Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44
Son on ildə təkcə dövlət büdcəsindən olimpiya idman komplekslərinin (OİK) tikintisinə 200 milyon manata yaxın vəsait xərclənib. Ekspertlərsə hesab edir ki, bu investisiyalar ölkənin olimpiya göstəricilərində öz əksini tapmır.

OLİMPİYA KOMPLEKSİ VAR, MEDAL YOX

Hələ komplekslər tikilməmişdən öncə - 2000-ci ildə Azərbaycan olimpiya oyunlarında 2 qızıl, 1 bürünc medal qazanmışdı. İdman şərhçisi Elçin Cəlilov deyir ki, o vaxt yığmada iştirak edənlər də əsasən yerli – Azərbaycanda yetişmiş idmançılar idi:

«Əslində indi də medalları qazananlar ya idman klublarının yetirmələri, ya da legionerlərdir. 8-10 il də gözləyək, bəlkə onda komplekslərin bir nəticəsi oldu».

Ekspertin fikrincə səbəb həm də otel, sauna və stadionlardan ibarət olan komplekslərin idmanın kütləvi təbliğinə deyil, özəl biznes məqsədlərinə xidmət etməsidir.

İLHAM ƏLİYEV: «ADI OLİMPİYA KOMPLEKSİ OLSA DA...»

Elçin Cəlilovun dediklərini Quba OİK-in qarşısında bizi qarşılayan şlaqbaum təsdiqləyir. Girişə nəzarət edən mühafizəçi deyir ki, «kompleksin otelində yer yoxdur, içəri keçmək olmaz».

- Bəs, kompleksdə idmanla da məşğul ola bilmərik?

- Yalnız daimi müştərilər istifadə edə bilər.

O, daimi istifadəçilərin kim olduğunu deməsə də, öyrənirik ki, otel otaqlarında qalanlar idmançılar yox, türk inşaatçılardır.

2004-cü ildə bu kompleks açılanda prezident İlham Əliyev Qubanın turizm mərkəzinə çevriləcəyini bildirib:

«Biz ən böyük kompleksi burada yaratdıq. Adı olimpiya idman kompleksi olsa da, əslində, bu, turizm mərkəzidir».

Quba sakinləri də buranı idman mərkəzindən daha çox otel kimi tanıyırlar.

Quba OİK-dən öyrənirik ki, o Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova aid ZQAN Holdinqə məxsusdur. Kompleksin bütün rəhbərlik və sənədləşmə işləri Bakıdan idarə olunur.

İLHAM ƏLİYEVİN XALQA HƏDİYYƏSİ...

Vasif Talıbov, Heydər Əliyev və İlham Əliyev (Arxiv foto)

Vasif Talıbov, Heydər Əliyev və İlham Əliyev (Arxiv foto)

Azərbaycanda OİK-lər 2002-ci ildən işə başlayıb. İlklərdən olan Naxçıvan OİK-in açılışında o vaxtkı prezident Heydər Əliyev deyib:

«Bakıda ilk kompleksi Milli Olimpiya Komitəsi, şəxsən İlham Əliyev inşa etdirdi. Hər bir kompleks İlhamın xalqa hədiyyəsidi».

Rəsmi sənədlərdə və hesabatlarda komplekslər İlham Əliyevin idmana qayğısının göstəricisi kimi qiymətləndirilir. Amma araşdırmamız bəzi komplekslərin istifadəsiz, bəzilərininsə təyinatı üzrə fəaliyyət göstərmədiyini üzə çıxarıb.

FƏRHAD ƏLİYEV DÖVRÜNÜN BAXIMSIZ OİK-LƏRİ

İstifadəsiz qalan komplekslərdən biri də Lənkərandadır. Masallı, Salyan, Bərdə və Maştağadakı OİK-lər kimi, bu kompleks də Azpetrol şirkətinin vəsaiti ilə tikilib. Amma şirkətin özünün internet səhifəsində bu haqda bir kəlmə də yoxdur. İdmana yatırım sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin şirkətə sahibliyi dövrünə təsadüf edir.

Lənkəran OİK-nin direktoru Amil Ağayev deyir ki, əldə etdikləri vəsait heç aylıq əmək haqlarına çatmır:

«Şərait yoxdur deyə gələn də yoxdur. Kompleksin inşasında ciddi problemlər yaranıb. Biz dəfələrlə inşaatçını - «Flaminqo» şirkətini axtarsaq da bu şirkətin izini tapa bilmədik. Deyirlər, bizi Gənclər İdman Nazirliyinin balansına verəcəklər. Qalmışıq sahibsiz».

«Flaminqo» şirkətinin adına internetdə yalnız bircə yerdə rast gəldik. 2006-cı ildə çəkilən «Adam ol» filminin sponsuru qismində.

Şamaxı OİK

Şamaxı OİK

Salyan OİK isə düşdüyü vəziyyətdən çıxış yolu tapıb. Bu kompleksə Nurgün Motors şirkəti sponsurluq edir. Salyanlılar isə buranı idman məkanından daha çox avto sərgilər keçirilən yer kimi tanıyır.

Bəzi kompleksləri kimin, hansı vəsaitlə və hansı məqsədlə tikdirdiyi isə ümumiyyətlə məlum deyil. Belə sirli komplekslərdən biri Şamaxıdadır. 2005-ci ildə istifadəyə verilmiş Şamaxı OİK-in nə inşaatçısı, nə sahibi bəllidir. Üstəlik, kompleksin özünü 2010-cu ildə «standartlara» cavab vermədiyi üçün söküblər. İndi həmin ərazidə yenidənqurma işləri və «Olimpik» hotel tikilir.

«BANKİRLƏR ÜÇÜN OLİMPİYA KOMPLEKSİ»

Şəki OİK-in işləri isə yerli sakinlərin dediklərinə görə, elə də pis getmir. Özü də prezident bu kompleksin lentini düz 2 dəfə kəsib – 2002-ci ildə inşaat başa çatanda və 2011-ci ildə əsaslı təmirdən sonra.

Karate ilə məşğul olan 11 yaşlı Samir Şəki OİK-də bircə dəfə olub. Ayı 15 manata hər gün təmirsiz və şəraitsiz idman məktəblərinin birində məşq edən Samir deyir ki, prezident Şəkiyə gələndə onları da kompleksə aparıblar.

Kompleksin yaxınlığında müştəri gözləyən taksi sürücülərindən və ara-sıra burdan keçən sakinlərdənsə eşidirik ki:

«Bu kompleksdən daha çox bankirlər istifadə edir. Ora bizlik deyil...»

Şəki OİK

Şəki OİK

Şəki OİK-dəsə işçilərdən başqa heç kimi görmədik. Pezidentin iştirakı ilə təntənəli açılışdan cəmi bir ay sonra üzgüçülük hovuzunda qızğın təmir işləri gedirdi. Baş məşqçi Vüqar Həsənov izah edir ki, bu, tamamlama işləridir. Kompleksin tikintisinə və yenidən əsaslı təmirinə ayrılan vəsait haqda məlumatı olmasa da, baş məşqçi bu işlərin Beynəlxalq Bankdan götürülmüş güzəştli kredit hesabına aparıldığını söylədi.

4 KOMPLEKSİN SORAĞI PANAMA ADALARINDAN GƏLDİ

Şəki OİK General Construction MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala OİK-lərini də bu şirkət öz vəsaitilə inşa edib. General Construction 2001-ci ildə Panamanın «Oceanstream» şirkəti tərəfindən təsis olunub. Şirkət azərbaycanlı iş adamı Xəqani Bəşirova məxsusdur. Bir müddət öncə AzadlıqRadiosu Xəqani Bəşirovun Beynəlxalq Bankdan azı 185 milyon manat kredit götürüb qaytarmadığını üzə çıxarıb. Araşdırmada Xəqani Bəşirovun bu kreditləri Beynəlxalq Bankdan təkrar-təkrar, müxtəlif adlar altında qeydiyyatdan keçirdiyi təşkilatlar vasitəsilə aldığı göstərilir.

​Bankdan və həmin şirkətdən OİK-lərin tikintisinə ayrılan kreditin həcmini açıqlamırlar. Yalnız General Construction tikdiyi Qusar OİK «City Line» MMC-yə 11 milyon 758 min manata satdığını öyrənə bilirik. Kompleksdən həm General Constructionla bağlı, həm də City Line-la bağlı suallarımıza yalnız birinci şirkətin baş direktoru Camal Həsənovun cavab verə biləcəyi bildirildi. Belə çıxır ki, eyni adam kompleksi özü-özünə satıb.

SABİRABADDA BİR, GÖYÇAYDA ON MİLYONA BAŞA GƏLƏN KOMPLEKS


Tikintisi 11 milyon manata başa gələn Göyçay Olimpiya Kompleksi

Tikintisi 11 milyon manata başa gələn Göyçay Olimpiya Kompleksi

Gənclər və İdman Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Rüfət Həsənov deyir ki, komplekslərdən 16-nı Gənclər İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komistəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib.


Dövlət büdcəsi hesabına tikilən OİK-lərə 200 milyon manata yaxın vəsait xərclənib.

Dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsait arasındakı fərq aydın deyil.

Tikintisi 1 milyon manata başa gələn Sabirabad Olimpiya Kompleksi

Tikintisi 1 milyon manata başa gələn Sabirabad Olimpiya Kompleksi



Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçay kompleksinin tamaşaçı tutumu və infrastrukturu arasında elə böyük fərq olmasa da, xərclənən vəsait arasında on dəfə fərq var.





HƏM DÖVLƏTİNDİR, HƏM DƏ YOX

Dövlət vəsaiti hesabına tikilən komplekslər də MMC-lərin istifadəsindədir. GİN rəsmisi Rüfət Həsənov bildirir ki, prezidentin «Dövlət Əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi barədə» 6 iyun 2007-ci il tarixli fərmanı ilə bu komplekslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin təsis etdiyi MMC-lərin istifadəsinə verilib.

İqtisadçı Azər Mehtiyevin sözlərinə görə, bu MMC-lər təsərrüfat hesablı müəssisələr sayıldığından, onların fəaliyyətindən əldə olunan bütün mənfəət komplekslərin inkişafına yatırılmalı, yaxud dövlətə qaytarılmalıdır.

Azər Mehtiyev

Azər Mehtiyev

Dövlətin tikidiyi bir neçə kompleksin istifadəçiləri ilə söhbətdən isə məlum oldu ki, ödəniş zamanı onlara qəbz verilmir. İqtisadçı ekspert Zöhrab İsmayılın fikrincə belə müəssisələr ya sadələşdirilmiş vergi ödəyicisi statusunu itirməmək üçün, ya da mənfəətlərini gizlətmək üçün dövriyyəni rəsmiləşdirməməyə çalışır:

«İllik gəliri 150 min manatı keçməyən hüquqi şəxslər sadələşdirilmiş vergi ödəməlidir. Yəni, Bakı və Abşeron üçün 4 faiz, regionlarda yerləşənlər isə illik gəlirindən 2 faiz ödəyirlər. Komplekslər qəbz verməməklə illik gəlirlərini gizlədirlər, vergidən yayınırlar. Amma təbii bunu bütün OİK-lərə şamil etmək olmaz. Elə komplekslər var ki, maket kimi qurulub, ayda 5-10 nəfər istifadə edə, ya etməyə».

KOMPLEKSLƏRDƏ XİDMƏT ÖDƏNİŞLİDİR?

İstər mərkəzdən kənarında yerləşməsinə, istər də ödənişli fəaliyyət göstərməsinə görə özəl komplekslərlə, dövlət komplekslərində vəziyyət oxşardır. Nazirliyin rəmsisi Rüfət Həsənov deyir ki, dövlət kompleksləri təsərrüfat hesabı ilə fəaliyyət göstərdiyinə görə ödənişlidir:

«Tarif haqlarını komplekslərin direktorları müəyyənləşdirir. Əldə olunan vəsait isə əmək haqları, kommunal və digər xərclərin ödənilməsinə yönəlir».

2011-ci ilin fevralında isə Nazir Azad Rəhimov korrupsiya ilə mübarizəyə həsr olunmuş müşavirədə çıxışında deyib ki, OİK-lərdə göstərilən xidmətlər ödənişsiz olmalıdır:

«İndiyə kimi bəzi komplekslərdə xidmətlər ödənişli idi. Həmin komplekslərə ciddi xəbərdarlıq olunub».

Azad Rəhimov

Azad Rəhimov

Rüfət Həsənov isə bildirir ki, Nazir bu çıxışında dövlət vəsaiti hesabına inşa olunan komplekslərdə yalnız olimpiya oyunları üzrə xidmətləri nəzərdə tutub.

İDMANÇI YETİŞDİRMƏYƏN OİK-LƏR

İdman şərhçisi Elçin Cəlilov deyir ki, 2000-ci ildə milyonlarla sərmayə qoyulmadan qazanılan qızıl medal göstəricisini Azərbaycan hələ də təkrarlaya bilmir. Onun fikrincə komplekslər öz təyinatını doğrultmur:

«Ölkənin hər yerində OİK-lər tikilir. Komplekslər region gənclərinin sağlamlıq mərkəzi, əyləncə məkanına çevrilmədi. Orada idmançılar yetişdirilmir».

Biz də bir neçə OİK-ə müraciət edib, yetişdirdikləri idmançılarla maraqlandıq. Beş-altı idmançının adını çəkə bildilər ki, onlardan da yalnız birinin olimpiya idman növü üzrə beynəlxalq göstəricisi var – Gəncə OİK-nin yetirməsi Elnur Məhərrəmov taekvando üzrə Avropa çempionatının bürünc medalçısıdır.

2020 YAY OLİMPİADASINA DOĞRU

2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək istəyən Azərbaycanın qlobal olimpiya iddiaları növbəti onillikdə neft gəlirlərinin əsas xərc istiqamətlərindən birinə çevriləcək. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda OİK-lərin sayı 50-yə çatdırılmalı, idmanın inkişafı üçün hər cür şərait yardılmalıdır.

Araşdırma Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun «Media və ictimai vəsaitlərin şəffaflığı» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.

Şərhləri göstər

XS
SM
MD
LG