Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

Taksi sürücülərinin üzləşdiyi yeni problem


Nəqliyyat Nazirliyinin Dərnəgüldə yerləşən cərimə dayanacağı. Sürücülər cərimə dayanacağına maşınlarını çıxarmaq üçün gəldiklərini deyirlər

Nəqliyyat Nazirliyinin Dərnəgüldə yerləşən cərimə dayanacağı. Sürücülər cərimə dayanacağına maşınlarını çıxarmaq üçün gəldiklərini deyirlər

Son günlər taksi xidməti göstərən sovet maşınlarına qarşı reydlərə başlanılıb. Reydləri Nəqliyyat Nazirliyi aparır. Şəhərin müxtəlif yerlərində saxlanılan sürücülər Dərnəgül qəsəbəsində Nazirliyə məxsus xüsusi dayanacağa aparılır. Biz orda olanda həmin dayanacağın qapısı ağzında bir neçə sürücü dayanmışdı. Sürücü Alim Mürsəliyev iddia edir ki, taksi xidməti göstərmədiyi halda nazirlik əməkdaşları aldadaraq onun maşınını əlindən alıblar.
«ƏL ELƏDİLƏR, SAXLADIM, MİNƏN KİMİ AÇARI ALDILAR»
«Yolda gəlirdim, əl elədilər, saxladım. Dedilər «Nəqliyyat Nazirliyindənik» və mən maşından düşdüm. Açarı və texniki pasportu aldılar ki, «gəl razılaşaq». Maşından 30-40 metr aralandıq və texniki pasportu qaytardılar ki, gedə bilərsən. Döndüm dala baxdım ki, maşınım yoxdur, sürüb gediblər».
Nəqliyyat Nazirliyinin maşını cərimə dayanacağına daxil olarkən

Nəqliyyat Nazirliyinin maşını cərimə dayanacağına daxil olarkən

Alim Mürsəliyev deyir ki, bir müddət sonra aydınlaşdırıb ki, onun avtomobilini Nəqliyyat Nazirliyinin Dərnəgüldəki dayanacağına gətiriblər.
Elə dayanacağın qapısı önündə dayanan sürücülərin hər biri bu kimi problemlə üzləşdiyini deyirdi.
TAKSİ SÜRÜCÜLƏRİ DAYANACAQLA «BAKI ŞƏRNİŞİNNƏQLİYYAT» ARASINDA
Ələddin Məmmədovu isə taksi xidməti göstərdiyi vaxt saxlayıblar. Dediyinə görə, indiyə qədər ayda 50 manat ödəməklə nazirliklə razılaşdırılmış gizli «51» kodu altında fəaliyyət göstərib. Bu səbəbdən də ona heç kim mane olmayıb. İndi belə bir xidmətin olmadığını deyən sürücünün sözlərinə görə, ödəniş etdiyi bir aylıq müddətin bitməsinə hələ bir neçə gün qaldığından o, hər hansı problemlə üzləşməyəcəyini zənn edirmiş:
«Əl elədi, saxladım, oturan kimi özünü təqdim etmədən açarı götürdü. Bir az mübahisə etdik. Dedi «gedək idarəyə», özüm sürdüm, getdik. Çatdıq, məni burda aldatdılar, maşınımı aldılar əlimdən, saldılar dayanacağa».
LƏĞV OLUNAN «51» KODU VƏ ALINAN 101 MANAT
Avtomobili nazirliyin Dərnəgül qəsəbəsindəki dayanacağına aparılan bütün sürücülərə 101 manat cərimə ödəməklə bağlı sənəd verilir. Sürücülər yalnız həmin pulu Nəqliyyat Nazirliyinin «Bakı Sərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) taksi bölməsinə ödəniş etdikdən sonra öz maşınlarını götürə bilərlər.
Biz nazirliyin adı çəkilən qurumunda olanda orda qələbəlik idi. Kimi həmin cəriməni ödəmək üçün, kimi də üzləşdiyi problemə aydınlıq gətirilməsi üçün gəldiyini deyirdi. Ödəniş edən sürücülər həm də bir daha qanunsuz taksi xidməti göstərməyəcəkləri ilə bağlı xəbərdarlıq sənədinə də imza atırlar.
SÜRÜCÜLƏRİN DİLİNDƏN ALINAN YAZILI İLTİZAM
Sürücülər Bakı Sərnişinnəqliyyat MMC-yə cərimə ödəyərkən

Sürücülər Bakı Sərnişinnəqliyyat MMC-yə cərimə ödəyərkən

Belə bir xəbərdarlığa imza atan sürücünün dediyinə görə, «Bakı Sərnişinnəqliyyat» bu sənədi onların adından özü hazırlayır, çap olunur, onlar yalnız imza edir.
«16 fevral 2012-ci ildə mən xidmətə dəvət olundum və qanunsuz taksi xidməti ilə məşğul olduğum üçün mənə xəbərdarlıq edildi. Söz verdim ki, bundan sonra qanunsuz taksi fəaliyyəti ilə məşğul olmayacam. Aparılan izahi işdən sonra məndə olan narazılıq aradan qalxdı. Bununla əlaqədar xidmətə və xidmət əməkdaşlarına qarşı heç bir narazılığım, şikayətim və iddiam yoxdur. Ərizəni oxudum, təsdiq elədim.
- Bunu özünüz yazmısınız?
- Yox, guya mən yazmışam. Bax bu otaqda yazırlar. Özü də bu kağıza görə bizdən 2 manat alırlar.
QONŞUSUNA GÖRƏ, PROBLEMLƏ ÜZLƏŞƏN SÜRÜCÜLƏR
Özəl firmalardan birində sürücü işləyən Elvin Duruşov isə işə gələndə Buzovnadan qonşuları da onunla gəlib. Dediyinə görə, qadın maşından düşən kimi Nəqliyyat Nazirliyinin işçiləri onun sənədlərini əlindən alıblar:
​«Mən ticarət mərkəzlərinə yük daşıyıram, taksi xidməti göstərmirəm. İndi müdirim zəng edir ki, nə oldu. Məni işdən çıxarsalar, bunlar məni işlə təmin edəcəklərmi?»
Sürücülər zarafatla deyirlər ki, gərək yolda qohum-qonşu görəndə özlərini görməməzliyə vuralar:
«Qonşu mindirmə, qohum mindirmə, arvad-uşağı maşına mindirmə... Belə şey olar!»
«Mən səhər Buzovnadan gələndə yaşlı qonşumuzu da götürüb gətirdim metroya. O düşən kimi nazirliyin əməkdaşları mülki formada mindilər maşına ki, sən taksi xidməti göstərirsən».
Sürücülərin dediyinə görə, birinci xəbərdarlığı pozanlar növbəti dəfə 200 manat cərimə olunurlar.
«SÜRÜCÜLƏR YALAN DANIŞIR, XƏSARƏTİ DƏ ÖZLƏRİNƏ ÖZLƏRİ YETİRİR...»
Nəqliyyat Nazirliyinin «Bakı Sərnişinnəqliyyat» MMC-nin sərnişindaşıma şöbəsinin müdiri Yunis Abdullayev

Nəqliyyat Nazirliyinin «Bakı Sərnişinnəqliyyat» MMC-nin sərnişindaşıma şöbəsinin müdiri Yunis Abdullayev

Nəqliyyat Nazirliyinin «Bakı Sərnişinnəqliyyat» MMC-nin sərnişindaşıma şöbəsinin müdiri Yunis Abdullayev isə bütün məsələlərdə sürücüləri günahkar sayır. Deyir sürücülərin iddiaları əsassızdır:
– İnzibati Xətalara görə, lisenziyasız fəaliyyətə görə sürücülər 100 manat cərimə olunurlar, onlara qəbz verilir, 1 manat da bank xidmətinə görə ödənilir. Əgər burda qəbahət hal varsa, biz buna məsuliyyət daşımağa hazırıq.
- Sürücülər deyir onlara qarşı zorakılıq olur, onları aldadıb sənədlərini əllərindən alırlar. Bu barədə nə deyə bilərsiniz?
- Onlar uşaq deyillər, vəsiqəni də özləri cırır, xəsarəti də özlərinə özləri yetirirlər ki, öz qanunsuz əməllərinə don geyindirmək üçün. Taksi sürücülərinin əksəriyyəti qanuna tabe olmurlar.
Yunis Abdullayevin sözlərinə görə, sürücülər 100 manatı qanunsuz taksi xidməti göstərdikləri üçün ödəyirlər. Sürücülər isə bu deyilənlərə öz etirazlarını bildirdilər:
Ərşad Hüseynov

Ərşad Hüseynov

- Sizin dediyinizdən belə çıxır ki, biz acından ölməliyik. Bizim pulumuz yoxdur gedib «Mersedes»i necə alaq?
HÜQUQŞÜNAS: SÜRÜCÜLƏRƏ QARŞI OLANLAR QANUNSUZLUQDUR
Hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, heç bir sürücünün sənədləri əlindən alına bilməz, nəqliyyat vasitəsi heç yerə aparıla bilməz:
«Bunlar hamısı qəti qadağandır. Protokol tərtib oluna bilər ki, get bu məbləği hansısa banka ödə. Deyilən əməllər hamısı qanunsuzluqdur, qoçuluqdur».
Hüquqşünasın sözlərinə görə, belə haqsızlıqla üzləşən sürücülər dövlət orqanlarının hərəkətlərindən məhkəmələrə müraciət edə bilərlər. Ərşad Hüseynov deyir ki, sürücülərin hansı dərəcədə qanunsuz hərəkət etmələrindən asılı olmayaraq onu məsuliyyətə cəlb edən məmur qanun çərçivəsindən kənara çıxmamalıdır. Qaldı ki, sürücülərin dilindən iltizam alınmasına, hüquqşünas belə bir yazılı sənədin də heç bir hüququ əsası olmadığını deyir. Ərşad Hüseynova görə, bu, sürücülərə psixoloji təzyiqdən başqa bir şey deyil.

Şərhləri göstər

XS
SM
MD
LG