Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:39

Rəsmi nikah olmadan kəbin kəsilməyəcək


Kəbin mərasimi
Kəbin mərasimi

Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı xüsusi göstəriş verib

Azərbaycanda kəbini hər yoldan ötən din adamı deyil, ancaq məscid axundu kəsə bilər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Mirəziz Seyidzadə bildirir ki, yalnız QMİ-nin vəsiqə verdiyi axundların kəbin kəsməyə səlahiyyətləri var.

”İndi kimlərsə gizlində hardasa kəbin kəsirlər. Əgər sübuta yetirilsə ki, hansısa oğlanla-qızın kəbinini Qafqaz Müsəlmanları İdarəsinin vəsiqə vermədiyi şəxslər kəsib, onlar əlbəttə məsuliyyətə cəlb olunacaqlar. Çünki İdarə həmin səlahiyyəti ancaq bölgələrdə olan bəzi axundlara verib”.

Hacı Mirəziz Seyidzadənin sözlərinə görə, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi tapşırığına əsasən, heç bir axund rəsmi nikahı olmayanlara kəbin kəsə bilməz.

”Biz hətta kəbin kağızında “ZAQS” sənədinin nömrəsi üçün yer də qoymuşuq. Axund həmin sənədin nömrəsini kəbin kağızına köçürməlidir. Hansı tarixdə kəbin kəsilib, o da yazılmalıdır. Belə bir tapşırıqdan sonra qeyri-qanuni kəbin kəsilərsə, axund məsuliyyətə cəlb olunacaq”.

QMİ-nin şöbə müdiri onu da bildirib ki, hər bir valideyn dövlətin qanununu tanımalı, qızını 18 yaşından tez ərə verməkdən çəkinməlidir:

”Əgər kimsə qızı qaçırıbsa, hətta razılıqla bunu ediblərsə, yenə də məsuliyyəti onların özləri daşıyırlar. Istənilən halda, əgər dövlət nikahı yoxdursa, heç bir molla onlara kəbin kəsməyəcək. Gizli kəbin üçün biz məsuliyyət daşımırıq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG