Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:06
«QAYNAR XƏTT»Ə ŞİKAYƏT

Fuad Teymurov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, ona 1-ci qrup müharibə əlili və müharibə veteranı statusları verilsə də, bu statuslarla mənzil almaq məsələsi ortalığa çıxanda problemləri yaranıb. Ona deyiblər ki, sən müharibədə yox, atəşkəsdən bir ay sonra - hərbi xidmət zamanı əlil olmusan. Fuad Teymurov da deyir ki, qalmışam belə - əgər müharibədə olmamışdımsa, niyə mənə müharibə veteranı statusu verilib. İndi Fuad Teymurov müharibədə əlil olduğunu sübut etmək üçün məhkəmə qapılarında qalıb. Deyir, bir əlil olmuşam, bir də bunu sübut edə bilmirəm.

O, statusunu sübut etmək üçün Müdafiə Nazirliyinə qarşı 2 saylı inzibati iqtisad məhkəməsində iddia qaldırıb. İddiasını belə əsaslandırıb ki, o, Qarabağda müharibə gedərkən - 25 dekabr 1992-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi hava müdafiə qoşunlarının alayında xidmət edib. Qarabağ müharibəsi veteranıdır. 14 may 1994-cü ildə atəşkəs elan olunub. Bundan bir ay sonra hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəzaya düşərək baş beyin kəllə travması alıb 1-ci qrup əlil kimi ordu sıralarından tərxis olunub. Yəni sağlamlığını hərbi xidmət zamanı itirib. 2 uşaq atasıdır, mənzil şəraiti pis vəziyyətdədir, əgər əlil olmasaydı işləyib mənzil şəraitini özü düzəldərdi.

«STATUSUMU SÜBUT EDƏ BİLMİRƏM»

Fuad Teymurov:

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirəm ki, necə olur Böyük Vətən Müharibəsində arxa cəbhədə olanlara mənzil, maşın verilir, öz torpaqlarımızın müdafiəsində əlil olanlara mənzil verilmir. Deyirlər sən Azərbaycan müdafiəsi zamanı yox, hərbi xidmətdə olmusan. Deyirəm axı mən 1-ci qrup müharibə əliliyəm, prezident təqaüdü alıram. Deyir onlar ayrı şeydir, Azərbaycanın müdafiəsi zamanı əlil olmaq ayrı şeydir. Mən Ağdamın Paprəvəndi kəndində hərbi xidmətdə olarkən məni hava sərhədlərinin mühafizəsi üzrə oxumağa göndərmişdilər. Yolda avtoqəzaya düşüb başımdan travma almışdım. Əvvəldən də elə hərbi xidmətdə kontuziya almışdım.
«Akop»larda yatmaqdan dizenteriya xəstəliyi tapmışam. 1993-cü ildə nə xəstəliklər tapmışamsa, bütün bunlarla bağlı Müdafiə Nazirliyinin, ekspert komissiyasının rəylərini də təqdim etmişəm ki, sabah mənə deməsinlər ki, Qarabağda olmamısan. Yenə də deyirlər ki, sən atəşkəsdən sonra hərbi xidmət zamanı əlil olmusan, sənə Azərbaycanın müdafiəsi zamanı əlillik statusu düşmür. Deyirəm bəs niyə müharibə veteranıyam? Niyə prezident təqaüdü alıram? Suallarım cavabsız qalır».

MÜDAFİƏ NAZİRLİYİ İNANMIR

Müdafiə Nazirliyinin nümayəndəsi Kənan Şahbazov isə iddianı əsassız hesab edib. Deyib ki, Müdafiə Nazirliyinin mərkəzi hərbi həkim komissiyasının 21 aprel 1998-ci il tarixli 197 saylı qərarına əsasən Fuad Teymurov hərbi xidmətdə xidməti vəzifəsini yerinə yetirərkən başından travma alıb. 1994-cü ilin iyununda hansısa döyüş əməliyyatı aparılmadığına görə onun iddiası əsassızdır.

Müdafiə Nazirliyinin mərkəzi hərbi komissiyasının nümayəndəsi Cəfər Etibarlı bildirib ki, Fuad Teymurov hərbi təhsil müəssisəsinə gedərkən avtomobil qəzası nəticəsində başından travma alıb və 1-ci qrup əlil statusu verilib. Ancaq verilmiş rəydə səhvə yol verilib, Fuad Teymurovun avtoqəza nəticəsində yox, odlu qəlpə yarası alması göstərilib.

HÜQUQŞÜNAS DEYİR Kİ...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Dövlət Proqramında mənzillərin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulub. Nazirlik bildirib ki, Fuad Teymurovun aid edildiyi kateqoriya əlillərinə mənzil verilmir.

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, müharibə şəraitində olan ölkənin cəbhə xəttində xidmət zamanı əlil olanlar müharibə əlili hesab olunur. Üstəlik, Fuad Teymurovun müharibə veteranı statusu varsa onun bundan sonra öz statusunu aydınlaşdırmasına ehtiyac yoxdur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG