Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:09

Ermənistanda evsizlərın sayı durmadan artır


Arxiv foto
Arxiv foto
Son iki həftədə təkcə Yerevanda əl-ayaqlarını don vurma diaqnozu ilə 3 nəfər evsiz xəstəxanaya düşüb, onlardan biri hamilə qadındır. Xəstəxananın şöbə rəhbəri Norayr Davidyan:
«Qadını artıq xəstəxanadan çıxarmışıq və sığınacağa yollamışıq. Kişilərdən biri – təxminən 40 yaşında olanın vəziyyəti çox ağırdır».
Norayr Davidyan narahatçılığını da bildirdi ki, bu cür insanların əksəriyyəti xəstəxanadan buraxılan kimi, hələ tam sağalmamış yenidən küçələrdə qalırlar. Hazırda Ermənistanın paytaxtında quraşdırılmış iki sığınacaq doludur. Evsizlər üçün sığınacaqlara rəhbərlik edən Ayk Poqosyan deyir ki, hər həftə azı 1-2 evsizə «rədd» cavabı verməyə məcburdurlar:
«Qış aylarında həddən artıq çox adam bizə müraciət edir. Bu yaxınlarda 66 nəfəri yerləşdirmişik, halbuki bizim sığınacaq 60 adam üçün nəzərdə tutulub. Bu gün çox adam var ki, öz kökündən ayrılıb, heç nəyi yoxdur. Elələri də var ki, qohum-əqrəbası olsa da, onlarla əlaqəsi yoxdur. Mən artıq il yarımdır ki, burada işləyirəm və deyə bilərəm ki, evsizlərin sayı durmadan artır».
EVSİZLƏRLƏ BAĞLI ARAŞDIRMA APARILMIR
Hazırda heç kim dəqiq deyə bilməz ki, Ermənistanda müəyyən yaşayış yeri olmayan vətəndaşların sayı nə qədərdir. Bu istiqamətdə heç bir araşdırma aparılmayıb. Amma onların sayının durmadan artdığını Əhalinin əmək və sosial müdafiəsi nazirliyinin əməkdaşı Anait Qevorkyan da təsdiqləyir. Onun dediyinə görə, təkcə Yerevanda bu gün 200-ə yaxın adam evsizdir və onlardan yarısı küçədə yaşamağa, gecələməyə məhkumdurlar:
«Bu gün bizim nazirlik və hökumətimiz üçün belə bir faktı dərk etmək çox çətindir. Ermənistanda heç vaxt bu qədər evsiz olmayıb. Amma bu gün sosial vəziyyət və yoxsulluq gətirib belə bir vəziyyətə çıxarıb. Mən hər kəsə, o cümlədən ictimai təşkilatlara və biznesmenlərə üz tuturam ki, bizə evsizlərə yardım proqramını həyata keçirməkdə kömək etsinlər».
Ermənistanda 2006-cı ilə kimi evsizlər üçün sığınacaq olmayıb. Hazırda isə iki belə sığınacaq var və hər ikisi paytaxtdadır. Onlardan biri Əmək və əhalinin müdafiəsi nazirliyi nəzdindədir və 60 fərə üçün nəzərdə tutulub. Digər sığınacaq isə ötən ilin dekabrından şəhər merinin dəstəyi ilə fəaliyyət göstərir və burada bu ilin martınadək evsizlər qəbul ediləcək. Burada da yerlər məhduddur, yalnız 40 nəfər qala bilər. Belə çıxır ki, hətta paytaxtda da evsizlərin yarısının bu şaxtalı qış günlərində sığınmağa isti ocağı yoxdur. 55 yaşlı Anait Mitiçyan sığınacaqda özünə yer tapmaqda bəxti gətirənlərdən biridir. Deyir ki, yaza kimi burada qalacaq, sonrası isə Allaha əmanətdir:
Ermənistan. 10 Fevral 2012
Ermənistan. 10 Fevral 2012
«Mən dekabrdan buradayam, marta kimi qalacam. 1989-cu ildən evsizəm, küçədə harda gəldi yatırdım, butulka yığıb təhvil verirdim. İndi heç qəpik-quruşa da butulkanı götürmürlər».
«5 OĞLUM OLUB, İNDİ EVSİZƏM»
Volodya Mailyan Eçmiaçina şəhərindəndir. Beş oğlu olub, indi isə heç kimi yoxdur, sığınacaqda qalır. Əvvəllər şəhər merində çalışıb, kirayə evdə qalıb. Sonradan səhhəti ilə bağlı işini itirib, küçələrə düşüb:
«15 il Yakutiyada işləmişəm, sonra məni qarət ediblər və geri qayıtmışam. Buradakı evimi satıblar, küçədə qalmışam. 5 oğlum olub, 3-ü Qarabağ müharibəsində həlak olub, biri isə qəza zamanı ölüb. Sağ qalan bir oğlum isə evimi satdı və çıxdı getdi – bilmirəm hara».
60 yaşlı Qevorq Sanasaryan ikinci qrup əlildir, 6 aydır ki, sığınacaqda qalır:
«Mən doğmalarımın yanından çıxıb qohumlarımın yanına getdim, sonra da tale məni bura gətirdi».
- Burda nə qədər qalacaqsız?
- Mən planlaşdıra bilmərəm, mənim evim yoxdur, əliləm, işləyə də bilmirəm.
Sığınacağın başqa bir sakini 79 yaşlı Serqey Navasardov Bakıdan qaçqındır. 20 ildən çoxdur ki, Ermənistanda harada gəldi qalır:
«Mən qaçqınam, bir müddət dostumun yanında qaldım, sonra harada gəldi yaşamışam, yatmışam – küçələrdə, bostanlarda».
60 EVSİZƏ 150 MİN DOLLAR
Sığınacağa sığınan bu insanlardan hər birinin bir taleyi var, paytaxt və bölgələrdən gəliblər. Sığınacağın direktoru Armen Qurjinyan deyir ki, dövlət büdcəsindən onlara ayrılan maliyyə artırılmır ki artırılmır:
«2011-ci ildən 2012-ci ilə heç nə dəyişmədi. 60 evsizə il ərzində dövlət büdcəsindən 150 min dollar pul ayrılır».
Armen Qurjinyan onu da deyir ki, biznesmen və xeyriyyə təşkilatlarından yalnız qocalar evinə yardımlar edilir, evsizlər üçün sığınacaqlara yox:
«Yalnız qocalara kömək edirlər, evsizlərə yox, onlar üçün yardım almamışıq».
XS
SM
MD
LG