Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

Ramiz Həsənoğlu Axundov haqda filmdə ehtiyatlı olacaq


Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov haqda filmin yarımçıq qalan çəkilişləri martın 1-dən davam edəcək. Bunu filmin rejissoru Ramiz Həsənoğlu deyir, AzadlıqRadiosuna müsahibəsində. Film iki seriyalıdır. Noyabra – dramaturqun yubileyinə hazır olmalıdır.

Filmə ayrılan büdcə haqda rejissor danışmadı. Bircə dedi ki, bu tarixi filmdir və belə filmlər adətən bahalı olur. «Biz bir məbləğ təklif etdik. Amma onlar daha az verdilər. Yaxşısı budur sualı nazirliyə verin» deməklə söhbətə nöqtə vurdu.

«AXUNDOV OLDUĞU KİMİ»

- Azərbaycan cəmiyyətində Axundova ikili münasibət var. Bir dini kəsimin münasibətidir ki, onu dinə yanaşmasına görə qəbul etmirlər. O biri qisim hesab edir ki, Axundov Azərbaycan xalqı üçün vacib bir şəxsiyyətdir, mütəfəkkirdir. Dramaturgiya onunla başlayır və s. Siz onu necə verəcəksiz?

- Dediyiniz hər 2 məziyyət Anarın ssenarisində əksini tapıb. Təbii ki, bunların yanından keçmək olmaz. Olduğu kimi...

- Nələrisə zamanın tələbiylə ehtiyatlı verməyəcəksiz? Yoxsa hər şeyi çılpaqlığı ilə göstərəcəksiz?

- İndinin özündə də Axundovu istəməyən, qəbul etməyən qüvvələr var. Şübhəsiz ki, biz bu məqamlarla hesablaşmalıyıq. Hər şeyi açıq-aydın demək olmur. Eyhamla, çox böyük ehtiyatla. Amma həqiqətdən uzaqlaşmamaq şərtiylə.

- Dindarlar bu filmə baxanda etiraz etməyəcəklər nələrəsə?

- Axundovun əsərləri ortadadır. Bu əsərlərdə onun mövqeyi var. Axundovun dinlə bağlı fərqli fikrinin olması o demək deyil ki, onun şəxsiyyəti kütləni, xalqı düşündürməməlidir...

«MƏSLƏHƏTÇİ CƏMİL HƏSƏNLİ DEDİ Kİ...»

- Axundov Azərbaycanın gələcəyilə bağlı bədbin idi. Bu filmdə əksini tapacaqmı?

- Axundov bədbin deyildi. Onun nigarançılığı vardı, narahatlığı vardı ki, xalq cəhalətdən çıxsın, elmlənsin. Bədbin deyildi.

- Bu nigarançılığa son qoyulubmu?

- Dünya dəyişib. Bu dəyişən dünyada da qorxular var. Şou mədəniyyətinin indiki şəkli, ciddi mədəniyyətin, ədəbiyyatın arxa plana çəkilməsi... Bu nigaranlıq indi də var. Azərbaycanın siyasi problemləri heç vaxt əskilməyəcək.

- Hansı səhnəni çəkmək sizin üçün çətindir?

- Əsas çəkilişlər pavilyonda olmalıdır. Axundovun iztirabları, həyəcanları, xatirələri. İnşallah martın ortalarında, pavilyonlar hazır olandan sonra çəkiləcək. Bilirsiz, yüngül epizod yoxdur.

- Bir az «Qəm pəncərəsi»ni xatırlatmayacaq? Yəni Mirzə Cəlillə bağlı filmdə də yazıçı ömrünün əvvəlini xatırlayır...

- Bu maarifçililk dalğasında çəkilən filmdir. Bu uyğun priyomdur ki, ömrünün axırında ömrünün məqamları yada düşəcək. Filmin məsləhətçilərindən biri Cəmil Həsənlidir. O dedi ki, bu filmə baxanlar özləri üçün müəyyənləşdirməlidirlər: «Onlar Axundovun personajlarına aid olmalıdır, yoxsa Axundovun görmək istədiyi adamlara...»
XS
SM
MD
LG