Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52
«Bir «paçka» kağız gətirdilər, dedim əvvəl oxuyum, sonra imzalayım, Baxış Zülfüqarlı dedi imzala getsin, vaxt yoxdur, qardaşlarımı həbsdən çıxartmalıyıq».

Bunu iş adamları Zülfüqarlı qardaşlarının təsisçisi olduğu «Birlik» MMC-yə məxsus «Bakı Elektroştamp» və «Bakı Poladtökmə» zavodlarının əllərindən alınması ilə bağlı Xətai Rayon Məhkəməsində fevralın 21-də keçirilən məhkəmə iclasında «Birlik» MMC-nin keçmiş direktoru Cəfər Nuruşov deyib.

Zülfüqarlı qardaşlarının «Birlik» MMC-nin indiki direktoru Mahir Ağayevə və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddiaları üzrə proses hakim İlqar Qaralovun sədrliyi ilə davam edir. Məhkəmə iclasında şahid kimi dindirilərkən bildirib ki, direktoru olduğu MMC-nin səhmlərinin alqı-satqısı tarixini xatırlamır. Həmin gün ona Baxış Zülfüqarlı zəng edib və onu təcili Milli Depozit Fonduna çağırıb:

«Mən ora gələndə dedi ki, bu sənədlərə imza et, zavodları satırıq. Dedim ki, bu sənədləri əvvəlcə oxumaq lazımdı. Baxış dedi ki, oxumağa vaxt yoxdur, zavodları təhvil verib, qardaşlarımı həbsdən qurtarmalıyam. Mən də zavodun zavodun Zülfüqarlılar olduğuna görə Baxış Zülfüqarlının dediyi sənədlərə imza etdim və çıxıb getdim. Axşamtərəfi Baxışa zəng vurdum, soruşdum ki, məsələ nə yerdədir, dedi qardaşlarımı Bayıl həbsxanasından çıxartdım, yoldayıq, evə gedirik».

Cəfər Nuruşov bildirib ki, alqı-satqı zamanı o heç kimdən pul almayıb. O, alqı-satqı zamanı Gəray Məmmədovu da görməyib. Sonradan eşidib ki, zavodların səhmlərinin 85 faizi belə bir adda adama satılıb və zavodun əsas sahibi də həmin adamdır: «Mən səhmlər satılandan sonra 2 ildən çox o zavodda elə direktor kimi işlədim, ancaq bir dəfə də olsun Gəray Məmmədovun üzünü görmədim».

Milli Depozit Fondunun nümayəndəsi məhkəmənin nəzərinə çatdırıb ki, alqı-satqı zamanı tərəflərin bir-birini görməsinə ehtiyac qalmayıb. Çünki alqı-satqını broyker həyata keçirib.

«ZÜLFÜQARLI QARDAŞLARININ İDDİALARI ƏSASSIZDIR»

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Ülvi Nəsirli isə bildirib ki, alqı-satqı düzgün həyata keçirilib və Zülfüqarlı qardaşlarının iddiaları əsassızdır.

Vəkil Aslan İsmayılov

Vəkil Aslan İsmayılov

Vəkil Aslan İsmayılovun suallarına cavab olaraq Milli Depozit Fondunun nümayəndəsi bildirib ki, broykerlərin fəaliyyəti Milli Depozit Fondunun razılığı ilə həyata keçirilir. Aslan İsmayılov isə alqı-satqını həyata keçirən broykerlərin, Gəray Məmmədovun və Mahir Ağayevin məhkəməyə dəvət olunmasını xahiş edib. Cavabdeh tərəflər buna etiraz ediblər.

Hakim də vəkilin vəsatətini təmin etməyib və məhkəmə çıxışlarına başlanmasını təklif edib. Aslan İsmayılov bildirib ki, o, 19 səhifəlik çıxış yazıb. Lakin Cəfər Nuruşovun şahid ifadəsi ilə bağlı çıxışına əlavələr etməlidir və buna görə məhkəmədən vaxt istəyib. Növbəti məhkəmə iclası fevralın 24-nə təyin olunub.

Bu zavodlar hazırda Türkiyədə mühacir həyatı yaşayan Zülfüqarlı qardaşlarına məxsusdur. Zavodun sahiblərindən biri, qardaşların böyüyü Nurəddin Zülfüqarlının sözlərinə görə, onlara məxsus əmlakın 85 faizi qardaşı Loğmanla həbsxanada olduqları müddətdə, 2006-cı ildə əllərindən zorla alınaraq Gəray Məmmədov adlı şəxsin adına sənədləşdirilib.

Qardaşlardan digəri Baxış Zülfüqarlı isə deyir ki, zavodun 85 faizlik payı həmin adamın adına dövr edilsə də onlara bir manat da pul verilməyib. Onun sözlərinə görə, həmin sənədin imzalanmasından sonra qardaşları həbsxanadan buraxılıb. Bir müddət sonra isə məhkəmə onlara bəraət verib.

Vəkil Aslan İsmayılov isə deyir ki, hazırda Poladtökmə zavoduna Rasim Məmmədov adlı şəxs rəhbərlik edir.

Zavodları əllərindən alınan Zülfüqarlı qardaşları indi Türkiyədə yaşayırlar. Son aylarda isə qardaşlara məxsus üçüncü zavodun, Xəzər-Boru zavodunun da fəaliyyəti mübahisələrə görə dayandırılıb.

Bu yaxınlarda isə zavodlar Gəray Məmmədovun adından Mahir Ağayev adlı şəxsin adına keçirilib və Mahir Ağayev də Zülfüqarlı qardaşlarının iddiası ilə keçirilən məhkəmədə cavabdehə çevrilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG