Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:22
Xuraman Hüseynzadə


Şeirlər


***

Sevgililər gününü
ya tənha bir otaqda,
yığılmamış yataqda
külqabı, viski ilə
həyatın ölüm qoxan
tənhalıq riski ilə
keçirəcəyəm.
Sevgililər günündə
səssizliklə

sənsizliklə baş-başa-
bu gün bir aktyorun
monoloqu-tamasha...
Ürəyindən savayı
dinləyicisi olmaz,
gözlərindən başqa
seyrçisi...

Sevgililər günündə
qoluma boşluq girər,
parfüm dükanlarının,
çiçəklərin yanından
ötərəm yapa-yalnız.
Sevgililər günündə
məni dərd tapar yalnız...


***


Hava soyuq, ev isti,
Pəncərəmə qar yağır.
Məni yataqda görüb
Pəncərəm də ağlayır.

Yəqin sevgilim gəlib,
Məni çöldə gözləyir.
Bəlkə elə onunçün
Qar da çölə səsləyir.

Tez düşürəm aşağı,
Bu nə çovğun, bu nə qar?!
Yollar da buz bağlamış.
Heyhat! Bir kimsə yoxdur...

Ürəyim elə yanır
Bu qışın istisində...
Bir yandan da bu zəngli
Saat elə bağırır,
Yuxuma haram qatan
İyulun 7-sində...


***


Bu şəhərdə
yad adamlar kimi
sənə yuxarıdan aşağı baxır
göydələnlər...
Çoxunun işığı yanmır,
... çoxuna insan nəfəsi dəymir...
Çoxu vücudunu qoyulan qiymətə
sata bilmir...
Hamı yatır bu şəhərdə,
təkcə qaranlıq otağı
çox olan göydələnlər yata bilmir...


***


Sən məni olduğum kimi tanı, arkadaş...
Mən beləyəm...
Şeirlərim ya bir qaşıq bal,
ya da bir qaşıq zəhər kimi boğazını yandıracaq...
Çünki
... onların hər misrasında bir sevgi doğulur,
ya da iki ürək ayrılır bir-birindən...
İntihar-bunun adı, arkadaş, intihar-
Ürəyin şah damarından asılmaq,
Məzarı ürəkdə qazılmaq

Tanrının sərxoş,
sevgidən bihuş halında
taleyi qara rənglə yazılmaq!!!


***


Bu qış ölüm qoxuyur,
Gözlərimdən qar gedir.
Paltar sərdiyim ipdə
Buzlar intihar edir...


***


Üşüyürsən məzarda,
Qar yağır asta-asta...
Elə bil, narın-narın
Duz yağır yaram üstə...


***


Dord yanında qızılgültək açaram,
Axsham olar, sarmaşıqtək bükülləm.
Məzarına çiçək-çiçək qar yağar,
Mən də burda ləçək-ləçək tökülləm...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG