Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

Azərbaycanın İrandakı səfiri 2 həftəyə 2 xəbərdarlıq aldı


İran və İsrail bayraqları

İran və İsrail bayraqları

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov fevralın 28-də İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu haqda İran Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat verir.

Məlumatda bildirilir ki, səfirdən Azərbaycanın İsraildən milyard yarım dollar dəyərində silah alması barədə məlumatlara aydınlıq gətirməsi istənilib. İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Azərbaycan ərazisindən İrana qarşı atıla biləcək istənilən addımın yolverilməzliyi haqqında səfiri xəbərdar edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələyə münasibət bildirib. Nazirliyin sözçüsü Elman Abdullayev bildirir ki, Azərbaycan ərazisinin 20 faizi işğal altında olduğundan ölkənin silah almaq hüququ var:

«AZƏRBAYCAN İRANDAN DA SİLAH ALIR»

«Azərbaycan tək İsraildən silah almır ki. Azərbaycan Rusiyadan, Ukraynadan, Belarusdan, o cümlədən İrandan da silah alır. Azərbaycanın aldığı silahlar əsasən müdafiə xarakteri daşıyır. Azərbaycanın güclənməsi təbiidir və normaldır. Azərbaycanın torpaqları işğal altındadır, 1 milyon qaçqınımız var. Güclənmək Azərbaycanın haqq işidir, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır».

Fevralın 27-də İsrail Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın bu ölkədən 1.6 milyard dollar dəyərində pilotsuz təyyarə, zenit-raket qurğuları və hava hücumundan müdafiə sistemləri aldığını təsdiqləmişdi. İsrail Müdafiə Nazirliyindən adının çəkilməsini istəməyən mənbə bildirmişdi ki, bu müqavilə ilə bağlı danışıqlar çoxdan aparılırdı. Ancaq bu, heç bir halda İranın nüvə proqramına cavab kimi başa düşülməməlidir.

İKİ HƏFTƏDƏ 2 DƏVƏT...

Azərbaycanın İrandakı səfiri isə son 2 həftə ərzində artıq 2 dəfədir ki, bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılır. Fevralın 12-də səfir Axundov İsrail kəşfiyyatının Azərbaycan ərazisindən istifadə etməsinə dair iddialarla bağlı çağırılmışdı. Səfirə İranın etiraz notası təqdim olunmuşdu. Notada «Azərbaycan ərazisindən İran İslam Respublikasına qarşı terror fəaliyyəti üçün istifadə Elxan Şahinoğlu

Elxan Şahinoğlu

olunması»na etiraz bildirilirdi.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, bütün bunlar İranın Azərbaycanı hədəf götürməsinin göstəricisidir:

«BU, İRANIN AZƏRBAYCANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMASIDIR»

«Bir neçə ildir ki, İranla Azərbaycan arasında faktiki psixoloji savaş gedir. Bu psixoloji savaş son aylar daha da gərginləşib. Azərbaycan səfirinin İran XİN-ə çağırılması bundan xəbər verir. Əslində həm bundan qabaqkı nota, həm də indi səfirin çağırılması məntiqsizdir. Azərbaycan istənilən dövlətlə hərbi əməkdaşlıq etməkdə sərbəstdir. Bu, İranın Azərbaycanın daxili işlərinə qarışmasıdır. İran artıq Azərbaycanı hədəf götürüb. Qərbin İrana qarşı iqtisadi siyasi sanksiyaları sərtləşdikcə, İranın Azərbaycana qarşı aqressiyası da artır».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev isə deyir ki, Azərbaycan xarici siyasətini müstəqil, balanslaşdırılmış şəkildə həyata keçirir:

«BİZİM SİYASƏTİMİZ HƏR HANSI BİR ÖLKƏYƏ QARŞI YÖNƏLMƏYİB»

«Azərbaycan hər zaman qonşu ölkələrlə mehriban münasibətlərə üstünlük verib. Hesab edirik ki, mehriban qonşuluq iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət etməlidir. Mehriban qonşuluq münasibətləri də əsasən iki amilə əsaslanır – qarşılıqlı hörmət prinsipi və bir ölkənin digər ölkənin daxili işlərinə qarışmaması. Biz qonşu ölkələrlə mehriban qonşuluq münasibətləri həyata keçirməkdə, münasibətlərin inkişafında maraqlıyıq. Natiq Əliyev

Natiq Əliyev

Bir daha təkrarlamaq istəyirəm, bizim siyasətimiz hər hansı bir ölkəyə qarşı yönəlməyib».

İsrailin Azərbaycana hərbi avadanlıqlar satması ilə bağlı xəbər İranın nüvə proqramı ətrafında gərginliyin kritik həddə çatdığı bir vaxta təsadüf edir.

İrana qarşı beynəlxalq sanksiyalar Azərbaycana təsir etməyəcək. Bunu isə fevralın 29-da Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev bildirib.

«İRANLA TİCARƏT ƏMƏLİYYATLARIMIZI ƏVVƏLKİ QAYDADA DAVAM ETDİRƏCƏYİK»

O deyib ki, iki ölkə arasında enerji mübadiləsi mövcuddur: «Biz İranı, İran da Naxçıvanı enerjidaşıyıcılar ilə təmin edir. Bunlar iri əməliyyatlar deyil və böyük mənfəət gətirmir. Amma bizim üçün bu əməliyyatlar vacibdir. Ona görə də İranla ticarət əməliyyatlarımızı əvvəlki qaydada davam etdirəcəyik».

İranla Azərbaycan arasında 600 km-dən çox sərhəd var.
XS
SM
MD
LG