Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

“Pendir müharibəsi” qızışır


Ukrayna və Rusiya prezidentləri Yanukoviç və Medvedev

Ukrayna və Rusiya prezidentləri Yanukoviç və Medvedev

Rusiya və Ukrayna arasında “pendir müharibəsi” qızışır.

Ukraynada istehsal edilən pendirin nə az-nə çox 80 faizi Rusiyaya ixrac olunur və indi Moskvadakı məmurlar Ukraynanın 3 böyük müəssisəsinin buraxdığı pendirlərə, onların təbirincə, “aşağı keyfiyyətli olması səbəbindən” qadağa qoyublar.

Sual yaranır ki, qadağa doğrudan da keyfiyyət məsələsinə görədir, yoxsa burda bir siyasət var?

Əslində Rusiya ilə Ukrayna arasında münasibətlər düzəlmiş kimi görünürdü. Rusiyayönümlü siyasətçi Viktor Yanukoviç 2010-cu ilin fevralından prezidentdir. O, əvvəlki qərbyönümlü prezident Yuşşenko kimi Ukraynanın NATO və Avropa Birliyinə inteqrasiyasına o qədər də həvəsli görünmür. O, hakimiyyətə gələndən sonra Rusiya ilə qaz məsələsində də anlaşdı və əvvəlki prezidentin dövründə olduğu kimi daha Rusiya borcu əsas gətirib qışın soyuğunda Ukraynanın qazını kəsmir.

Amma indi iş o yerə çatıb ki, rusiyayönümlü prezident Yanukoviçin məmurları da Ukrayna-Rusiya münasibətlərinin ən gərgin olduğu illərdəki kimi

Kremli siyasi şantajda ittiham etməyə başlayıblar

Rusiyada mal və məhsulların keyfiyyətinə nəzarət edən idarə - Rospotrebnadzor iddia edir ki, həmin 3 müəssisə hazırladığı pendirlərdə normadan artıq palma yağı istifadə edir.

Ukraynanın pendir istehsalçıları isə bu iddianı rədd edirlər.

2 ölkənin hökumətləri arasında razılaşma var ki, keyfiyyət problemi çıxarsa, onu Rusiya və Ukrayna mütəxəssisləri birgə araşdırmalı, məhsulu istehsal edən müəssisələri birgə yoxlamalıdırlar. Amma Rospotrebnadzor-un rəhbəri Gennadi Onişşenko qəfildən həmin razılaşmanı ləğv edib.

Ona görə də Ukrayna qərara alıb ki, 2 ölkə ilə bağlılığı olmayan, 3-cü tərəfi təmsil edən müstəqil ekspertlərə müraciət etsin.


Ukraynada pendirin qiymətləri düşüb... 7 fevral 2012

Ukraynada pendirin qiymətləri düşüb... 7 fevral 2012

Ukraynada Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri kimi çalışan keçmiş baş nazir Anatoli Kinax hesab edir ki,

“Pendir savaşı”nın keyfiyyət məsələsi ilə heç bir bağlılığı yoxdur

“Bu prosesdə iqtisadi, yaxud siyasi təzyiq olmamalıdır. Ukraynanın 3-cü tərəfə müraciət etməyə məcbur olması belə məsələlərdə ideal həll yolu deyil”.

Bundan əvvəl isə Ukraynanın baş naziri Mikola Azarov Rusiyanın ağartı məhsulları istehsalçılarını ittiham etmişdi. Baş nazirin fikrincə, “pendir savaşı”nın arxasında onlar durur və bununla da öz ukraynalı rəqiblərini gözdən salmaq istəyirlər.

Əslində dünya ölkələrində belə münaqişələr nadir hadisə deyil. Dəfələrlə bu və ya digər ölkədə İdxal edilən mallar normaya uyğun gəlməməsi səbəbindən qadağan edilir.

Amma Rusiya rəsmilərinin belə qadağaları, tez-tez məsələnin arxasında siyasi səbəblərin durması haqda şübhələr qaldırır.

Məsələn, bundan qabaq Gürcüstan və Moldova da Rusiyanı onların istehsal etdiyi şərabların idxalına siyasi səbəblərlə qadağa qoymaqda günahlandırmışdı.

Kiyevdəki Razumkov Analitik Mərkəzinin eksperti Pavlo Rozenko:

“Bu dəqiqdi ki, bu məsələnin siyasi tərəfi var. Rusiyadakı bəzi dairələr Ukraynanı təzyiq altında saxlamaqla onu müəyyən güzəştlərə məcbur etmək siyasəti yürüdürlər. Məsələn, qaz məsələsində, gömrük ittifaqı məsələsində, azad ticarət zonası məsələsində, yəni iki ölkənin sıx inteqrasiyasına yönələn məsələlərdə güzəştlərə məcbur etmək istəyirlər. Əslində buna rəvac verən də Ukrayna hakimiyyətidir, çünki o, həm Rusiya, həm də Avropa Birliyinə inteqrasiya etmək oyunu oynamaqla buna rəvac verir”.

Rusiya - Qazaxıstan və Belorusla birlikdə gömrük ittifaqı yaradıb və dəfələrlə Ukraynaya da müraciət edib ki, bu ittifaqa qoşulsun.

Artıq Ukraynada “pendir savaşı”nın ilkin acı nəticələri özünü göstərir. Azı 1 pendir müəssisəsi bəyan edib ki, istehsalı müvəqqəti olaraq dayandırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG