Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:53

Sabiq ABŞ səfiri: "Amerika Azərbaycandan çox uzaqda yerləşir..."


Richard D. Kauzlarich
Richard D. Kauzlarich
-

1994-1997-ci illərdə ABŞ-ın Bakıdakı səfiri olmuş Richard Kauzlarich AzadlıqRadiosuna müsahibəsində Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsini, ölkədə demokratik islahatların vəziyyətini şərh edir. Səfirlə müsahibəni təqdim edirik.


- Sizcə, Washington indi Iranla Azərbaycan arasında yaşanan gərginlikdən narahatdırmı?

- Mən hazırda Amerika hökumətində təmsil olunmadığım üçün onların konkret olaraq nə düşündüyünü deyə bilmərəm. Amma əminəm ki, Washington-da belə bir narahatlıq var.

Digər tərəfdən, Iranla Azərbaycan arasında gərginlik yeni bir şey deyil.

Xatırlayıram ki, mən Azərbaycanda səfir işlədiyim dövrdə də iki ölkə arasında mübahisələrin baş verdiyi vaxtlar olurdu. Amma bu, indi tamamilə fərqli kontekstdə baş verdiyi üçün daha çox narahatlıq doğurur.

Bir tərəfdən İranın nüvə texnologiyaları sahəsində imkanlarını genişləndirməsi beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub. Digər tərəfdən Tehran Azərbaycanın adını İranda nüvə mütəxəssisinin qətlə yetirilməsi hadisəsi ilə əlaqələndirir. Bundan başqa da ölkədə radikal islamçılığın güclənməsi və İranın bu tendensiyada bir element olması ilə bağlı Bakının narahatlıqları...

- Təbii ki, Amerikanın dünyadakı bütün problemlərin həlli üçün hazır resepti yoxdur. Amma sizcə, Washington bu məsələdə Azərbaycana necə kömək edə bilər?

- Əlbəttə, Azərbaycanla Amerika arasında əməkdaşlıq möhkəm olarsa, bu, Washington-un Bakıya edə biləcəyi köməyin mühüm bir elementi ola bilər. İki ölkə arasında əməkdaşlıq neçə illərdir ki, inkişaf etdirilir. Xüsusən də hər iki dövlətin Əfqanıstanla bağlı missiyada işbirliyinə görə.

Buna görə də, dövlətlərarası münasibətləri yüksək səviyyədə saxlamaq, Azərbaycanın təhlükəsizlik sahəsində üzləşdiyi vəziyyətin mürəkkəbliyini anlamaq çox mühümdür. Amma bu məsələdə də bir limit var. Amerika Azərbaycandan çox uzaqda yerləşir. Azərbaycan isə İranla həmsərhəd ölkədir.

- Sizcə, Azərbaycanın son zamanlar Qərblə əlaqələri sıxlaşdırmaq yönündə daha çox səy göstərdiyi hiss edilmir ki? Azərbaycan prezidenti NATO-nun qərargahına gedir, bundan başqa, Amerika dövlət katibi ilə görüşür. Azərbaycandakı rəsmilər ABŞ ilə əlaqələrin mühümlüyündən danışmağa başlayıblar. Halbuki əvvəllər onların bu məsələyə yanaşması daha çox belə təəssürat yaradırdı: “Biz Amerikasız da işlərimizi yaxşı qura bilərik”. Sizcə, Azərbaycan öz təhlükəsizliyini qorumaq üçünmü Qərbə sarı addımlar atır?

- Məncə, Azərbaycan müstəqillik qazanandan bəri ilk növbədə öz mənafelərini təmin etmək siyasətini yürüdüb. O öz rolunu Amerika, Rusiya, yaxud başqa xarici qüvvənin maraqlarına xidmət etməkdə görməyib. Və Azərbaycan hökuməti bu xarici təzyiqlərə reaksiya verir.

ABŞ-la münasibətlərə gəlincə, məncə, indi Bakıda ABŞ səfirinin olmaması, Metyu Brayzanın Bakıda çox qısa müddətdə səfir olması, bu müddətin uzadılmaması bir faciədir.

Digər tərəfdən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Bakı üçün çox mühüm hadisədir. Bu, Amerika üçün yaxşı bir hadisə olmaqla yanaşı həm də Azərbaycana beynəlxalq arenada mühüm oyunçu kimi çıxış etmək imkanı verir.

Azərbaycan elə məsələlərlə bağlı mövqe nümayiş etdirməlidir ki, başqa vaxt bunu etməyə də bilərdi. Bu kontekstdə Amerika da, Azərbaycan da bir-biri ilə yaxşı münasibətlərdə olmaqda maraqlıdır.

- İndi Azərbaycanda təkcə radikal islamçılara qarşı addımlar atılmır, həm də dünyəvi, demokratik müxalifət adlandırılan düşərgəyə qarşı təzyiqlərin olduğu deyilir. Sonuncu məsələ Washington-da çoxmu adamı narahat edir?

- Mən bu məsələdə ABŞ hökumətinin əvəzinə danışmaq istəməzdim. Amma dünyada demokratiyanın yayılması, xüsusən ərəb inqilabları göstərdi ki, əgər sən siyasi müxalifəti təzyiq və təqiblərə məruz qoyursansa, bu, ölkənin uzunmüddətli inkişafı baxımından yaxşı hal deyil.

Azərbaycan mənim Bakıda səfir olduğum dövrdəkindən fərqli olaraq indi zəngin ölkədir. İqtisadi özünəəminlik isə siyasi özünəəminlik yaradır. Amma əgər müxalifət sənin dediklərini bəyənmirsə, bu o demək deyil ki, onu sıxışdırmalısan, mediaya təzyiq etməlisən. İndi artıq Azərbaycanın ABŞ-ın iqtisadi yardımına ehtiyacı yoxdur, amma ölkədəki mülki cəmiyyət də iqtisadiyyatın tempinə uyğun inkişaf etməlidir.

Azərbaycan cəmiyyətinin özünəməxsusluğunu qorumaqla yanaşı ölkədə demokratiya, insan haqları sahəsində islahatlar aparmaq da mümkündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG