Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01
Zahid Sarıtorpaq


Şeirlər


NƏFƏS ÇATMIRDI O GÜN

… Dünyasını dəyişdiyi gündən təxminən bir ay əvvəl Şəhidlər Xiyabanını ziyarətə getmişdik.

O gün demək olar ki, çox şeydən danışdıq. Amma söhbətimizin çoxunu lal-dinməz elədik…

Üstündən bir neçə gün sonra bu şeiri yazdım. Ona oxudum. “Bir də oxu” dedi, oxudum. Sonra hər görüşəndə “oxu – deyirdi – bizim şeiri…” üz vururdu.

Axırıncı dəfə, həmişəki kimi Türkiyəli arkadaşlarımızın hüzur qiraəthanəsində görüşəndə nəsə tərslik elədim, oxumadım. Dodağında o unudulmaz təbəssüm üzümə baxdı: ”səni də bezdirdim, ay Zahid – dedi – ver bura özüm oxuyacam. Nəsə darıxıram…”

Bu vaxt dostlardan biri gəlib çıxdı. Eyvaz şeiri oxumadı, vərəqi qatlayaraq qəzetlərinin arasına qoydu. Qəfil ona zəng gəldi və o, qəzetlərini yığışdıraraq, üzr istəyib, tələsik getdi.

Şeirin əlyazmasını da bilincli olaraq, ya təsadüfdən özüylə apardı… Bu fani dünyada bu bizim son görüşümüz imiş demə…

Üstündən bir neçə saat sonra zəng vurdu: “bağışla – dedi – qəzetləri vermişəm bir tanışıma, əlyazma da gedib onun içində, ay Zahid, indi necə olacaq?” Güldüm: ”narahat olma – dedim – surəti kompüterimdə var. Bir də ki, əlyazmalar itmir, axı, deyirlər…” O da güldü: ”hə, doğru deyirsən – dedi – itməz yəqin ki…”

Vəssalam. Bizim son görüşümüzün və son söhbətimizin bəsit tarixçəsi təxminən belədi.

Mən indi bilirəm ki, o şeiri heç vaxt, heç kimə ucadan oxuya bilməyəcəm. Ərklə “bizim şeirimiz” adlandırdığı o adi duyğular dəstini, o sadə hisslər çimini indi onun – unudulmaz dostum Eyvaz Əlləzoğlunun xatirəsinə ithaf edirəm.

Bu gözəl, qeyri-adi insanın, əvəzsiz qələm əhlinin və bir həftənin içində ayrılığına tablamayaraq onun arxasıyca göyərçin kimi uçub getmiş ömür-gün yoldaşının ruhları qarşısında baş əyirəm.


şəhidlikdən enmişdik artıq
nəfəs çatmırdı
amma hələ də
o günəşli yanvar gününün əzilmiş yaxalığında
boynu buruq görkəmiylə qanı qaçmış qərənfillər
son dualarını yansıdırdı rüzgarlara
bakı zirzəmilərindən birində
bir hüzur qiraəthanəsindəydik səninlə
bir bardaq çay bəhanəsiylə
gərdişin altından girib
üstündən çıxırdıq sükutumuzla
küçədə
zirzəminin kiçik nəfəsliyi arxasında oynaşan
işıqlı toz çiskini
çılpaq baldırlarına sarmaşırdı gilavarın
yaşıl mahudlu girdə çay masasında
səbrimiz gicəllənirdi biz susduqca
qəzetləri vərəqlədikcə
hərdən “belə-belə işlər” deyirdik
ya da buna bənzər nəsə
ölümün dibində bardaş qurmuş həyatın
güzgülənmək üçün üzümüzə baxdığını
bilirdik söyləsəm günah olmaz ki
bir alma cöcəyini – bir kəpənək qurdunun
şahanə sarayını xatırladırdı sevgili məkanımız
ən azı yeyə bilməyəcəkdi bizi o günün əcəli
ona görə yox ki cöcək yeyilmir
əslində bu ölkədə hər şey olur
çəkməçilər elə bilər çəkmələrin yeyilmiş dabanlarına
günəşi mismarlayırlar
ancaq günlərini vurarlar ora yazılarını mıxlarlar
dərzilər elə bilər guya buludları qayçılayırlar
ancaq ömürlərini biçərlər yığvallarını kəsərlər
hələ məmurlar
boyunlarında qalstuk
hər gün yaltaqcasına girdikləri yerə bir də girməkdən ötrü
növbəyə durarlar səhərlərin çirkli gözü açılan kimi
dəsmallamaqdan ötrü and yerlərini
bir əlində də dəsmal olar onların
alimlərsə bircə yaşamdan başqa
hər şeyə çarə tapırlar guya
ancaq əslində hər şeyə çarə tapdıqlarında unutduqları
qocaman gözlüklərinin arxasında sulanan
dibi mamırlı gerçəklər olur
hələ hər kəlməbaşı “mən! mən!” deyən şairləri demirəm
üç hərfli bu iyrənc sözü
hər sətirdə təkrarlayan misginlər bilməz ki
vaxt gələcək bu çirkin kəlmənin
sonuncu hərfini deməyə gücləri çatmayacaq
“mə… mə…” deyə-deyə qalacaqlar
şeirimizin örən örüşlərində
hər dəfə “mən!” dedikdə
üç mahmızlı mizrağa oxşayan bu sözlə
özləri də bilmədən özlərini vurarlar
bayılaraq yaşadıqları xoşbəxtlikdən
ayılanda bir gün
bəlkə də tərsinə oxuyacaqlar o sözü
yəni körpə kimi “nəm-nəm…” deyəcəklər artıq
“nəm-nəm…”
hər şey mümkündü
bu meyit qoxulu mürgüsünə
sidr yerinə insan ömürləri sürtülüb
mataha mindirilən viranədə hər şey
bu qədər qısa görüşümüz olmamışdı heç
yırtıq maskasından əzablı üzü görünürdü

Eyvaz Əlləzoğlu

Eyvaz Əlləzoğlu

özündən xəbərsiz olan o günün
şəhidlikdən təzəcə enmişdik
o günün əzilmiş yaxalığında
boynu buruq görkəmiylə qanı qaçmış qərənfillər
son dualarını yansıdırdı rüzgarlara
birnəfəsə sümürdüyümüz qəzetlər
oksigen yastığıydı umudlarımıza
onları da sorub qurtarmışdıq
biri-birimizə baxırdıq çarəsiz
göyü deşik-deşik
yeri eşim-eşim olan dünyada
hər şey vardı o günəşli yanvar günü hər şey
bircə nəfəs çatmırdı
nəfəs


yuxusuzluq – 1

süd gölü
gecəqondunun tavanındakı hörümçək torunda
bir böcək cəsədi yellənirdi ölümündən razı kimi
amma düşənə oxşamırdı ağzı açıla qalmış gecəyə
gecədəki yuxusuzluğun içinə
qonşudakı ağlağan körpənin səsindən
bir cığır uzanırdı qaranlığın ürpənən səssizliyinə
yuxusuzluq o cığırla nə qədər iməkləsə də
can atdığı yerə çata bilmirdi
sabaha çıxırdı qəfildən çünki
həmişəki kimi işığa çıxınca hər şey
fanidə qərq olurdu gerçəyin qaranlığına
amma böcək yerindəydi hələ də
körpə hələ də ağlayırdı
bir nəlbəki süd qoymuşdum
pişiyim Bəyazın qabağına
içmirdi üzümə baxırdı
gözlərində qırmızıya çalırdı deyəsən süd
elə bil haçansa yuxuda
süd gölü gördüyüm düşürdü yadıma
deyəsən dünyanın bütün canlıları
boyunlarında kəfənləri o gölə sarı iməkləyirdi axı
hə o gölə sarı iməkləyirdi
qəfil yaramın içindən qızılı bir günəş doğurdu
qırmızıya boyayırdı gölü
sonra nəsə baş verirdi
ağlayan korpə kiriyirdi deyəsən
səsindən gecənin qaranlığına uzanan cığır itirdi
ölü böcək hörümçək torundan qopurdu
düşmürdü yuxusuzluğun içinə amma
hə düşə bilmirdi
başımın içindəkilər
qayım səsli xoruzların banıyla
çəyirdəklərindən çıxaraq çiçəkləyirdilər işığa
bir az sonra tövbə çağının dualarından
su içməyə gəlmiş göyərçin dəstələri
tökülüşürdülər dağınıq fikrimin yamaclarına
ağ kağızın üstündə rəqs eləyən
tüstülü Sözlərin arasında
mürdəşirini gözləyirdi vaxtın ölüsü
heç də dan üzünə bir natürmort deyildi bu dediklərim
olsa olsa xoşbəxtlik deyilən sabaha bir keçid idi
ölümün yalqızlığın ümidsizliyin altından


yuxusuzluq – 2


“getmə, tərsa balası, mən də sənə sayə gəlim…”


(Kavladi Koeslav Rin-ə bir yaddaş güzgüləməsi)

yığışdır səccadəni deməyə gücün çatmırdı
əvəzində qoy mey süzüm deyirdin dərddaş keçib daha
divardakı iblis şəklindən qalxan toza tüpürürdün
başını qaldırıb xaç çəkdiyin yerdən
qar yağırdı eşikdə oynaşan uşaqların səs-küyünə
göyün yumşaqlığıyla beləcə örtülürdü günün gerçəyi
yenə orada
ölmüş vaxtın yanmış qanadlarını öpürdün yaş kipriklərinlə
hisli bir lampanın içindən gəlməliydi yol
amma məbəddən gəlir deyirdin
yumşaq gecənin qarlı üzünü cızırdı çalınan kilsə zənglərinin səsi

səni vuran məntiqin dəmir dabanları altında
içinin sirri bir badam çəyirdəyiydi –
xıncım-xıncım qırılırdı alın sümüyündə qışın
deyirdin: xəncər tiyəsinə keçirilmiş
çörək tikəsinə bənzəyir dönük ürək –
soyuqlarda quşlar yox quşqular dimdikləyir onu
ayağı üzüklüdü sülh göyərçinlərinin
yalandı, nişan vurulub hamısına deyirdin
sonra tüstüsü boğulduqca üzülən ocaqla danışırdın
guya tüstünün xaça döndüyü göy üzünün ismarışı
həm düymələnir bir həvarinin daş-qalaq olmuş gerçəyində
həm də açılır demək
ağzının duasıyla yalançı bir möminin söyləyirdin
amma bu gerçəyin çatlamış camından ayrı şeylər sızırdı
gecənin qabırğasını sökən ağzı qanlı köpəklərin zingiltisi
boyunlarındakı zəncir cingiltisinə dolaşmışdı
sürüklənirdi yuxusuzluğun üşəntili dibsizliyinə
əslində adi bir gecəydi
eşikdə oynaşan uşaqların qar basmışdı səs-küyünü
ölümsüzlük iksirinin qoxusunu gəzirdin – amma hanı?
deməli gəldiyin kimi də gedəcəksən, hə? amma hara?
deməli təzədən pozulub yazılır bu saxtakarlıq söyləyirdin
yığışdır səccadəni deməyə gücün çatmırdı amma
əvəzində qoy mey süzüm deyirdin dərddaş keçib daha
divardakı iblis şəklindən qalxan toza tüpürürdün
sonda mey badəsinin çırpıldığı divara
maddım-maddım baxırdın
bax, bax deyirdin ordan başlamalıydı hər şey –
gözlərinin dibinə saplanmış
qılınc tiyəsinə doğranan dərdinə işarə edirdin sonra
amma bilmirdin ki orda
yuxusuzluğun nədəni çürüyürdü çarəsiz işıqların quraqlığında
əslində adi bir gecəydi
qar basmışdı eşikdə oynaşan uşaqların səs-küyünü
divardakı iblis şəklindən qalxan toza tüpürürdün
üzgün bir dost səsi çırpılırdı sənə
o səs: get – deyirdi – tərsa balası, sən sərxoşsan artıq
yetər Şeirə damdığın


stalker

qatar getdi biryolluq
hörümçək toru bağlamış gözlərin filmi bitdi
yazın ölüsünün suyu qurudu yaş budağın sınığında
o budaqdan geriyə qayıda bilməyən qarışqaya
tanrısı qanad verdi dan üzü: “hər şeyin çarəsi Ondadı…”
illər tərpənincə
yandırılmış təzək qoxusu vurdu
atları öldürülmüş keçmişin nəfəsindən
səsiylə qaranlığı doğraya-doğraya getdi qatar
öz-özünə pozuldu
alnını vaqonun şüşəsinə söykəmiş uşağın
üzündən oxunan güləbətin yazı
qatar getdi
ağlamsınan qızın gözündən düşüb çilik-çilik olan şəhərin
tozunu vağzalda burum-burum ciyərlərinə çəkdi
hər şeydən xəbərsiz miskin adamlar
qatar getdi getdi getdi
gözünün gördüyü ağlının kəsdiyi heç nə
içinin tutumuna hesablanmayıb adamın –
bu məntiq cücərdi hər şeydə
indi sən sübut elə ki
doğrudan da qədərin yükünə hesablanıb
çiyninin körpücük sümükləri
sübut elə ki
sən Onu özünə hesablaya bilmədiyin kimi
səni Özünə hesablayıb O
bitdi hörümçək toru bağlamış gözlərin filmi
qatarlar gedəndə yaxşı ki geriyə baxmır
indi neyləyirsən kim ollduğumu
tutaq ki bu şəhərdə bir şam ağacıyam
sibir ormanlarından gətirilmiş bir qocaman şam
qumrular yuva bağlamış qəribliyimdə deyək
nə dəyişəcək bununla
düzdü, şam budaqlarının yaşıl iynələrinə toxunan fəsillər
sabun köpüyündən başqa bir şey deyil əsla
amma gərək unudulmasın
yarpaqları həmişə yaşıl olsa da
şam ağacları kökləriylə yaşayırlar zamanı
gövdələriylə qocalırlar duyulmadan
bitdi hörümçək toru bağlamış gözlərin filmi
qatarlar gedəndə geriyə baxmır
yaxşı ki qanrılıb baxa bilmirlər
amma bir gün qayıda bilirlər hökmən
filmin sonu əvəzinə
ekrana bir stalker ölüsü qayıdırmış kimi


yazı

“…bu matəmgahı kim görmüş sürurabad şəklində”
M.Hadi

ölür üstümüzdə eyni yazının kölgəsi
nəfəsimiz qaralan boşluqlarda
yarasalar əvəzinə sözlər uçuşur səssiz
“bu, onlardı…” şəklində
öpdüyü yaş qəbrin torpağı dodağında
gülümsəyincə çiskinlərdə bir noyabr səhəri
xəzəl tüstülərinin pozulduğu yerdən
huşsuz bir külək düşür qucağına üryan payızın
“tanıyın onları, onlardı gələn…” şəklində
ağzında ilk kəlməsini çeynəyən çocuğun
dodağından su damır gülə
güldən bir böcək uçur çağrıldığı yerə sarı:
“onlardı, onlardı…” şəklində
eyni yazının işığı altında ölürük
gözlərimiz açılır son anda:
“hanı… hanı…” şəklində
Onlar qapayırlar:
“Odur…” şəklində

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG