Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37

Xırdalandan Bakıya gəlmək əzabı [VİDEO]


Bir neçə gündür Bakı-Xırdalan marşrutu ilə hərəkət edən 119 saylı avtobusların fəaliyyəti dayandırılıb. İndi bu xətt üzrə yalnız 135 saylı marşrutun avtobusları hərəkət edir. 119 saylı marşrutda hərəkət edən 18 iri tutumlu avtobusun yerinə isə Azərbaycan Vətən Müharibəsi Əlilləri Birliyinə məxsus 20-yə yaxın kiçik və orta tutumlu avtobuslar buraxılıb.

Amma bu avtobuslar da Xırdalan dairəsinə qədər hərəkət edir. Bu səbəbdən də Bakıya gəlmək istəyənlər bir-neçə marşrut dəyişmək məcburiyyətində qalırlar:

«119-un yerinə bu sıradan çıxmış mikroavtobusları yenidən xəttə buraxıblar. Mən təqaüdlə dolanan adam. Gəlirəm bura, burdan düşürəm, daha iki marşrut dəyişirəm. Əcəmiyə getmək üçün 40 qəpik də xərcləməliyəm. Niyə? Mən bu pulu hardan alım?»

İRİTUTUMLU AVTOBUSLAR YOLLARI DAĞIDIR?

119 saylı marşrutdakı iritutumlu avtobusların xətdən çıxarılma səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənir. Həmin marşrutun avtodəstə rəisi Taleh Cavadovun sözlərinə görə, Abşeron İcra Hakimiyyəti onlara məxsus iritutumlu avtobusların yolları dağıtdığını əsas gətirərək belə bir addım atıb:

«Aydın məsələdir ki, yol çəkilişi üçün büdcədən pul ayrılanda iri maşınlar da nəzərə alınır. Yolu keyfiyyətsiz çəkirlər. Prezidentin sərəncamı ilə ölkəyə gətirilən avtobuslardır. Bu avtobusların yolları dağıtması doğru məsələ deyil. Yollar normal olsa, bizim avtobuslardan da ağır maşınlar hərəkət edir».

«DEYİRLƏR RAZILAŞDIRMAQ LAZIMDIR»

119 nömrəli avtobus

119 nömrəli avtobus

Taleh Cavadovun sözlərinə görə, onlara həm də deyilir ki, məsələni kiminləsə razılaşdırmalıdırlar:

«Şəhər, rayon icra hakimiyyətləri deyir bizimlə razılaşdırmalısınız. Biz də deyirik ki, nəqliyyat məsələsi Nəqliyyat Nazirliyi ilə razılaşdırılmalı məsələdir, burun icra hakimiyyətinə nə dəxli var? Razılaşdırma da bilirsiz də hansı mənanı daşıyır».

İCRA HAKİMİYYƏTİ İLƏ NƏQLİYYAT NAZİRLİYİNİN DANIŞIQLARI

Abşeron rayon icra hakimiyyəti ilə Xırdalan şəhər icra nümayəndəliyi isə marşrut məsələsində iştiraklarını təkzib edirlər. Abşeron rayon icra hakimiyyətindən verilən məlumata görə, bu məsələ Nəqliyyat Nazirliyinin səlahiyyətində olduğundan onlarla nazirlik arasında danışıqlar aparılır.

119 SAYLI MARŞRUTA İDDİALI OLAN BİRLİK

Hazırda xəttə buraxılan 20-yə yaxın orta və kiçik tutumlu avtobuslara nəzarət edən Vətən Müharibəsi Əlilləri Birliyinin sədr müavini Yolçu Cabbarov deyir ki, onlar iri tutumlu avtobusların xəttə buraxılmasının əleyhinədirlər və 119 saylı marşrut da onlara məxsusdur. Yolçu Cabbarovun sözlərinə görə, onlar bu məsələ ilə bağlı nəqliyyat naziri ilə görüşməyi planlaşdırırlar:

«Bizim avtobusları şəhərə buraxmırlar. Bu marşrut bizim olub. Rusiyadan gələn bir pullu oğlan bu xətti alıb. Qarabağ əlillərinin pulu yoxdur deyə o pullu adam bizi əzib keçməlidir? Biz nazirlə görüşəcəyik, ona deyiləsi sözümüz var. Yəqin nazirimizin bizə dəyərli bir sözü olacaq».

PROBLEMİN DAYANACAQLARLA BAĞLILIĞI

Avtobus gözləyən sərnişinlər

Avtobus gözləyən sərnişinlər

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov isə APA-ya müsahibəsində
Xırdalan-Bakı marşrutu ilə bağlı problemi dayanacaqların yerinin yenidən müəyyənləşdirilməsi ilə izah edib. Onun sözlərinə görə, Abşeron rayon İcra Hakimiyyəti nazirliyə müraciət edərək, adı çəkilən marşrutun yolunun yenidən müəyyən edilməsini xahiş edib. Namiq Həsənov bununla bağlı Nazirliklə yerli icra hakimiyyəti arasında danışıqların aparıldığını deyib.

MƏSƏLƏ TƏKCƏ XIRDALAN-BAKI MARŞRUTUNDA DEYİL

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım ictimai Birliyi sədri Məzahir Rüstəmov isə təkcə Xırdalan-Bakı xətti üzrə deyil, Bakı üzrə sərnişin nəqliyyatında ciddi problemlərin olduğunu deyir. O, şəhərdaxili avtobuslarda bir neçə gün monitorinq apardığını və gördüklərindən dəhşətə gəldiyini əlavə edir:

PALÇIĞIN, ÇİRKABIN İÇİNDƏ OLAN AVTOBUSLAR

«Baxdım ki, görüm avtobuslarda vəziyyət necədir? Təsəvvür edin avtobusun içərisinə girəndə insan insanlığını itirir. Avtobusun salonu palçıq, çirkab içində idi. İnkişafda olduğu bildirilən Azərbaycanın ictimai nəqliyyatı budurmu? Bəlkə də o avtobuslar aylarla təmizlənmir, toz-torpaq içindədir».

Məzahir Rüstəmova görə, belə vəziyyətdə olan avtobuslara hansısa cihazı yerləşdirib, bunu intellektual idarəetmə adlandırmaq düzgün deyil.

Şərhləri göstər

XS
SM
MD
LG