Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Vaqif İbrahimoğlu. Ankaralılar “Bakı ləhcəsi”ndə danışırlar...


Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

əvvəli

30 dekabr, bazar. 1984-cü il

Çox yatdım. İndi saat neçə olduğunu da bilmirəm. Durdum, səhər yeməyini yedim, duşlandım, radio dinləyib yazmağa oturdum.

... Ankaralılar “Bakı ləhcəsi”ndə danışırlar: tutalım, “verdi” sözünü “vərdi”, “qardaşım”ı – “qəərdeşim” kimi tələffüz edirlər. Hərdən adama elə gəlir ki, onlar adamla məzələnirlər; eyni duyğular ilk vaxtlar Şəkidə də yaşanır. İntonasiya baxımından onların danışığı bir qədər “stokkato”nu xatırladır, ancaq sağollaşanda və ya danışıqlarına duyğu qatmaq istəyəndə səsli hərfləri uzadırlar – “iyi akşamla-a-a-ar”. Bəzi məqamlarda danışıqlarına “ya” nidasını artırırlar – təxminən bizdəki “da-də” kimi (“Getdim də!”..). “Arşın mal alan”da Əskər deyir: “İşte bu sayak evlenmiyorum ya!”..

Birdən xeyli sayda yabançı sözlər – ingilis və daha çox fransız sözləri eşidə bilərsən. Fransızca kəlmələr orijinalın transkripsiyası şəklində səslənir və axırıncı hərf “yeyilir” (Bəzi sözləri, tutalım, “Diderout” – “Didro”nu çıxsaq, Rusiyada sonuncu hərf saxlanır). Məsələn, “bale” (balet) kimi. Televizor “tələvizyon”, telefon -- “tələfon” şəklində tələffüz edilir.Teatr sözlüyü “aksesuar”, “əplikeyşn”, “kontras ışık”, “fono”, “video” sayaq sözlərlə doludur. “Mərsi”, “pardon” sözlərini öz doğma sözləri kimi işlədirlər (“çok

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

mərsilər”, “pardon”, “pardon diliyorum”). “Bəy” və “əfəndi” müraciətləri, əsasən, təbəqə fərqi duyulanda işlədilir. Adətən, sanki qohumluq dərəcələrinə görə üz tuturlar: “abi” (böyük qardaş), “abla” (böyük bacı), “amca” (əmi). Hər hansı müraciətə dərhal “əfəndim?” cavabı eşidilir. Nəyə görə isə üzr istərkən (“Kusura bakma...”), o dəqiqə çox duyğulu şəkildə ucadan “Əstəğfürullah” deyirlər.

Rəsmi mədəni dildə də (TV, radio, qəzet) xarici sözlər çoxdur. Öz qulağımla “kateqori”, “sosyal”, “ekonomik”, “politik” kimi sözləri eşitmişəm. Qəzetlərin, özəlliklə qəzet başlıqlarının dili sərbəstdir, danışıq dilinə çox yaxındır və həmən diqqət çəkir. Çiddi qəzetlər də içində olmaqla (“Hürriyet”), qəzetlərin hamısının bir neçə açıq-saçıq, hətta pornoqrafik deyilə biləcək bölümləri var. Bir az öyrəşəndən sonra oxumaq çox asandır, vur-tut, bir neçə spesifik hərfə (ş, ğ, ç...) rast gəlirsən. Dinləyib anlamaq baxımından heç bir problem yoxdur.

1 yanvar, çərşənbə axşamı. 1985-ci il

(Bu yerdə V. İbrahimoğlu “Ocak” (Yanvar) başlığına da yer ayırıb – Z.M.)

İndi Ankara vaxtıyla səhər saat 6.00-dır. Elə indilərdə bizim səfirlikdən – Əhədin sözləriylə desək, “bir parça doğma torpaqdan” qayıtmışam. O, həmin sözləri biz sovet adamlarının Yeni İli qarşılamağa yığışdığı səfirlikdə söylədi. Mərasimə SSRİ-nin Türkiyədəki səfiri, səfirliyin, Dövlət İqtisadi Şurasının, Ticarət Nünayəndəliyinin bütün əməkdaşları və bizlər -- mədəniyyət qrupunun üzvləri qatılmışdıq. Xeyli dadlı yemək, nə qədər desən spirtli içki vardı, amma mən içmədim!! Yedik, içdik, sağlıqlar söylədik, TV-də Moskvaya baxdıq, rəqs etdik. Mən Bakıya telefon açıb hamıyla danışmağa da macal tapdım. Qəribə adamlar var! Burda hər dəqiqə puldur, ancaq onlar uşaqlarını da mənimlə danışdırırlar: “Day-day, necəsən?”... Cəmi 2 həftədir buralarda olduğumdan, elə bir özəl-gözəl duyğu yaşamırdım, sadəcə, elə Bakıdaymış kimi, telefonla danışırdım...

... Hə... Maraqlı adamlar yox idi – başdan-ayağa “matişkizm” hökm sürürdü. Aman Allah, onların buqi-vuqi, rok-en-rol və s.-i necə oynamağına baxanda adamın ürəyi sıxılır... Hər şey qaydasındadır və elə belə də olmalıdır. Səfirlik əməkdaşları (gənclər) İrina Proninanın ifşa etdiyi Ceyms Bond haqqında sketç söylədilər. Nazimlə xanımı və 60 yaşlı qadının bütün özəl yerlərini xeyli qabardan qızılı disko kostyumunda gələn baletmeyster Lena xala içişib-gəzişib abır gözləməməyə can atsalar da, sonra əllərini yelləyib bu fikirdən vaz keçdilər və... çıxıb-getdilər...

Haşiyə: Pəncərənin o üzündə müəzzin azan çəkir, amma bu da ekzotika ab-havası yaratmır. Oxusun da özüyçün... Elə buradaca Çingiz Aytmatovun oğlu 25 yaşlı Oskarla tanış oldum. Bir suyu Pyer Bezuxova bənzəyir. Qüsursuz ruscası var (hətta aşırı dərəcədə qüsursuz). Burada ona “Oskaruşka” deyirlər. Məni otelə də o apardı. Az-maz danışdıq. Ordan-burdan... Pianoçu Nasedkin də gecəyə qatılmışdı. Onun əsas masanın önündə oturması Nazimin xətrinə dəymişdi. Çox yorulduğumdan tezcə yedim və bülbül kimi dil açdım. Bir qadın məni dartıb rəqs etməyə apardı. Yerimə qayıdanda ürəyim hardasa qarın boşluğunda döyünürdü. Bundan sonra oynamağa cəsarət etmədim, ancaq yeyib-içib buradan necə getmək haqqında düşündüm...

Dünən bazar günü idi. Demək, Yavuzgilə qonaq getməliydim. Ancaq saat 13.00-da Camalla Rəcəb gəldilər və biz Rəcəbin himayəyə götürdüyü kafeyə getdik (midi-avtobusla). Orada başımız mifologiya, epos və etnopsixologiya haqqında söhbətlərə qarışsa da, soruşanlar üçün otelə zəng edib mənim telefon nömrəmi qoymalarını xahiş etdim. Portye nömrəni çaşdırdığından saat 6-da otelə baş çəkib Rəcəbin... daha doğrusu, Camalın evinə getdik. Hərçənd, Rəcəbin demək daha düzdür, çünki Camal öz
Zeynal Məmmədli

Zeynal Məmmədli

evini Rəcəbin üçmərtəbəli şəxsi mülkündə kirayələyib. Rəcəb dramaturq olduğundan (bu barədə sonra) söhbət teatrdan, dramaturgiyadan, seksdən, ailədən düşdü; başqa bir mövzu – bizdə elmi işin səhnəyə qoyulması da Camalı maraqlandırdı. Bir də ayıldıq ki, gecə saat ikinin yarısıdır. Məni taksiyə oturtdular. Beləcə, Ankaranın gecə görüntüsünü izlədim. Bunu yaşamaq və 8-ci km-ə getmədiyimi ağlımdan silmək üçün “Necə sakitmiş Ankara gecələri”nə, “Ankara gecələri sizə tanış gəlməzmi?”yə bənzər deyimləri öz-özümə təkrarladım. Amma-ancaq-lakin elə də kömək etmədi...

... İndi yazıya ara verdim – kəskin xəbərdarlıq aldığımdan defikasiya aktını tamamlamalıydım. Bu akt daha öncəkindən yüngül keçdi. Vizual müşahidələrimə görə, tərkib və ölçüləri baxımından fekaliyalar orta Avropa standartına yaxınlaşır...

Yanğım öləzisə də, dodaqlarım qaysaq bağlayıb və ağzımı bir qədər çətin açıram. Səsim yenə batıb, çünki “prova”da həm çox danışır, həm də çoxlu siqaret çəkirəm. Bütün hallarda yeməyimi qaydaya salmalıyam, yoxsa sıradan çıxaram. Gərək duru və isti yeməklərə keçəm. Özüm məşğul olaram...

Dünən – 31.XII. 1984-cü ildə bircə məşqim oldu. Səhnədə “Riqoletto”nun baş məşqi keçirildiyi, foyeni isə rəqs “prova”sına verdiyim üçün xırdaca bir otaqda mətni təmizləyirdim (həm də oyunu...). Danışığın daha çox yer aldığı 1-ci pərdəni təkrar-təkrar məşq etdirərək işə ara vermədim.

Sonra Rəcəb gəldi və “prova”nın ardından adama bir stəkan iyrənc çay içib, Tufanla (xoreoqrafla) söhbətləşdik. Halənin hələ də qiyam etdiyi üzə çıxdı. Məsələ bundadır ki, Tellini Rəzzan oynadığı zaman hər ikisi özünü sakit aparırdı. Daha yaxşı oynayan Gizəm gələndən və öz oyunu, səsi, plastikası və ən başlıcası, gəncliyi ilə onlardan üstün olduğunu göstərəndən bəri durum dəyişib – onlar Gizəmə qarşı birləşiblər. Cəmi bir ildir teatra gələn Gizəmin tezcə önə çıxacağından qorxurlar. Onun zəngin olmasının, milyonçular məhəlləsində yaşamasının, hər gün təzə paltar geyməsinin – hər şeydə üstünlüyünü qorumasının da təsiri az deyil. Dolayı yollarla onlara eşitdirdim ki, dünya yerlə bir olsa da, ilk tamaşada Gizəm oynayacaq. Kəriman dərhal geri addım atsa da, bu axmaq Halə heç cür sakitləşmir və Tufanı da rəqsi dəyişməyə məcbur edib ki, kişi rəqsini o yox, Gizəm oynasın.

Tufanla danışandan sonra Alevin yanına getdik. Ona proqram mətni üçün yazdıqlarımı oxudum. Bəyəndi. Sonra Alevə miniatür bağışladım. Sevindi, amma dedi:

- Kusura bakma, param yok, ben de sana...

Onun sözünü kəsəndə, tatarca -- Küb rəhmət (Çox sağ ol)! – söylədi.

Ardından Hüsaməddin bəyə baş çəkdik. O, çox devikdi, ora-bura qaçdı, adamları qəbul
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

etdi, ancaq sonra məqam tapıb ona Nizaminin əsərini bağışladım. Bu yerdə o bildirdi ki, Cahidlə Halə işə pəl vurmasınlar deyə onların, bir də İzzətin (Vəli rolunun ifaçısı) rollarını əvəzləyəcək aktyorlar ayırır.

Demə, mən gəlməzdən öncə teatrın bütün aparıcı solistləri “bu yüngül operettadan nə çıxar?” – deyərək tamaşadan uzaq qaçırmış. Amma indi üst-üstə diləkçələr yazır, teatrın o, ya da bu küncündə məni tutaraq öz tenor, bariton və bas səsləriylə “Arşın mal alan”a atəşin sevgilərini dilə gətirirlər. Hamıya “Evet”, “İyi”, “Bakalım” söyləyirəm. Məni onlar deyil, tamaşanı vaxtında çatdırıb-çatdırmayacağım düşündürür. Yanvarın proqramı mətbəədən çıxıb (bədii proqram yox, blank) və orada 3 tamaşanın müddəti – 19; 23 və 30 yanvar tarixləri göstərilib. Hüsaməddin bəy həmin tarixlərdə israr edir, amma bu gün “Haberler” verilişinin “Sanat” bölümündə Ankaradakı dövlət teatrlarının ilk tamaşalarını sadalayan diktor “Arşın mal alan”ın adını çəkmədi. Hüsü (Hüsaməddin bəy – Z.M.) Cahidin əvəzlənməsində də israr edir və mən buna birmənalı “yox” cavabı verəndə o, sözünün canını anlatdı. Belə çıxdı ki, Cahid TV-də pul qazandığından hamı (!) Hüsünün ondan “pay” aldığını düşünür. Bütün bunları Rafaelin mahnısındakı “Qoy danışsınlar!..” nəqəratıyla cavabladım... Belə-belə işlər – mən tamaşanı bitirməliyəm, amma bunlar oyun oynayırlar...

... Sonra Büləndlə təkrar danışdım, Otellodan söz açdım – qavrayış və duyumu yerindədir. Daha çox bədii rəhbərə bənzəyən maestro ilə də yenə görüşdüm və... Rəcəblə otelə gəldik. Söhbətin ardından saat 6-da mənim ona bağışladığım 2 musiqi valını da götürüb getdi. Sonra isti-soyuq suda duşlandım, çay içdim və səfirliyə yollandım (Sonrasını daha öncə yazmışam)...

**

Oteldə yediklərimin pulunu ödədim – 11 min lirə. Əhəd başını tutdu.

**

Gözlərim yumulur. Pəncərənin o üzündə dan yeri sökülür, taksi sürücüləri çığır-bağır salır (aşağıda taksi dayanacağı və özəl avtomobillərin saxlandığı bir başqa dayanacaq var). Qələm əlimdən düşür. Səhifədə boş qalan yerləri də doldurub yatacağam. Mənim durumumda daha nə düşünüb-tapmaq olar ki?..

**

Pəncərədən boylanıram: Oy! Ağappaq qar yağıb və artıq qış təşrif buyurub!..

(Ardı var)

Günün bütün mövzuları

XS
SM
MD
LG