Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

Marquez diktofona qarşı: maraqlı, yoxsa axmaq fikirlər?


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in 1981-ci ildə Amerikanın "Paris review" ədəbiyyat dərgisinə verdiyi müsahibədən parça


- Müsahibənin diktofona yazılmasına necə baxırsız?

GABRIEL GARCÍA MÁRQUEZ

Problem ondadır ki, diktofondan istifadə ediləcəyini bilən kimi adamın müsahibəyə yanaşma tərzi dəyişir. Məsələn, mən dərhal müdafiə mövqeyi tuturam.

Bir jurnalist olaraq, mən düşünürəm ki, biz diktofonla necə müsahibə almağı hələ də öyrənə bilməmişik. Məncə, ən yaxşı yol odur ki, jurnalist heç bir qeyd götürmədən müsahibi ilə uzun bir söhbət eləsin. Sonra da o, söhbətdən xatırladıqlarını öz təəssüratları kimi kağıza köçürsün, müsahibin dediklərini olduğu kimi yazmaq da vacib deyil.

Başqa bir faydalı metodsa o olardı ki, müsahibə zamanı qeydlər götürəsən, sonra da onları müsahibə hörmət hissi ilə yazıya çevirəsən. Diktofon ona görə qıcıq doğurur ki, müsahibə hörmət çərçivəsindən kənara çıxan hər şeyi yadda saxlayır, sənin ən axmaq cavablarını da yaddaşına köçürür. Ona görə də, ortaya diktofon gələndə məndən müsahibə alındığını bütün söhbət boyu yadımdan çıxarmıram. Amma diktofon olmayanda mən bunu düşünmədən - təbii danışıram.

- Düzdür, diktofondan istifadə etdiyim üçün sizin bu sözlərinizdən sonra özümü bir az günahkar hiss edirəm. Amma məncə, bu tip müsahibədə bizim diktofona ehtiyacmız var.

GARCÍA MÁRQUEZ

Nə isə, bütün bu dediklərimdə məqsəd sizi müdafiə mövqeyi tutmağa məcbur etməkdi.

- Belə çıxır ki, siz özünüz heç vaxt diktofonla müsahibə almamısınız?

GARCÍA MÁRQUEZ

Jurnalist işimdə mən diktofondan istifadə etmirəm. Əla bir diktofonum vardı, amma mən ondan müsiqiyə qulaq asmaq üçün istifadə edirdim. O zaman jurnalist işlədiyim müddətdə mən heç kimdən müsahibə almamışdım. Mən reportajlar hazırlamışam, sual-cavablı müsahibələrim olmayıb.

- Amma gəmisi batırılmış bir dənizçi ilə məşhur müsahibəniz barədə mən də eşitmişəm.

GARCÍA MÁRQUEZ

Bu, sual-cavab deyildi. Dənizçi mənə öz macəralarını danışır, mən də onun dediklərini birinci şəxs adından yazıya köçurürdim. Sanki bütün bunları yazan onun özü idi. Həmin yazı qəzetdə hər gün bir parçası verilməklə iki həftə boyunca serial kimi çap edildi. İmza da mənim yox, dənizçinindi. İnsanlar yazının mənim
qələmimdən çıxdığını yalnız iyirmi ildən sonra - yazı yenidən dərc olunanda bildilər. Mən "Yüz ilin tənhalığı"nı yazmayınca həmin yazının yaxşı olduğu heç bir redaktorun ağlına gəlmədi.

- Jurnalistikadan söz düşmüşkən, uzun müddət roman yazandan sonra yenidən jurnalist işləmək necə hissdir? Bu işi yeni bir ovqat, yeni bir yanaşmayla görürsünüzmü?

GARCÍA MÁRQUEZ

Mən həmişə inanmışam ki, əsl peşəm jurnalistlikdir. O zaman jurnalistikada xoşuma gəlməyən şey - iş şəraiti idi. Bundan başqa mən öz düşüncə və ideyalarımı reallaşdırarkən qəzetin maraqlarını da nəzərə almalıydım. Amma İndi - romanlar yazandan və bir romançı kimi iqtisadi cəhətdən müstəqilləşəndən sonra həqiqətən də məni maraqlandıran və ideyalarıma uyğun olan mövzular seçə bilərəm. Bütün hallarda, mən gözəl bir jurnalist işi ortaya qoymaq şansından həmişə böyük zövq almışam.

- Sizə görə ən gözəl jurnalist işi hansıdır?

GARCÍA MÁRQUEZ

John Hersey-in "Hiroshima"sı şedevrdir.

- Bu gün elə bir mövzu varmı ki, onu yazmaq sizə xüsusi həzz verərdi?

GARCÍA MÁRQUEZ

Çoxdu belə mövzular. Bir neçəsini yazmışam da. Mən Portuqaliya haqqında da yazmışam, Kuba, Anqola, Vetnam haqqında da. Çox istərdim ki, Polşa haqqında da yazım. Düşünürəm ki, əgər orada baş verənləri olduğu kimi təsvir edə bilsəydim, çox mühüm bir jurnalist işi olardı. Amma indi Polşada hava çox soyuqdur. Mən isə rahatlığı sevən jurnalistəm.

- Sizcə, elə şeylər varmı ki, onu roman bacarsın, amma jurnalistikanın imkanları xaricində olsun?

GARCÍA MÁRQUEZ

Yox. Mən düşünmürəm ki, bunların arasında fərq var. Mənbələr də eynidir, material da eynidir, vasitələr və dil də eynidir. Daniel Defoe-nun "Taun ilinin gündəliyi" dahiyanə romandır, "Hiroshima" isə dahiyanə jurnalist işi...

İngiliscədən çevirdi: R.Qəmbərov
XS
SM
MD
LG