Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:40

Çexiyadan azərbaycanlı futbolçu milliyə dəvət olunub


15 yaşlı Məmməd Məmmədov

15 yaşlı Məmməd Məmmədov

«Uşaqlıqdan topla böyümüşəm. Futbola həmişə marağım olub. İndi isə futbol mənim həyatımdır».

15 yaşlı Məmməd Məmmədov azərbaycanlıdır, amma Çexiyada doğulub və orada yaşayır. 5 yaşından əvvəlcə Çexiyanın «Sparta» futbol klubunda, daha sonra isə «Dukla»da oynamağa başlayıb. Hazırda da «Dukla» futbol klubunun üzvü olan Məmməd bir çox uğurlara imza atıb. 2005-2006-ci ildə mövsümün ən yaxşı oyunçusu statusunadək yüksəlib, 13 medal sahibidir.

10 ildir ki, 10 nömrəli futbol formasını əynində daşıyan Məmməd hazırda Bakıdadır. Futbol üzrə Azərbaycanın milli komandasının (U16) yeni heyətinə seçilən 24 nəfərdən biridir.

Baş məşqçi Nikolay Adam fevralın 21-dən 29-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına çağırdığı heyətdə Məmməd özünü təsdiqləyəcəyinə əmindir:

«Azərbaycanda həmyaşıdım olan futbolçuları tanımıram. 1-2 oyundan sonra onları daha yaxından tanıyacam. Amma çox şadam ki, yeni oyunçular, yeni kollektivlə bir yerdə olacam».

RONALDO İLƏ BİR MEYDANDA

Məmməd Məmmədov «Dukla» klubunda mərkəz hücumçusudur. Qol vurmadığı oyunlarda isə çox məyus olduğunu deyir:

15 yaşlı Məmməd Məmmədov məşq zamanı

15 yaşlı Məmməd Məmmədov məşq zamanı

«Balaca vaxtımdan çox qol vururam, axır vaxtlar vurduğum qolların sayı daha da çoxalıb. Məsələn, 2011-ci ildə qış liqasında vurduğum qolların sayına görə, 513 nəfər arasında üçüncü idim, 9 qol vurmuşdum».

Futbolda olduğu illər ərzində Məmmədin ən çox xatırladığı anlar ən çox sevdiyi futbolçu Cristiano Ronaldonu meydanda yaxından gördüyü anlardır:

«6 yaşım olanda Sparta Manchester Unitedə qarşı oynayanda mən hakimlə əsas meydançaya çıxmışdım. Rooney, Ronaldo kimi oyunçuları gördüm. Hətta Ronaldo yanımdan keçəndə mənə toxundu, Rooney başımı sığalladı».

«İNANIRAM Kİ, AZƏRBAYCAN FUTBOLU İRƏLİ GEDƏCƏK»

Məmmədin məqsədi pərəstiş etdiyi Ronaldo kimi məşhur olmaq, futbol meydançasında öz imzasını qoymaqdır. Məqsədinə çatmaq üçün məşqlərindən də qalmır. Deyir hər günün 4 saatını idmana həsr edir, həftədə 3 dəfə klub məşqlərində olur, hər həftə sonu isə «Dukla»da oyuna qatılır.

Məmməd Azərbaycan futbolu haqda fikirlərini də bölüşür:

«Azərbaycan futbolunda elə də çox oyunçu tanımıram. Çünki burdan uzaqdayam, Çexiyadayam. Amma Vaqif Cavadovu tanıyıram, Abışov haqqında eşitmişəm. Azərbaycan futbolu əvvəl zəif idi, son 2-3 ildə inkişaf etməyə başlayıb. Məsələn, Azərbaycan Rusiya ilə çox yaxşı oynadı, bəyəndim. Almaniya ilə də pis oynamadı. İnanıram ki, gələcəkdə Azərbaycan futbolu irəli gedəcək».

Məmməd fevralın 21-dən Azərbaycan milli komandasında təlim-məşqlərə başlayacaq. Fevralın son günlərində isə Azərbaycan yığması hazırlıq çərçivəsində İran millisi ilə 2 yoxlama oyununda oynayacaq.

Məmməd Məmmədov «Dukla» oyunçuları arasında (Aşağıda: soldan birinci)

Məmməd Məmmədov «Dukla» oyunçuları arasında (Aşağıda: soldan birinci)

Şərhləri göstər

XS
SM
MD
LG