Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31
Həmid Herisçi


ZƏMANƏMİZİN SƏYAVUŞU

yaxud tarix əcəlməyallaq aşanda nələr baş verir ölkədə


Bakıdakı Milli Məclis binasının 1968-cı ildə tikilməyi ilə mənim məktəbə getməyim təxminən eyni vaxta düşür desəm, vallah çoxlarını təəccübləndirərəm.

Hə, talelərimizdə oxşarlıq, qonşuluq var - necə deyərlər “yar, qoşadır eyvanımız”.

Köhnə şəhər məzarlığı yerində inşa edilən bu binanın özülünü qazarkən, yadımdadı, günlərin birində fəhlələr ordan çox sayda insan sür-sümüyü çıxardılar. İbnələri tutdu, o qədim kəllə sümüklərini götürüb taxdılar tikinti hasarının itiuclu payalarına. Mən lap uşaqdım o vaxtlar.

8 saylı trolleybusda yırğalana-yırğalana həmin tikinti hasarının önündən ötərkən bunu görüb bərk diksindim.

Hamlet kimi kəllə sümüyü ilə üzləşib qəliz fəlsəfi fikirlərə dalmağım, bəli, həmin uzaq günlərimdə baş tutub.

Fransız yazarı Alber Kamyu üçün belə bir görüşü acı tale bir başqa cür hazırlayıbmış. Atasının müharibədə ölüm xəbərini qapıya gətirmiş zərfin içində rəhmətliyin kəllə sümüyündən bir parça da varmış…

Qısası, bizim Milli Məclis binası elə lap ilk günlərindən öz tamaşaçılarına qorxulu, ibrətamiz mənzərələr təqdim etməkdədi. Ənənə indi də davam edir. Bu qədim ünvan, canındakı qəbiristanlıq xislətinindən hələ uzun müddət ayrılmaq istəməyəcək. Yamanca etibarsızdı. Caynağındakı ölüləri oyatmaq istəyən növbəti Kefli İskəndərləri həmişə cəzalandırmaq fikrindədi.

Dibində yatıb uyuyan qədim məzarlığı - “Ölülər parlamentini” heç vaxt “Dirilər parlamentinə” çevirmək istəməyəcək o. Bu yer, bu bina tarixin əcəlməyallaq qanunlarıyla idarə olunur ancaq. Bu adəti onlara kimsə yadırğada bilməz, inan.

Xülasə, mən məktəbə gedən gündən Milli Məclisimizlə tale
qonşusuyam. Yaşıdam.

***

Milli Məclis barədə bu xatirələrimi böyük maraqla dinləyən indiki qonağımı hələ ki sizlərə təqdim etməkdə tələsmirəm. Yalnız onu qeyd edim ki, bu qonağım da vaxtilə parlament kürsüsündən Cəlil Məmmədquluzadə qəhrəmanları kimi çıxışlar edib. Elə indi də bunu davam etdirir. Yamanca qıvraq, zirəng, ehtiyatlıdır. Seçdiyi hədəfi bəlli məsafədə uzun müddət nəzarətdə saxlayıb izləyə bilər-yaxşı sərrast atıcı çıxar haaa belələrindən. Bir də gördüm “Qurdlar vadisi”nin birinci, ikinci çevrə qəhrəmanlarını xatırlatdı - cibindəki mobil telefonuna əl atınca son dəqiqəyədək bilmək olmur telefonmu çıxacaq ordan yoxsamı təp-təzə, parıltılı bir tapanca…
Məni öz şəxsi ofisində qəbul edib. Ətrafımdakı dəbdəbəyə baxıb əvvəlcə aldanıram - adı dilimə yatmayan şık xarici otellərin birində hiss edirəm ilk dəqiqələrdə özümü. Bu mənzərənin bircə Hollivud gözəlləri əskikdi - uzun barmaqları arasında uzun siqaretlərini sıxıb mən tərəfə bircə kərə baxsalar, hə, məşhər gününəcən bəsimdi vallah… Qəhrəmanım əsl, köklü naxçıvanlıdır-naxçıvanlılar isə, özünüz yaxşı bilirsiz, paytaxt Bakıya siyasət, tayfa, öz mübarizliyi, bir də öz ləhcələriylə silahlanıb daxil olublar.

Qəhrəmanım da bu silahların hər növündən, xüsusən öz Yayçı ləhcəsindən lazımı yerdə, lazımı anda məharətlə istifadə etməyi yaxşı bacarır.

-Naxçıvanda doğuldum…Ona adətən Şərqin Qapısı da deyirlər…Şəhərdə ruslar, yəhudilər, ermənilər…

KQB, QRU-nun gizli-açıq əməkdaşları, məxfi mənzilləri bizim şəhərdə itinə tök çox idi. Hələ sovet vaxtlarında Naxçıvanda ən yaxşı xarici malları satan xüsusi “bon dükanları” vardı… Təhsilimi rusca aldım. Demək istəyirəm elə lap əvvəldən Naxçıvan mənimçün paslı əyalət qəfəsi olmayıb. Gözüaçıq böyümüşəm.

Ofisdə nə varsa - qalın divarlar, bahalı pəncərə şüşələri, yumşaq örtüklü döşəmə və s.i., xüsusi səsboğucularıyla təmin edilib. İndiyədək heç yerdə rastlamadığım bir ecazkar sükut ruhuma hopub bir an məni məst edir. Hiss edirəm ki, indicə bax bu sükutun tən ortasından bir sirr quş kimi qəfil pırtlayıb gəlib çiynimə qonacaq:

-Ermənistan zəlzələsindən sonra bütün dünya “tərəqqipərvər cameəsi” yardım əlini Yerevana uzatdı… Culfa daxil, bütün ac buraxılmış Naxçıvan əhli dəmiryolunu titrədən bu saysız qatar kərvanlarına baxırdı, sonra öz kasıb, lüm-lüt dükanlarına… Milyonlar dəyərində tikinti-inşaat malları, taxta-dəmir, day bilmirəm nə…vallah gözünə dağ çəkirdi Naxçıvan əhalisinin…O vaxt yaxşı imkanım vardı…Bir qatar dəmirin pulunu toplayıb Culfa stansiya poçtunda köçürdüm mal sahibinə… Dəmiri aparıb İranda satdım… Dəyirman işə düşdü… Day dayanmadı…
Qəhrəmanımın danışdığı macəra süjeti mənə məşhur “çeçen avizoları” mövzusunu xatırlatdı - o vaxtlar bircə bank-poçt sənədiylə milyonlar dəyərində mallar ünvanını dəyişib başqa pünhan künclərdə qeybə çəkilirdi… Sualım səslənincə qəhrəmanımın səsi sərtləşdi :

-Yoooxxxx… Mən nağd pul köçürürdüm mal sahiblərinə… Çeçen avizolarının mənə dəxli yoxdur…

-Deyirsiz inanım dediklərinizə? Tək siz deyil, indi Bakıda at oynadan naxçıvanlıların çoxu o vaxt Ermənistana yardım aparan qatarlara əl gəzdirib… - deyincə sanki ürəyimdən irinli tikan çıxır.

– O vaxt rəhmətlik Elçin Səlcuq bu barədə silsilə məqalələr də çap etmişdi “Azadlıq” qəzetində. Muxtar qurumun Xarici Əlaqələr şöbəsindən alınmış lisenziya, işə bir bax, dəmir ixracına tam şərait yaradırmış…Eyni lisenziyanı Bakıdan alanlar isə sərhəddən hətta bir ədəd dəmir mismar da keçirə bilmirdilər…

-Neynəməliydik bəs biz? Bütün məzlum, zavallı Naxçıvan əhalisi o vaxt “Allah” deyib əllərini göylərə uzatmışdı. Dükanlar boş, maaş yox, ciblər cırıq… Qarşımızdan isə hərgün düşmənə yüzlərlə qatar gedir –içində dəmir, taxta, sement, bilmirəm daha nə. Plombları qırıb qatar qapılarını açmağım, camaatın hədəqədən çıxmış gözləri, rus zabitləriylə döş döyüşdürməyim, nənələrimizin o günkü xeyir-duaları, vallah, indiyədək gözlərimdən silinib getmir.
Qəhrəmanım əsəbdən üz-gözünü turşudur. Yumşaq kreslodan qalxıb qarşımızdakı pəncərəyə yaxınlaşır, ordan küçəyə baxa-baxa:

-Hə...razıyam... Naxçıvan iş adamlarının bəziləri öz pulunu həmin qatarlardan tutdu. Xalq da yaşadı, biz də... O vaxt Heydər Əliyev Naxçıvana təzəcə gəlmişdi... Üzündə təgibin izləri, yorğun-arğın və imkansız idi. Hər tərəfli dəstək olduq ağsaqqalımıza, ondan heç nəyi əsirgəmədik. Sonra SSRİ dağıldı... Qatarlar day gəlmədi Naxçıvana. İranla dəmir-taxta alverini başladım birbaşa Ukraynadan, Həştərxandan davam etdirməyə... Elə o vaxtlarda da Heydər Əliyevlə birgə Naxçıvandan gəldik Bakıya... Çox təhlükəli, qorxulu-fırtınalı günlər yaşadıq onunla...

Yayçı ləhcəsinin sahibi bu an qəfil qanrılıb cəld arxaya - mən tərəfə baxdı. Bayaqdan bəri çox danışsaq da ancaq indi göz-gözə tuşlanıb qaldıq. Bu dəfə o, qorxurdu məni baxışlarından kənara buraxmağa.

Bir də gördüm ki, bu gözlər tam qarşımdadı. Qəhrəmanımın isti nəfəsi düz üzümə vurur.

İKİ XƏZİNƏ-İKİ KAPİTAL

-Heydər Əliyevlə Bakıya gəldiyimiz vaxt ölkədə dövlət maliyyə dövriyyəsindən başqa cəmi iki kapital, iki xəzinə vardı. Biri bizim Naxçıvan kapitalı, onun mənşəyini bayaq sənə dedim, day ehtiyac yoxdur təkrara. Digəri bakılıların partokratiya ilə birgə paylaşdığı “partiya xəzinəsi”... Hə, bax bu maliyyə qaynağını nəzarətə götürmədən “hakimiyyət bizdədi!” demək yamanca tez idi hələ... Adamlarım ətrafımda... hər zaman “hazır” vəziyyətdə idilər... “Cip”lərimizin mühərriyini qoymurdum soyusun - bütün o günlər ərzində çox gərgin idim...Barıt çəlləyi, hətta tətiyi çəkilmiş bir silah kimiydim... -bayaqdan dinlədiyim Yayçı ləhçəsi qəfil kəsilir. Mobil telefonuna gələn zəngə qısaca cavab verən qəhrəmanım tez də telefonunu söndürür.

Lal baxışlarıyla bir an vaxt istəyir söhbətimizin mövzusunu beynində bərpa etməyə. Yaddaşı qızışınca başlayır bayaqkı mövzunu xırdalamağa:

-“Partiya bank”ını nəzarətə götürmək elə də kolay gəlməsin sənə. O gizli bank seyflərini haralarda axtarmadıq biz - Abşeron bağlarında, sovetlərdənqalma yeraltı hərbi sığınacaqlarda, day kim bilir haralarda...

Qəfil nəsə baş verdi daxilimdə - bir müddət indiki zaman-məkan anlayışları silindi gözlərimdən, beynimdən. Qəhrəmanımın o vaxtkı gənc simasi canlandı xəyallarımda... Bahalı dəri gödəkçəni birçə ani hərəkətlə çiyinə atmaq adəti yəqin o vaxtların yadigarıdı qəhrəmanımda. Qara eynəyini də eyni adətlə o vaxtlardan taxar məncə o. Əlini gizlincə cibinə aparmağı da o qanlı-qadalı günlərdən mirasdı ona.

-Axırda cadu-pitiyə bələd bir oğlanla üzləşdim Bakıda. Dedim bəs kəramətini göstər, o seyflərin yerini de bizə... Cavab gəldi ki, bəs get öyrən gör Nikolay vaxtlarında Bakı şəhər bankı harda olub... Sən demə o vaxtlar bank binası tikildimi, adət imiş, ağır dəmir seyflər gətirilib birdəfəlik basdırılarmış onların soyuq zirzəmisinə...

-Beləcənə bildiz yerini o pulların, o gizli bankın, eləmi?-sualını verib səbirsizliklə cavab gözləyirəm həmsöhbətimdən.

- Pulların, o dəmir seyflərin yeri dəyişməz olaraq qalırmış hələ Nikolay vaxtlarından... Sovet vaxtları, kommunistlərlə qarşılıqlı razılaşma əsasında, kölgə iqtisadiyyatı da oralarda saxlayırmış öz ləl-cəvahirətini bəlkə də. Bakının xəzinəsi ordaymış gör neçə illər, neçə əsrlər... Gözdən pərdə asmaq üçün zirzəminin üstündə uşaq univermağı fəaliyyətdə idi...

-Necə deyərlər, “bir dəfə basdırılan xəzinə day yerini dəyişməz”...Belə çıxır daa...-deyib azcana gülümsəyirəm. Gəlib çatdıq əsas mətləbə. Sanki dostlaşmışıq həm də. Bir-birimizi day uzun söhbətlərlə yormuruq. Keçirik qısa cümlələrlə söhbətə.

-Hə. Pul axar, öz seyfini tapar... –Yayçı ləhçəsi səlis ədəbi dillə əvəzlənir.

-Xəzinə yenə də ordadı?- qısa suallarım özümə də xoş gəlir.

-Orda olar məncə...

- Seyflər lap qədim idi, hə?

-Həm qədim, həm də gözəl... İsveçrə banklarındakı kimi...

-Aha... Sizə İsveçrə banklarının zirzəmiləri də tanışdı?

-Bax bu olmadı. Söz alırsız məndən?-qəhrəmanım qolunu bəzəyən bahalı İsveçrə saatı da sanki bir təhlükə hiss edib geri çəkilir. Pencəyin uzun qolları arxasında gizlənir.

-Üzr istəyirəm. – deyib, azca geri çəkilirəm. Aramızda müəyyən sərhəd zolağının mövcudluğu bəlli olur.

Söhbəti yenidən bərpa etməyə çalışıram:

- Bəs öz həyatınız barədə film çəkmək... - cümləmi bitirməyə
imkan tapmıram.

-Yooxxx...Qətiyyən...

-Niyə? O qədim seyfləri necə aşkarlamağınız Hollivud üçün də maraqlı olar axı...

-Deyirsiz maraqlı süjetdi?

Aha!!!! Aramızdakı əvvəlki mehribanlığı deyəsən yenə bərpa etməyi bacardım... Day təzə suallar vermirəm öz qəhrəmanıma. Qoy özü danışsın... Mane olmayaq bu dəfə ona.

-Mən 1989-cu ilin soyuğunda, Naxçıvanda bir fənd işlədim - çarə verdim öz biçarə diyarıma... Bəlkə ölkəmizin bütün sonrakı taleyinə bir çığır açdım orda... Naxçıvanda yanacağın son qətrələrini sayardıq o vaxtlar... Sonra oxşar fəndi Bakıda da təkrarladım... İndi dövlət vəzifələrində çalışanların çoxu əlimdən su içib. Çoxlarının başında, yanağında vurduğum qapazın giziltisi, qızartısı indi də qalar yəqin ki.

-1994-95-ci illərdə dövlətə qarşı çıxanlara sinə gəlməyiniz artıq əfsanəyə çevrilib. Təbrizdə siz işlətdiyiniz fəndlərə bilirsinizmi el arasında nə deyərlər?

-Nə?- qəhrəmanımın gözləri alışır cəlbedici sualımı eşidincə.
Bir müddət onun səbrini imtahana çəkmək, üzündəki ifadələri oxumaq istəyirəm. Yox...yamanca təcrübəlidi o. Fikirləri, üz ifadələrində əks olunmur. Vücudu qayadan yonulub bəlkə-çiyniylə kimi istəsə aşırar.

-Təbrizdə siz işlətdiyiniz fəndlərə “ƏCƏLMƏYALLAQ FƏNDİ” deyərlər. – nəhayət dilimin kilidini açıram.

-Elə bizim Naxçıvanda da o sözü o fəndləri bilənlər dilinə gətirər...Özü də çox nadir hallarda...Bu söz dilinə qondumu, gərək fəndini də düşməninə qarşı işlədəsən mütləq...

-Dəmir seyflər, Simsim mağarası, qoca tarix sirli sözlərə tabedi, hə? - son sualımı verib öz qəhrəmanımı diqqətlə aşağıdan yuxarıyacan süzürəm.

-Bəli...Razıyam...Ölkənin, zamanın, öz taleyinin axarını dəyişmək istədinsə, şərtdi, gərək mütləq bu cür sözləri əvvəl öz daxilində elə özün üçün sakitcə pıçıldayasan. Sonra əməlinə gətirəsən gərək bu cür sehirli kəlməni. Eləyin. Nəticəsini görərsiz.

***

“Üzü niqablı” qəhrəmanımın kimliyini istərəm özünüz tapasız – Qüdrət Həsənquliyev, Rza İbadovmudur o? Bəlkə Fərəc Quliyevdir? Bəlkə Sərdar Cəlaloğlu, Fazil Mustafaoğludur, hə? Kəmaləddin Heydərovdur şayət bəlkə o? Vaxtilə Naxçıvanda, sonra Bakıda Simsim mağarasını açmış zəmanəmizin bu qəhrəmanını - Robin Qudumuzu, Polad Ələmdarımızı, indi siz özünüz tapın.

Axtarın...Səyavuş Novruzovu da unutmayın, xahiş edirəm...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG