Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:56

Hemingway-in evi satışa çıxarıldı


Ernest Heminqueyin uşaqlığını keçirdiyi ev satışa çıxarılıb, Ouk-Park, ABŞ
Ernest Heminqueyin uşaqlığını keçirdiyi ev satışa çıxarılıb, Ouk-Park, ABŞ
Amerika yazıçısı Ernest Hemingway-in uşaqlığını keçirdiyi ev satışa çıxarılıb. Xəbəri “The Los Angeles Times” yayıb.

İllinoys ştatının Ouk-Park şəhərində yerləşən bu evin layihəsində Hemingway-in anası Qreys Hollun xüsusi əməyi olduğu deyilir.

Hemingway-lər ailəsi bu evə 1906-cı ildə köçüb.

O vaxt Ernestin cəmi 7 yaşı varmış. Məktəbi bitirən kimi Ernest ata evini tərk edib, bir də ora 1-ci Dünya Müharibəsindən qayıdandan sonra dönüb və bir müddət orada yaşayıb.

2002-ci ildən binanın sahibi Ouk-Parkda yerləşən Ernest Hemingway Fondu olub.

Fondun təmsilçiləri ümid edirlər ki, satışa çıxardıqları binanın alıcısı onun “ədəbi irs” olduğunu qiymətləndirəcək.

Evi 525 min dollara satmaq istəyirlər.

Binada üç mənzilin olduğu xəbər verilir. Onları kirayə verməklə 3700 dollar qazanmaq olar.

Ernest Hemingway Fondu özü isə başqa bir evdə--yazıçının doğulduğu evdə yerləşir.

Hemingway dünyanın müxtəlif ölkələrində yaşayıb: ABŞ-ın şəhərlərində, Fransada, İspaniyada, Afrikada, Kubada.

Yazıçının yaşadığı evlərin bəziləri indi muzey kimi fəaliyyət göstərir.

Deyilənə görə, Hemingway-in ən sevdiyi ev Kubada yerləşən Finca Vigia villası olub. Yeri gəlmişkən, bir neçə il öncə həmin bina uçmaq təhlükəsi ilə üzləşmişdi. Onun tavanı damır, bünövrəsi çökürdü.

National Trust Amerika Təşkilatı onu xilas etmək üçün həyəcan təbili çaldı.

İndi Kuba hökuməti həmin evi muzryə çevirib.

O evdə Hemingway 20 il yaşayıb və “Qoca və dəniz” əsərini həmin evdə yazıb.

“Qoca və dəniz”ə görə Hemingway Pulitser və Nobel mükafatlarına layiq görülüb.

Xatırladaq ki, Heminquey “Əcəl zəngi”, “Əlvida, silah!”, “Və Günəş doğacaq”, “Okeanda adalar” kimi məşhur romanların müəllifidir.

O, 1961-ci ildə özünə qəsd edib.
XS
SM
MD
LG