı gəlmişdi və axşam məni görüşə çağırırdı. O, qulağıma elə bir söz demişdi ki, ağlım az qala çaşmışdı, keçmiş sinif yoldaşımın dəli olduğuna şəkk-şübhəm qalmamışdı. Amma həm də maraqlı bir söz söyləmişdi və həmin maraq məni istər-istəməz “Azneft”in tuşuna, bulvara aparıb çıxarmalıydı.

Bakının ortasında, 21-ci əsrin tüğyan elədiyi bir zamanda hominidin hansısa bir zirzəmidə gizlənməsi ağlabatan deyildi, amma İmranbəy bunu elə inamla dedi ki, onun sözlərinin doğruluğuna şübhə eləmək düz olmazdı. Hər halda, keçmiş sinif yoldaşımıydı, kəndçimiydi. Ona görə də İmranbəyə inandım. Danışığındakı dəlilik əlamətlərini isə qulaqardına vurdum. Bəlkə ona görə ki, macəralar sorağındaydım, ona ac idim və mənəvi mədəmi doldurmaq fikrindəydim, axtarışdaydım.

O, qulağıma qısaca bu sözləri demişdi: “Mən bəşəriyyətin atasını gizlətmişəm. İnanmırsansa, axşam bulvara gəl, Azneftin tuşuna. Azıxantropu, yəni Azıx adamı gör!” Bəşəriyyətin atasını ha, anasını yox. Hamı ana sorağındadı, bu da ata axtarır. Əlbəttə, mən ona inanmaya bilərdim, uşaqlıqda sinif yoldaşım olmuş, indisə məcnun qiyafəsində gəzən bir insandan hər şey gözləmək olardı. Bəlkə, mən özüm də bir qədər dəliləşmişdim, İmranbəylə bir kəndin bulağından su içməyim, bir kəndin torpağında gəzməyim, havasını udmağım da bu məsələdə karıma gələ bilərdi.
Azıx adam İmranbəyin ağlına hardan girmişdi. Bəlkə hələ də uşaqlıq xatirəsilə yaşayır.

Azıx mağarası kəndimizin yaxınlağındaydı. Bizi ora buraxmırdılar. Mağaranın ərazisi dəmir torla çəpərlənmişdi. Amma o çəpərin bəzi yerləri bizim ayağımızın altında əzilib getmiş, yola çevrilmişdi. Biz tez-tez quzularımızı ora otarmağa aparırdıq. Çəpərlənmiş ərazidə ot çox olduğundan quzuları ora buraxırdıq. Ata-analarımız sovet sədrinin şikayətlərini qulaq ardına vururdular. Onlar hardan biləydilər ki, “bəşəriyyətin atasının olduğu yeri” bu qədər urvatsız eləmək olmaz.

Hərdən gözdən oğurlanıb, mağaraya girirdik, oranı ələk-vələk edirdik, amma suxurlardan, daş parçalarından və sür-sümükdən başqa heç nə tapmırdıq. Mağaradan rütubət iyi gəlirdi. Evdə bizi qorxuzurdular ki, mağaraya girməyək, orda şər ruhlar var və o şər ruhlar uçan ilanların qəlbindədir, uçan ilanlar da mağaradadır. Amma bilirdik ki, “uçan ilanlar” deyəndə yarasaları nəzərdə tuturlar. Biz yarasalarla dostlaşmışdıq, hətta onları tutub çölə də çıxardır, qanadlarını rezin kimi dartıb uzadandan sonra göyə buraxırdıq, amma onlar dövrə vurmamış geri qayıdır və mağarada öz fəxri yerlərini tuturdular. Gizlənpaç oynayanda yarasaların qıpqırmızı gözlərini gözlərimizdə hiss edirdik. Onlar xırda, məsum gözlərilə bizə baxırdılar, yəqin ki, bizi yaxşı görürdülər, amma bizi ələ verməmək üçün səslərini çıxarmırdılar.

Biz mağaranın bəri başında oynayırdıq. O biri başa heç kim getmirdi. Ora bizim üçün qorxulu və maraqsızıydı.

Turist dəstəsi gələndə əsl kef olurdu. Onlar bizə şirni və saqqız bağışlayırdılar. Hamımız Azığın tarixini əzbər bilirdik. İlk insanın Azıxda olmasıyla fəxr edirdik, hərdən isə onun özünü axtarırdıq, çoxumuzun qəlbində böyük kəşflər yer eləmişdi, şübhəsiz, bu daha çox azıxantropla bağlıydı. Amma heç kim bu bədheybət insanın onun ulu babası olmasını qəbul eləmirdi, azıxantrop bir-birimizi ələ salmaq alətiydi.

İndi İmranbəy gəlmişdi, uşaqlıq xatirələrini də özüylə gətirmişdi. Ürəyimin dərinliyində onun gəlişinə sevinirdim də. Amma bu səfil vəziyyətinə acıyırdım, hərdən isə acıqlanırdım.

İş yerində rahat otura bilmirdim, tez-tez durub otaqda gəzişirdim, arakəsmələrdən həmkarlarıma baxırdım. Onlar yerlərində tez-tez qurcalanırdılar, burunlarını silirdilər, saçlarını darayırdılar, mənim kimi darıxırdılar. Onlara bir müddət baxandan və hərəkətlərindən bezəndən sonra iri pəncərənin yanına gəldim və çölə baxdım. Pəncərədən çölə adi cansıxıcı və tutqun bir mənzərə açılırdı. Ora-bura qaçışan adamların arasında İmranbəyə oxşarlarını axtardım, amma eləsi gözə dəymirdi. “Eh, İmranbəy, gör nə günə qalmısan? O boyda axundun nəvəsi, Amerika kimi bir ölkənin alimi...” Bu sualları özüm-özümə verirdim, özüm də elə özümdən şübhələnirdim. Bəlkə, İmranbəy Amerikaya-zada getməyibmiş, hardasa gizlənib, dünyanın axar-baxarına fikir verirmiş, gələcəyinə göz dikən ata-anasının xətrinə dəymək, ümidlərini boşa çıxarmaq istəmirmiş? Hə, suallar konkret, cavablar isə mücərrəd...Amma nə olur-olsun, mən onu tanımışdım, ən azı “qırışmal” sözünə görə. İmranbəy demiş, ekzellənt...

Nəhayət, iş qurtardı. Müdir gedən kimi, mən də aradan çıxdım, qaranlığın düşməsini gözləmədən bulvara gəldim və “Azneft”ə – dalğalanan üçrəngli bayrağa tərəf irəlilədim. O vaxt hələ dünyanın ən böyük bayrağı yoxuydu, “Bayraq meydanı” da tikilməmişdi.
Payıza doğru gedirdik, havanın heyva qoxuyan vaxtıydı. Həyətimizdəki sapsarı heyvalar yadıma düşürdü. Amma sahil sularındakı çirkabla bu qoxu tərs-mütənasib idi. Moskvadan gəlmiş uşaqlıq dostumun balaca qızı demiş, sahil suları “kaka”larla doluydu...Amma heyva qoxusu vardı, hərdən burnumun pərlərini qıdıqlayırdı. Sən demə, heyva iyi lap uzaqdan –İmranbəyin komasından gəlirmiş...

Küçədə qəribə aura vardı. Kövrək bir ovqatla romantik ab-hava bir-birinə qarışmışdı və İmranbəy sınıq-salxaq qiyafəsiylə və bu romantikliyə uyğun halda, sanki rəqs edə-edə qarşımda dayanmışdı. Mənə elə gəldi ki, o illərdir, burada dayanır, burada yaşayır və məni gözləyir. Özü də niyə? Ən vacib xəbəri demək üçün. Azıx adamı görmək zarafatdır?! Ay hay! Siz bir onu görəydiniz. Elə bil, bütün bəşəriyyəti ona vermişdilər, çünki bəşəriyyətin atasını o tapmışdı və dədə malı kimi ona yiyələnməliydi...Kafirə min şükür...

Bulvarda qaçışan cocuqların səsi qağayıların çığırtısını üstələyirdi.

Külək qürur mənbəyimiz olan üçrəngli bayrağımızı yellədirdi, bayraq, sanki, bu auraya çəpik çalırdı: şap...şappp...şappp...
İmranbəy də məni görən kimi “şapp” elədi: həm əliylə, həm də ağzıyla...


(Roman tam şəkildə "Azərbaycan" jurnalında çap olunacaq)

Günün bütün mövzuları

XS
SM
MD
LG