Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Şair Nəsib Nəbioğlu: Bakıya gələndə sevinə bilmirəm...


Dolqoruki mükafatı Nəsib Nəbioğluna təqdim edilir...

Dolqoruki mükafatı Nəsib Nəbioğluna təqdim edilir...

“Yolların çəkilməsi, binaların tikilməsi, bunlar əlbəttə, yaxşı şeylərdir, amma...yaxşı olardı ki, xalqımızın, millətimizin güzəranı da yaxşı olaydı...” Moskvada yaşayan azərbaycanlı şair...

Bu ilin ilk ayında Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsindən xoş soraq gəldi. Moskvada yaşayan azərbaycanlı şair-tərcüməçi Nəsib Nəbioğlu 2011-ci ilin Yuri Dolqoruki adına ədəbi mükafatının laureatı olub.

Yüngül bir araşdırmadan sonra Nəsib bəyin koordinatlarını tapdıq, onunla söhbətləşə bildik.



--Nəsib bəy, xoş gördük! Lütfən özünüzü sizi tanımayanlara tanıdın. Harada doğulmusunuz. Hansı ruzgar sizi şimal ölkəsinə atdı?

--Bəri başdan deyim ki, özüm haqqında danışmağı sevmirəm. Bir halda ki, sual verirsiniz, deyim...Mən Moskvaya 1980-ci ildə gəlmişəm. Həmin ildə keçirilən Moskva olimpiadası qurtaran kimi Mərkəzi Komitənin qərarı və Azərbaycan Yazıçılar Birliyinin zəmanəti ilə 8 nəfəri Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərdilər. 1985-ci ildə institutu bitirəndə, ən yaxşı oxuyan tələbə olduğumdan, müəllimlərim mənim Azərbaycana qayıtmağıma razı olmadılar. O vaxtdan 32 ildir ki, Moskvadayam...

--Nə böyük müddətdir! Təəccübləndim düzü...

--Elədir. Ömrümün çox hissəsini Moskvada keçirmişəm. Moskvaya gələndə 25 yaşım vardı...

İNDİYƏDƏK 6 KİTABIM ÇIXIB

--Nəsib bəy, harada doğulmusunuz?

--Əslən Kəlbəcərliyəm. 5 il Bakıda M.F. Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışam. Elə 5-ci kursdan da məni Moskvaya göndəriblər. Oxuyub başa çatan kimi Dövlət Xarici Turizm Komitəsinə işə göndərdilər. Baş İdarədə mühüm vəzifədə işlədim. Orada 16 il çalışdım. O təşkilatın yaradıcılığa heç bir dəxli yox idi. Odur ki, 16 il sonra könüllü olaraq oradan çıxdım. Onu da deyim ki, bu illər ərzində bir gün də olsun yaradıcılıqdan qalmadım. İndiyədək 6 kitabım çıxıb. 2 kitabım rus dilində nəşr olunub. Bir çox rus şair və yazıçılarını Azərbaycan dilinə tərcümə etmişəm. Hələ sovet dövründə Vasili Şukşini, Valentin Rasputini, fransız dilindən Jan Pol Sartrın “Dəfn olunmamış ölülər” pyesini tərcümə etmişəm. A.S, Puşkindən tərcümələrim var. Sergey Yesenini dilimizə çevirmişəm.

--Bəs indi nə ilə məşğulsunuz, Nəsib bəy?

-- İndi azad yaradıcılıqla məşğulam.

--Rusiyada yaradıcılıqla dolanmaq mümkündürmü?

--Yaradıcılıqla dolanmaq olduqca çətindir. Amma dolanıram...

--Yəni eviniz-eşiyiniz-ailəniz varmı Moskvada?

--Var. Sovet dövründən ev almışam. Ailəm də var. Xanımım da Kəlbəcərlidir. Bir oğlum, bir qızım var.

VƏTƏNSİZLİK İKİQAT ƏZABDIR

--Azərbaycansız yaşamaq bir şair üçün çətin olsun gərək. Siz necə adlada bilirsiniz Vətənsizliyi?

--Azərbaycansız yaşamaq, şübhəsiz, çətindir. Qürbətdə yaşamaq heç bir insan üçün asan deyil. Bəzən deyirlər ki, harda güzəranın yaxşıdır—ora Vətəndir. Bu yanlış fikirdir. 32 ildir Moskvada yaşadığıma baxmayaraq, elə bir gün olmur ki, doğulduğum yer, evimiz-eşiyimiz, həyətimiz, camaatımız yadıma düşməsin...
Nəsib Nəbioğlu

Nəsib Nəbioğlu

Mənim üçün Vətənsizlik ikiqat əzabdır. Çünki doğulduğum torpaqlar işğal altındadır. Heç görə də bilmirəm. İldə-iki ildə bir dəfə Azərbaycana gəlirəm, amma Gəncədən o yana gedə bilmirəm. Söhbət qəriblikdə yaşamağın çətinlyindən gedirsə, bu mənim üçün zülümdür...

--Nəsib bəy, heç Azərbaycana, Bakıya köçüb gəlməyə cəhd eləmisinizmi?

--Bir neçə dəfə cəhd göstərmişəm, amma baş tutmayıb. Azərbaycana qayıdanda gərək bir işin olsun, dolanışığın olsun. Gəlib baxıb görmüşəm ki, heç kəs fikir vermir... qayıdıb gəlmişəm geri...

“OCAQ” CƏMİYYƏTİNDƏ ÇALIŞIRAM

--Moskvadakı soydaşlarımızdan kimlərlə görüşürsünüz?

--Moskvada çox böyük icmalarımız, cəmiyyətlərimiz var. Yəqin siz də eşitmisiniz. Ümumrusiya Azərbaycanlıları Konqresi, AzərRus Cəmiyyəti var, Milli-Mədəni Muxtariyyət, sonra Şəhriyar Ədəbi Cəmiyyəti var. Bunların içində ən önəmlisi mənim özümün idarə heyətinin üzvü olduğum “Ocaq” Cəmiyyətidir. Bu cəmiyyət hələ Sovetlər dövründə--1988-ci ildə yaranıb. Sədri də bizim hörmətli professorumuz, türkşünas alimimiz , tərcüməçimiz Tofiq Məliklidir. Mən də bir yardımçı kimi orada fəaliyyətimi davam etdirirəm. Həm də Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi var—2003-cü ildə yaratmışıq. Ətrafımızda Moskvada yaşayan ziyalılar, şairlər, yazıçılar, tərcüməçilər birləşib.Moskvada mədəni tədbirlər həyata keçiririk. Bəlkə də eşitmisiniz, bu illər ərzində heç kəsin eləmədiyini etmişik - Səməd Vurğunun 100 illiyini, Rəsul Rzanın 100 illiyini, Cəlil Məmmədquluzadənin, “Molla Nəsrəddin”in yubileylərini, Anar müəllimin yubileyini keçirmişik. Fikrət Qoca ilə görüş təşkil etmişik. Bu yaxınlarda, bilmirəm xəbəriniz oldu-olmadı—Mirzə İbrahimovun 100 illiyini qeyd etdik...

--Oldu, xəbər tutdum...

--Bakıdan gələnlər oldu. Bax, saydığım bu tədbirləri Tofiq müəllimlə mən təşkil etmişik. Amma çox maraqlıdır ki, iki gün sonra tədbir başqasının adına yazılır...

--Kimin adına yazılır, Nəsib bəy?

--Bayaq dediyim kimi, Moskvada xeyli sayda Azərbaycan cəmiyyətləri var. Amma ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə əsas Tofiq Məliklinin başçılıq etdiyi “Ocaq” Cəmiyyyəti məşğul olur. Tədbiri biz keçiririk, başqasının adına yazılır...

BAKIYA GƏLƏNDƏ SEVİNƏ BİLMİRƏM

--Nəsib bəy, Moskvadan baxanda Azərbaycan, Bakı necə görünür? İctimai-siyasi, həm də mədəni həyatı?

--Uzaqdan baxanda necə görünür? İndi sizə deyəcəyəm. Bax, Bakıya gələndə, mənə elə gəlir ki, dünyadan, mətbuatdan uzaq düşmüşəm, heç bir məlumatım olmur, amma Moskvaya gələn kimi hər şeydən xəbər tuturam. Moskvadan baxanda, Azərbaycan ovcumun içi kimi görünür. Azərbaycanda şübhəsiz, dəyişikliklər var, yolların çəkilməsi, binaların tikilməsi, bunlar əlbəttə, yaxşı şeylərdir, amma...yaxşı olardı ki, xalqımızın, millətimizin güzəranı da yaxşı olaydı... Açığını deyim ki, mən Bakıya gələndə heç cürə sevinə bilmirəm. Bilirsinizmi niyə? Əvvəla, mənim beşiyim Kəlbəcər, Qarabağ işğal altındadır. İkincisi də, qaçqınların acı taleyini görəndə, istər-istəməz sevinə bilmirəm...(sükut) Buyurun, Sevda xanım...

--Nəsib bəy, onda keçək mətləbə--ötən ay aldığınız Yuri Dolqoruki mükafatına.

--Bu mənim 6-cı şeir kitabımdır. Rus dilində çıxıb. Vaxtilə Sergey Mixalkovun mənim haqqında yazdığı bir yazını da kitaba önsöz kimi vermişəm. Maraqlı kitabdır.”Nəğməkar əsgər” adlanır. Mənim çox tərcüməçilərim olub. Rimma Kazakovadan tutmuş Natalya Zelinskayaya qədər. Son tərcüməçim Nikolay Alekseyeviç Qoroxovdur. 25 ildir onunla işləyirəm. O, Azərbaycan ədəbiyyatını
Sevda İsmayıllı

Sevda İsmayıllı

dərindən bilən və sevən bir şəxsiyyətdir. Bizim görkəmli şairlərimizi tərcümə edib. Məmməd Arazın “Kniqa moeqo otsa” kitabını da o çevirib. Mustafa İskəndərzadəni, İbrahim Göyçaylını, Oqtay Rzanı tərcümə edib. “Nəğməkar əsgər”də Rusiya ilə bağlı şeirlər də vermişəm, amma əsas Qarabağ faciəsini göstərmişəm. Ötən ilin sonunda zəng vurub mükafat aldığım xəbərini mənə verdilər. Ermənistandan, Belarusdan, Moldovadan da yazıçılar bu mükafata layiq görülmüşdü. Amma onların içində birinci yeri mənim kitabım tutmuşdu.

--Yuri Dolqoruki mükafatı nə vaxtdan təqdim olunmağa başlayıb və kimlərə verilir?

--2004-cü ildən Rusiya hökuməti və Kiyevdəki “Raduqa” rusdilli ədəbi-bədii jurnal tərəfindən təsis edilib. Bu beynəlxalq mükafat qeyri millətlərdən olan, amma rus dilində yazan şairlərə-yazıçılara verilir.

--Siz rusca şeirlər yazırsınız?

--Yox. Mən Azərbaycan dilində yazıram. Mükafat tərcümələrə də verilir. Çünki formatı dəyişib. İndi tərcümə kitablarına da verirlər.

MÜKAFATIN YERİNƏ-- KƏLBƏCƏRDƏN BİR QARIŞ TORPAQ...

--Bu mükafat nədən ibarətdir?

--Bu mükafat medaldır, diplomdur, bir balaca da pul...(gülüşmə). Amma, Sevda xanım, mən bu mükafatın yerinə Kəlbəcərdən bir qarış torpaq qaytarardım...(kövrəlir).

--(sükut) Nəsib bəy, yuxunuzda ən çox haranı görürsünüz? Bakını, Moskvanı. Kəlbəcəri?

--Moskvada yaşadığım 32 ildə bir dəfə də bu şəhəri yuxuda görməmişəm...İşimlə bağlı dünyanın çox ölkələrinə getmişəm. Avropanı gəzmişəm. Asiyanı dolanmışam, hətta Afrikada olmuşam. 7 ərəb dövlətinə ezamiyyətə getmişəm. Sevdiyim, bəyəndiyim ölkələr çox olub. Amma heç biri mənim yuxuma girmir...Mənim yuxuma girən bir torpaq var—o da Kəlbəcərdir...

--Nəsib bəy, sizin dərdinizi təzələdim. Üzrlü sayın. AzadlıqRadiosu vasitəsilə Vətənə mesaj göndərmək imkanınız var. Nə deyərdiniz?

--Sevda xanım, heç məndən şeir istəmədiniz? Axı, mən şairəm?!

--Əlbəttə! Mesajınızı şeirlə də bildirə bilərsiniz...


Nəsib Nəbioğlu Vətənə AzadlıqRadiosu vasitəsilə hansı mesajı çatdırdı?

“İz”i tıklamanız yetər: DİNLƏ

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG