Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:05

AXCP fəalı Zeynal Bağırzadənin məhkəməsi keçirilib


Fevralın 17-də AXCP fəalı Zeynal Bağırzadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Yaşar Bağırsoy məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlərə dair məhkəmədə keçirilən prosesdə Zeynal Bağırzadə bir neçə vəsatətlə çıxış edib.

Z.Bağırzadə bildirib ki, ona qarşı irəli sürülən ittiham saxta olduğundan cinayət işinə xitam verilməlidir.

Bundan başqa Zeynal Bağırzadə, prosessual normaları pozduğuna görə, prokurorluğun müstəntiqi İlqar Əsgərov barəsində qərar çıxarılmasını istəyib.

O, həmçinin prosesdə videoçəkilişə icazə verilməsi və səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilməsi barədə də vəsatət irəli sürüb.

İlk 2 vəsatət qəbul edilməyib. Hazırlıq iclası fevralın 20-dək təxirə salındığından hakim digər vəsatətlərin baxılmasını növbəti prosesə saxlayıb.

Zeynal Bağırzadə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, saxta sənədlərdən istifadə etmə və dələduzluq yolu ilə külli miqdarda ziyan vurmada ittiham olunur.

2011-ci ilin dekabrında Naxçıvan şəhər Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.
XS
SM
MD
LG