Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:54

Xaricdən alınan bahalı ağacların sirləri...


Milli Parkdakı palma ağacları
Milli Parkdakı palma ağacları
Fevral ayı Bakıda çox şaxtalı keçdi. Ayın 8-də isə 11 dərəcə şaxta vardı. Sinoptiklər deyirdilər ki, həmin gün Bakıda 1969-cu ildə qeydə alınan mənfi 10 dərəcə rekord göstərici təzələnib. Həmin vaxt küçələrdə tək-tük adam gözə dəyirdi. Şaxtalı-qarlı havanın altında qalan sahibsiz adamlar, sahibsiz heyvanlar, bir də ağaclar oldu. Onların arasında Bakının iqliminə uyğun olmayan, xarici ölkələrdən alınıb gətirilən ağaclar da vardı – palmalar, baobablar, hantorriyalar, müxtəlif kollar, bitkilər...

ÜŞÜYƏN PALMALAR

Nazim Məcidov
Nazim Məcidov
Milli Parkın düz dənizə baxan hissəsində, Bakı Bulvar İdarəsinin yaxınlığında 40-dan artıq palmanın əkildiyi ərazi var. 80 yaşlı Bakı sakini Əsəd Mirzəyev deyir ki, yolunu hər gün burdan salır. Hər dəfə də bu palmaların yanında ayaq saxlayır: «Mən mütəxəssis deyiləm. Ancaq gözlə görünür, bu ağaclar burda əkilməməli idi. Qalıblar küləyin döşündə, solub-saralıblar. Heç üstlərinə sellafon da çəkməyiblər».

Əsəd Mirzəyevin haqqında danışdığı palmalar 2008-ci ildən Bakıda xaricdən gətirilib əkilən ağacların bir hissəsidir. Bakı Bulvar İdarəsindən verilən məlumata görə, son 4 il ərzində Afrika, Argentina, İtaliya da daxil olmaqla müxtəlif ölkələrdən bulvara 32 adda yeni növ bitki gətirilib.

Üzü dənizə baxdığından həmin palmalar bulvardakı başqa palmalar kimi yaşıl deyil, budaqları əyilib. Elə palmaların yaxınlığında iri qablarda əkilən kol bitkiləri də solub, saralıb.

Bakı Bulvar İdarəsinin rəisi müavini Nazim Məcidov isə deyir ki, «Hər şey qaydasındadır, onlar mənim gözümə solğun görünmür».

Oruc İbadlı
Oruc İbadlı
Milli Elmlər Akademiyası Mərkəzi Nəbətat bağının direktoru, biologiya elmləri doktoru Oruc İbadlı deyir ki, palma ağaclarını Bakı kimi küləkli şəhərdə əkmək yolverilməzdir: «Bu ağacların biri 3-5 min manatdır. Onları küləyin qabağına düzmək israfçılıqdan başqa bir şey deyil».

SİRLİ BAOBAB AĞACININ BAKI SİRLƏRİ

Bakı bulvarında 205 və 215 yaşında iki nəhəng baobab ağacı da var. 2010-cu ildə Paraşüt qülləsinin yanında əkilmiş 7,5 tonluq bu nəhənglər indi elə də nəhəng görünmür. Ağaclardan biri müvazinətini saxlamaq üçün başqa bir ağaca bağlanıb. Digər baobabın köməyinə isə yaxınlıqdakı kafenin dəmir dirəyi çatıb. Onu kəndirlə dirəyə bağlayıblar. Şaxtadan qorumaq üçün hər iki ağacı qalın parçalarla, sellofanlarla sarıyıblar. Ağacların aşağı hissələri isə yerdəki dəmirlərə bərkidilib. Bulvar əməkdaşları deyirlər ki, keçən ilin payızında baobablar küləyə tab gətirməyib, tarazlıqlarını itiriblər.

Nəbatət bağının direktoru Oruc İbadlı deyir ki, Afrikanın quru savannaları üçün xarakterik olan baobab ağacları Bakı küləyində yaşaya bilməz: «Bu ağacların küləkdə quruma ehtimalı var, ola bilsin ki, bir-iki il keçəndən sonra məhv olacaqlar. Çünki onlar bu iqlimdə əkilməməlidirlər».

Oruc İbadlı deyir ki, 1972-ci ildə Nəbatət bağında baobab ağaclarından kolleksiya üçün bir neçə ədəd əkibmişlər. Həmin ağacları xüsusi aqrotexniki qaydada əkib becərsələr də, 7 ildən sonra onlar məhv olub: «Bir ağacı toxumla cücərdib əkmək daha effektlidir. Bizim toxumla əkdiyimiz ağaclar bu iqlimə dözmədi. 200 yaşlı ağaclar necə dözər?»

Baobab ağacı
Baobab ağacı
Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə deyir ki, baobabları soyuq və küləkdən qorumaq üçün bağlayıblar.

Nazim Məcidov deyir ki, Bakı bulvarındakı xarici ölkələrdən gətirilib əkilmiş ağaclardan biri belə şaxtalı havalardan ziyan çəkməyib: «Çünki həm burdakı mütəxəssislərimiz, həm də o ağacları bizə verən təşkilat hansı ağaca necə qulluq göstərmək haqda tövsiyələrini verib. Buna çox ciddi nəzarət var».

Bununla belə Nazim Məcidov etiraf edir ki, əsil reallığı yay aylarında görmək mümkün olacaq:

«Çünki elə ağaclar var ki, qış aylarında yarpaqlarını tökür. İndi bu ağacların diriləcək-dirilməyəcəyini demək olmaz. Onu Allahdan başqa heç kəs deyə bilməz. Ancaq ehtimal çox azdır». Bulvar İdarəsinin rəis müavini deyir ki, keçən il baobab ağaclarının yarpaq açması üçün çox həyəcan keçirirmişlər: «Ancaq birinci il əkildiyindən də çox gözəl, inkişaf etdi, təzə budaqlar atdı. Ümid edirik ki, bu il də elə olacaq».

SƏNİN QİYMƏTİN NEÇƏYƏDİR, AĞAC?

Baobab ağacı
Baobab ağacı
Qeyri-rəsmi iddialara görə, dövlət büdcəsindən Bakı bulvarında xaricdən gətirilib əkilən ağaclara 50 milyon manat vəsait ayrılıb. Elə adının çəkilməsini istəməyən bulvar əməkdaşları deyirlər ki, baobablardan birinin qiyməti 30 min manatdır. Hantorriya, palma və başqa ağacların hərəsinin 5-6 min qiyməti var.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi alınan ağaclara dövlət büdcəsindən nə qədər vəsait ayrılması haqqında məlumat vermədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, bulvardakı ağaclara onlar nəzarət etmir.

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, idarə şəffaf təşkilatdır. Ancaq o ağacların alınıb gətirilməsinə çəkilən xərclər haqqında məlumat verə bilməz. Çünki bu haqda məlumatı yoxdur:

«Bu cür gözəl bulvar üçün, onu daha da gözəlləşdirmək üçün belə ağacları alarkən onun qiyməti haqqında heç düşünməyə dəyməz. Mənim fikrimcə, bu ağaclar hər nə qiymətə alına bilirsə, buna dəyər. Çünki bundan 100 minlərlə alınmır. Heç minlərlə də alınmır. Əgər 1, 2, 5, ekzotik ağac varsa və onun qiyməti də əgər dəyərlidirsə, mən düşünürəm ki, onu almağa dəyər. Yəni, onu heç müzakirə etməyə dəyməz. Əlbəttə ki, israfçılıq olmamalıdır».

ŞƏFFAFSANSA...

Mütəxəssislər və ekspertlər isə deyirlər ki, əgər qiymət açıqlanmırsa, bu artıq büdcədən ayrılmış vəsaitlərin mənimsənilməsi kimi qiymətləndirilməlidir.

Telman Zeynalov
Telman Zeynalov
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, bu ağacların Bakıda bitməsi, adaptasiya olunması şübhəlidir: «Dəniz suyu altındakı torpaqları basır. Ola bilər ki, ağacların bəziləri buna tab gətirsin. Ancaq bəzilərinin kötükləri gedib o suya çatandan sonra onlar məhv olub gedəcək. Heç kimin də xəbəri olmayacaq, o ağacları dəyişəcəklər. Bu ağaclar, onların bura gətirilməsi bahalı prosesdir. Milyonlarla pulla töküb o ağacları gətirib Bakı bulvarında əkməyin nə mənası var?»

Bakı Bulvar İdarəsi isə bildirir ki, onları təmin edəcək yerli firmalar yoxdur.

Nəbatət bağının direktoru Oruc İbadlı isə deyir ki, Bakı bulvarından bizə sifariş gəlmir:

450 yaşlı Avropa zeytunu
450 yaşlı Avropa zeytunu
«Təklifimizi qəbul etmirlər. Bizim 45 hektarlıq sahəmiz, 2500-dən çox bitki növümüz var. Görünür xaricdən ağac almağa maraqları var, bizdəkini neyləyirlər ki. Ancaq xaricdən alınan ağac 3 il yaşayacaq, bizdən verilən illərlə».

«ABŞERONDA ZEYTUN OLA-OLA, GEDİB BUNU KƏNARDAN GƏTİRİB ƏKİRLƏRSƏ»

Üstəlik biologiya üzrə fəlsəfə doktoru Asif Mehrəliyev isə deyir ki, Bakı bulvarına gətirilmiş zeytun ağacları çürükdür: «Kimlərinsə xoşuna gəlməyə bilər. Ancaq mən o ağaclara baxmışam. Onlar cürükdür. Aqrotexnikada belə şey yoxdur ki, çoxyaşlı ağacı gətirib əkəsən, özün də effektli nəticə gözləyəsən. Onların özəyi yoxdur, ömrü azdır. Ekzotikadan danışırlarsa, Qız Qalasının qarşısındakı Abşeron zeytunları onlardan da gözəldir. Əgər Abşeronda zeytun ola-ola, gedib bunu kənardan gətirib əkirlərsə, demək nəsə maraqları var».

Bulvar İdarəsinin rəsmiləri isə belə fikirləri onların işinə ləkə vurmaq cəhdi sayırlar.

«MƏN BİTKİLƏRİ SEÇİRƏM»

Abşeron zeytunu
Abşeron zeytunu
Bakı bulvarına xarici ölkələrdən ağac və kolları Kommunal Xidmət və Abadlaşdırma MMC adlı təşkilat gətirir. Qurumun direktor müavini Vəli Şahverdiyev deyir ki, əcnəbi ağaclar elə yerlərdən alınır ki, oranın iqlimi ilə Azərbaycanın iqlimi çox uyğundur. Üstəlik onun fikrincə, həmin ağaclar başqa ölkələrdə adaptasiya dövrü keçəndən sonra Bakıya gətirilir. Vəli Şahverdiyev deyir ki, yalnız ağaclar haqqında məlumat verə bilər. Qiymətləri haqqında isə o da susur: «Başqa məlumatım yoxdur. Burada gömrük məsələləri var, nəqliyyat məsələləri var ki, bunlar həddən artıq bahadır. Mənim bunlar haqqında dəqiq məlumatım yoxdur. Mən bitkiləri seçirəm, müəyyən edirəm, müqaviləni imzalayıram, qalan məsələlərlə baş idarə məşğul olur».

Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş məlumata görə, 2011-ci ildə Bakıdakı gül və gül məhsullarına 20 min, əkin materiallarına 4 milyon 245 min 254 manat sərf olunub. Bundan başqa ağac-bəzək bitkilərinə 142 min 550 manat, gübrə alınmasına isə 340 min manat xərclənib.

2010-cu ildə dövlət büdcəsindən Dənizkənarı Bulvar İdarəsinə 12 milyon manat ayrılmışdı.

Keçən il isə bulvardakı obyektlərinin tikintisi və yenidənqurma işləri üçün büdcədən 30 milyon manat vəsait ayrılıb. Keçən ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı Prezidentin Ehtiyat Fondundan daha 4 milyon manat ayrılıb. 2012-ci ildə dövlət büdcəsindən mədəniyyət və turizm sahəsinə 6 qurum üçün ümumilikdə 255,4 milyon manat ayrılıb. Bu təşkilatların içində Dənizkənarı Bulvar İdarəsi də var.

«KORRUPSİYANIN YEMİ»

Bu rəqəmlər içərisində Bakı bulvarındakı yaşıllaşdırmaya konkret nə qədər vəsait ayrılması dəqiq göstərilmir. İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı deyir ki, bu rəqəmlərin dəqiq göstərilməməsi xaricdən idxal olunan bahalı ağacların «korrupsiyanın yemi» rolunu oynamasını asanlaşdırmaq üçündür: «Elə ona görə də bu ağacların qiymətləri haqqında məlumatımız yoxdur. Bu ondan xəbər verir ki, həmin vəsait faktiki olaraq silinir. Əks halda onları gətirən təşkilatlar öz saytlarında bu ağacların alqı-satqısı haqda cədvəlləri yerləşdirərdilər».

Kommunal Xidmət və Abadlaşdırma MMC-dən verilən məlumata görə, son iki ayda bulvarın genişləndiriləcək ərazisi üçün də 300-dən artıq ağac və kol gətirilib. Martın 5-dən onlar da əkiləcək.

«İNANIRIQ Kİ, BAKI SAKİNLƏRİ 700-800 İL SONRA DA BİZƏ RƏHMƏT OXUYACAQLAR»

80 yaşlı Bakı sakini Əsəd Mirzəyev isə indidən onlar üçün nigarandır. Deyir «Allah eləsin ki, onlar saralıb-solmuş palmaların taleyini yaşamasınlar».

Bakı bulvar idarəsində isə düşünürlər ki, onların əkdiyi ağaclar əsrlərlə yaşayacaq: «İnanırıq ki, Bakı sakinləri 700-800 il sonra da indiki hakimiyyət rəhbərliyinə, bizə rəhmət oxuyacaqlar».

Araşdırma Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun «Media və ictimai vəsaitlərin şəffaflığı» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG