Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

Şəki Xan sarayının tikintisində şəbəkə üsulu...


Şəki Xan sarayının tikintisində mıx və yapışqandan istifadə edilməyib. Tarixçilərə görə, bunu Şəki xanlığının qurucusu Hacı Çələbi xanın nəvəsi Məmmədhəsən xan Müştaq memar Zeynal Abdullaya tapşırır. Memar da bu istəyə əməl edir. İki mərtəbə, altı otaq, iki dəhliz və iki güzgülü balkondan ibarət bu tikili xanın istəyi əsasında hazırlanır – mıxsız və yapışqansız.

«KİÇİK TAXTA HİSSƏCİKLƏR BİR-BİRİNƏ KEÇİRDİLİR VƏ ARALARINA RƏNGLİ ŞÜŞƏLƏR QOYULUR»

Mıx və yapışqandan sarayın tikintisində istifadə olunmaması pəncərələrinin hazırlanmasında xüsusi problemlər üzə çıxarır. Bu, sənətkarları qeyri-ənənəvi vasitələr axtarmağa məcbur edir. Sonda şəbəkə üsulu ilə pəncərələr hazırlanır. Bu üsulda kiçik taxta hissəciklər bir birinə keçirdilir və aralarına rəngli şüşələr qoyularaq bərkidilirdi. Taxtalar yerli məhsul olsa da, rəngli şüşələr xanın göstərişi ilə Şəki ipəyi əvəzində Venesiyadan alınıb gətirilir.

O dövrdən bəri Şəkinin və Azərbaycanın bir çox yerlərində bu üsuldan istifadə edilir. Nəsilliklə bu peşənin davamçıları olan usta Tofiq Rəsulov Şəki Xan sarayının yanında köhnə tikililərin birini şəbəkə sənəti üçün emalatxana edib. Öz uşaqları da daxil olmaqla 7 cavana bu sənətin incəliklərini öyrədir. Tofiq Rəsulov deyir ki, xanlıqlar zamanı bu şəbəkə işi çox geniş yayılmış olsa da, getdikcə unudulmağa başlayıb. Keçən əsrin ortalarında atası Əşrəf Rəsulov yenidən bu peşəyə həyat verib. Şəkidə şəbəkə işi ilə bağlı sexlər açılıb, bu sənətin davamçıları yetişdirilib. Beləliklə, bu peşənin itib-batmasına imkan verilməyib.

ŞƏKİ XAN SARAYINDA RESTAVRASİYALAR

Tofiq usta və atası Əşrəf usta Şəki Xan sarayının müxtəlif dövrlərdəki restavrasiyaları zamanı pəncərələri bərpa ediblər. 1959-cu ildə Əşrəf usta, 2002-2004-cü illərdə isə o, özü.

Tofiq Rəsulov əvvəllərlə müqayisədə indi şəbəkə işlərinə sifarişlərin artdığını deyir və bunu belə əsaslandırır:

«İnsanlar artıq Avropadan doyub, indi daha çox milli üsluba qayıdış hiss olunur. Buna görə bu gün əvvəllərlə müqayisədə işimiz bir az artıqdır. Bundan istifadə edib biz də uşaqlara bu peşəni öyrədirik».

7 ŞƏYİRD

Onun deməsinə görə, rəsmi qurumlar və adi insanlar arasında da bu peşəyə maraq artır:

«İndi 7 şəyirdim var. Birillik proqrama əsasən, mən onlara bu peşənin incəliklərini öyrətməyə çalışıram. Gördüyüm işlər də öz effektini göstərir. Uşaqlar indi özləri sərbəst şəbəkələri hazırlaya bilirlər».

Tofiq Rəsulov danışır ki, bu sənətin xüsusi incəlikləri var. Bəzən olur ki, taxta və ya rəngli şüşələr kəsilərkən kiçik ölçü səhvləri olur. Onda heç nə uyğun gəlmir. Ustanın deməsinə görə, bu sənət əl qabiliyyəti ilə yanaşı, riyazi dəqiqlik də tələb edir.

1 KVADRATMETRDƏ 14-15 MİN KİÇİK HİSSƏCİK

Şəbəkə işi göründüyü kimi o qədər də tez başa gəlmir. Usta deyir ki, bəzən bir kvadrat işin hazırlanması uzun vaxt alır. Bu, əsasən şəbəkədə kiçik detalların sayının az və ya çoxluğundan asılıdır. Onun deməsinə görə, elə iş var ki, bir kvadratmetrində 14-15 min kiçik hissəcik olur. Bu isə zərgər dəqiqliyi, vaxt və hövsələ istəyir. Usta deyir ki, adətən bu cür işlərin bir kvadratı 8 aya başa gəlir.

Usta Tofiq deyir ki, bu ilin mayında Bakıda keçiriləcək «Eurovision» mahnı yarışması ərəfəsində Bakıda onların gördükləri işlərdən ibarət sərgi açılacaq.

O, bir az da şəraitdən gileylənir. Üstəlik, deyir ki, rəngli şüşələri rahat əldə edə bilmirik. Əvvəllər bu rəngli şüşələr İtaliyadan, Venesiyadan gəlirdi. Amma indi onları Rusiyadan, Türkiyədən list formasında alırlar. Usta deyir ki, həmin şüşələr ölkədə çox az istifadə olunduğundan gətizdirmək onlara baha başa gəlir.
XS
SM
MD
LG