Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:44
Biləsuvardan sahibkar Fərhad Hacıyev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, icra başçısı Biləsuvar-Astara yolunun kənarında yerləşən və təqribən 18 sahibkara məxsus olan obyektlərin qarşısını hasarlatdırıb. Bununla da rayondakı bir qrup sahibkarı çörəksiz qoyub.

«ƏVVƏL İŞIĞIMIZI KƏSDİLƏR, SONRA DA OBYEKTLƏRİMİZİ HASARLADILAR»

Fərhad Hacıyev: «Bakı-Astara yolunun üstündə obyektim var. 17 ildir ki, orda sahibkarlıqla məşğul olurdum. Özüm ikimərtəbəli bina tikdirmişdim, birinci mərtəbəsində maşın təmiri sexi, ikinci mərtəbəsində yeməkxana, çayxana fəaliyyət göstərirdi. Ərazidə 18 işləyən obyekt var idi. Təzə başçısı gələn kimi əvvəlcə işıq xətlərini kəsdi, işıq dirəklərini sökdü ki, yeni işıq xətti çəkəcək. 3 ay obyektlər işıqsız qaldı, gördük başçının işıq çəkdirmək fikri yoxdur. Məcbur olub pul yığdıq, başqa xətdən obyektlərə işıq çəkdirdik. İndi də 3 aydan çoxdur ki, obyektlərin qarşısından hasar çəkib. Obyektlərimiz yoldan 35 metr aralıdadır, başçı isə yoldan 4 metr kənarda 3 metr hündürlüyündə hasar çəkdirib. Obyektlər qalıb hasarın arxasında. Obyektlərə piyada xətti də qoymayıb. 3 aydan artıqdır ki, obyektlər fəaliyyətini dayandırıb, 1 manat pul qazanmırıq. Bağlamışıq, gedib oturmuşuq evdə».

Sahibkar deyir ki, yolun kənarını hasarlatdırmaqla yolu da darlaşdırıblar. İkitərəfli yolda bir maşın xarab olub dayansa, ikinci maşının keçməsi mümkün deyil. Sahibkarın deməsinə görə, hasar yalnız obyektlər olan yerdə çəkilib. Obyektlər qurtaranda hasar da bitir:

«Obyektlərimizdən sonra qəbiristanlıq, çöllük başlayır, onların qarşısına hasar çəkilməyib».

«O OBYEKTLƏR MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERMİR»

Biləsuvar rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Əzimov isə sahibkarın dedikləri ilə razılaşmır. Deyir əvvəl gərək sahibkarlar işlətdikləri obyektlərini yaxşı vəziyyətə gətirsinlər.

Yaşar Əzimov: «O sahibkarlar obyektləri ilə bağlı heç bir iş görmədilər, müasir tələblərə uyğun düzəltmədilər. Həmin obyektlər də Astara magistral yolunun üstündədir. Həmin yoldan 7 cənub rayonuna avtomobillər hərəkət edir, ölkənin çıxışı o yoldandır».

Rayonun baş memarı deyir ki, obyektlərə giriş-çıxış üçün yol qoyulub: «O obyektlərin hamısı maşın təmiri sexləridir. Obyektlərə giriş-çıxış yolları qoyulub. Sahibkarlar obyektlərini müasir tələblərə uyğun düzəldərlərsə, onlara yenə yol veriləcək. Hasar isə rayonun abadlıq işləri ilə bağlı çəkilib».

Ancaq sahibkar Fərhad Hacıyev obyektlərə təkcə giriş-çıxış yolunun qoyulmasının işə yarımadığını deyir:

«Obyektə girmək üçün gərək yolu uzadıb, gedib o başdan gələsən, ordan da elə bir yol yoxdur. Kanallardır, şum yerləridir. Obyektlər qalıb 3 metr hündürlükdə hasarın arxasında. Yoldan keçən nə bilsin ki, hasarın arxasında maşın təmiri sexi var».

Fərhad Hacıyev bu işdə məhkəmə perspektivi görmür. Bunu da belə əsaslandırır ki, məhkəmənin o boyda məmurların sözünü qoyub 3-5 sahibkarın sözü ilə ədalətli qərar çıxaracağına inanmır. Deyir özü də daxil olmaqla sahibkarlar ora-bura şikayət etməyə də qorxurlar. Ancaq eyni zamanda onlar sahibkarlıq fəaliyyətlərinin bərpa olunmasını da istəyirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG