Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50

Ross Wilson: “Ərəb yazı başqa hökumətlərə xatırladır ki, xalqın iradəsini nəzərə almaq lazımdır"


Ross Wilson

Ross Wilson


Amerikanın Azərbaycan və Türkiyədəki keçmiş səfiri, hazırda isə “Atlantika Şurası”nda Dinu Patriciu Eurasia Mərkəzinin direktoru kimi çalışan Ross Wilson AzadlıqRadiosuna müsahibə verib.

Keçmiş səfir qeyd edir ki, Azərbaycan korrupsiya ilə mübarizədə Gürcüstandan nümunələr götürə bilər. Heydər Əliyevin prezidentliyi dövründə Bakıda səfir olmuş Wilson hesab edir ki, onun Qarabağ münaqişəsinin həllinə həddən artıq həssas idi.

Ross Wilson ərəb inqilabları, ölkəsinin hazırda Bakıda səfirinin olmaması kimi suallara da cavab verib.

- Siz vaxtilə Amerikanın Azərbaycandakı səfiri olmusunuz. İndi isə ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Belə bir həlledici bir dövrdə, Amerikanın regionda güclü müttəfiqlərə ehtiyac duyduğu bir vaxtda bölgədə Azərbaycan kimi mühüm strateji dəyərə malik ölkədə səfirinin olmaması Vaşinqton üçün nə deməkdir?

- Əlbəttə ki, haradasa səfirin olmaması heç də işlərə kömək edən bir şey deyil. Dövlətlər ona görə başqa ölkələrdə səfirlər saxlayırlar ki, bunun konkret məqsədləri olur və səfirlər də həmin məqsədləri yerinə yetirirlər. Səfirin olmaması bizim öz mesajımızı çatdırmağımızı və Amerika-Azərbaycan münasibətlərinin idarə olunmasını müəyyən mənada çətinləşdirir. Bununla yanaşı hesab edirəm ki, ölkələrimiz rəsmi kanallar, səfirliyin müvəqqəti işlər vəkili vasitəsilə çox yaxşı əlaqə saxlamağa qadirdirlər. Səfirin olmamasi yaxşi hal deyil, amma ölkələrimiz bunu problemə çevirmirlərsə, deməli, hər şey qaydasında ola bilər.

- Sizcə, belə vəziyyət nə qədər davam edə bilər?

- Bizim ölkədə prezident tərəfindən hansısa vəzifəyə namizədliyi irəli sürülmüş şəxslərin Senatda təsdiq prosesindən keçmə kimi qlobal problem mövcuddur. Amerika-Azərbaycan münasibətlərindəki bu məsələ də qismən həmin problemlə əlaqəlidir. Amma elə bir vəziyyət yarana bilər ki, Senat təklif edilən istənilən namizədliyi təsdiqləyə bilər. Çünki bu ilin noyabrında ABŞ-da prezident seçkiləri olacaq. Əgər Ağ ev tezliklə kiminsə namizədliyini irəli sürərsə və Senat onu sentyabra qədər təsdiq edərsə, bu məsələ həll ediləcək.

Yox, həmin dövrdən sonraya qalarsa, onda noyabrdan Amerikada siyasətçilərin çox məşğul olduğu seçki dövrü başlayacaq.

- Amerika və Azərbaycan arasındakı münasibətlərin indiki durumunu necə qiymətləndirirsiniz. Azərbaycan bir tərəfdən NATO-nun Əfqanıstandakı missiyasına dəstək verir. Digər tərəfdən isə insan haqları ilə bağlı Vaşinqtonun tənqidlərini eşitmək istəmir. Bundan başqa ABŞ-da nüvə silahının yayılmaması ilə bağlı konfransa Ermənistan prezidenti dəvət aldı, Azərbaycan prezidenti isə yox. Siz Amerika və Azərbaycan arasındakı münasibətləri necə görursuz?

- Amerika ilə Azərbaycan arasındakı münasibətlərdə zaman-zaman yüksəlişlər və enişlər olub. Amma son günlər dövlət katibi Klintonun vurğuladığı kimi ABŞ Azərbaycana çox mühüm bir tərəfdaş kimi baxır. Bu əməkdaşlıq ən müxtəlif sahələrə aiddir. Əfqanıstan missiyasına dəstək bunlardan biridir.

Bundan başqa, Azərbaycanla əməkdaşlıq terrorçuluğa qarşı mübarizə və İranla bağlı məsələlərə görə vacibdir. Enerji sahəsində əməkdaşlıq, Cənubi Qafqazda sülhün qorunması baxımından işbirliyi də mühümdür.

Həmçinin Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunur. Bu müstəvidə də hazırkı məqamda Amerika Azərbaycanla faydalı əməkdaşlıq etmək istəyir.

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması ABŞ üçün nə dərəcədə mühümdür? Məsələn, İran məsələsində ABŞ Azərbaycandan nə cür davranış gözlərdi?

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması mühüm bir hadisədir. Təhlükəsizlik Şurasında 15 səs var və onlardan da biri Azərbaycana məxsusdur. Daimi üzvlərin veto hüququnu nəzərə almasaq, Təhlükəsizlik Şurasında qərarlar səs çoxluğu ilə qəbul edilir. Həmin 15 səsin hər biri vacibdir. Məhz buna görə, ABŞ-ın Azərbaycana diqqəti daha da artıb. Azərbaycanın da ABŞ-a diqqəti artıb. Bu mühüm işbirliyidir.

Mən anladığım qədər ABŞ-ın İranla bagli mövqeyi bundan ibarətdir ki, İran nüvə silahının yayılmaması haqda beynəlxalq konvensiyalara tam əməl etməlidir, öz nüvə proqramının Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təftiş olunmasına tam şərait yaratmalıdır. Buna əməl etmədiyi üçün BMT-də İrana sanksiyalar qoyulub və ABŞ İrana qarşı yeni sanksiyalar qoyulması üçün müxtəlif ölkələrlə əməkdaşlıq edir.

Hamı Azərbaycanın unikal bir durumda olduğunu da dərk edir - Azərbaycan İranla qonşu ölkədir. Əlbəttə, əgər İrana qarşı yeni sanksiyalar gündəlikdə olarsa, Amerika bu məsələdə Bakının da Təhlükəsizlik Şurasının üzvü kimi dəstəyini gözləyəcək.

- İndi mediada belə fərziyyələr səslənir ki, ABŞ, yaxud İsrail İrana zərbələr endirə bilər. Əgər bu, baş verərsə, Azərbaycan ABŞ və İsrail kimi tərəfdaşlarından hansı təhlükəsizlik təminatı ala bilər?

- Məncə, İrana tezliklə zərbə endiriləcəyi haqda yazılanlar daha çox medianın özünün ortaya atdığı fərziyyələrdir. ABŞ-da və müəyyən qədər də İsraildə müşahidə etdiyim budur ki, belə zərbələrin çox ağır itkilərə yol açacağı və heç bir halda problemi həll etməyəcəyi başa düşülür.

Lakin Vaşinqtonda heç bir variant masanın üstündən götürülməyib. İsraildə də həmçinin. İsrail bizim kimi İranın nüvə silahı əldə etmək perspektivindən olduqca narahatdır. Mənim müşahidələrim isə budur ki, siyasi qərar verənlər hərbi yolun seçilməsi ehtimallından çox narahatdırlar.

O ki qaldı Azərbaycanın bu məsələdə hansı duruma düşəcəyinə, əgər məsələ deyilən həddə çatarsa, müəyyən məqamda bu barədə danışıqlar aparıla bilər, çünki bu, təkcə Azərbaycan üçün yox, bir çox ölkələr üçün çətin vəziyyət yarada bilər və onlar müəyyən təminatlar istəyə bilərlər.

- Azərbaycan neftdən böyük gəlir əldə edir, dövlət Bakıda infrastruktir layihələrinə külli miqdarda pul xərcləyir. Sizcə, Azərbaycan neft gəlirlərini düzgün istifadə edirmi?

- Əlbəttə, şəhərdə çoxlu tikinti-abadlıq işləri gedir. Amma bunun adi vətəndaşlara birbaşa xeyri olması, yaxud üzunmüddətli iqtisadi, sosial inkişaf üçün baza olması haqda heç nə bilmirəm. Bilmədiyim bir şey haqqında fikir deməyim məsuliyyətsizlik olardı. Mənim bu barədə faktiki məlumatim azdir.

- “Transparency İnternational” təşkilatı Azərbaycanda korrupsiyanın dərin kök atdığını bildirir. Sizcə, korrupsiyanın qarşısını almaq üçün nə kimi işlər görmək olar?

- Mən Azərbaycanda səfir olanda da korrupsiya orada problem idi. Məndən əvvəl də belə idi, belə görünür ki, məndən sonrakı illərdə də belə olub. Bu məsələ təkcə “Transparency İnternational” yox, bəzi başqa təşkilatların hesabatlarında da əksini tapıb. Bu sahədə ölçülər götürmüş və konkret nəticələr əldə etmiş ölkələr var. P

roblem komponentlərə bölünüb həll edilir. Bundan ötrü rəhbərliyin iradəsi və bütün cəmiyyət boyu göstərilən cəhdlər lazımdır. Məsələn, qonşu Gürcüstan bu sahədə yetərincə uğurlara imza atıb. Dostları Azərbaycanın da bundan nümunə götürməsini istərdi.

- Sizcə, bu, demokratik islahatların zəifliyi ilə bağlıdır? Sizcə, islahatların zəifliyi Amerika-Azərbaycan əməkdaşlığına zərər vururmu, yoxsa bunun elə bir təsiri yoxdur?

- Əlbəttə ki, demokratiya və insan haqları məsələləri Amerika-Azərbaycan
əlaqələrində həmişə mühüm komponent olub. Mən Amerika rəsmilərinin bu məsələdə Azərbaycan rəhbərliyi ilə kontaktlar zamanı necə inadcıl olduğunu görmüşəm. Amma onlar eyni zamanda bizim üçün vacib olan başqa məsələləri də müzakirə ediblər.

Məsələn, Əfqanıstan missiyasına dəstək, terroçuluğa qarşı mübarizə, enerji əməkdaşlığı, ümumi iqtisadi inkişaf və s. Mən Bakıda səfir olanda belə idi. Ümid edirəm ki bu belə də davam edir.

- Siz Heydər Əliyevin dövründə səfir işləmisiz. Onunla görüşlərinizi, ünsiyyətinizi necə xatırlayırsınız?

- Ona böyük hörmətim vardı. O, Amerika ilə münasibətlərin inkişafına çox kömək edirdi. Əlbəttə ki heç də bütün məsələlərdə razılığa gəlmirdik. Amma o, məsələn, 11 sentyabr terror hücumlarından sonra Amerikanın yürütdüyü siyasətə bir sıra mühüm sahələrdə yardım etdi. Xüsusən terrorçuluğa qarşı mübarizə məsələsində.

O, Qarabağ probleminin həlli məsələsində çox məsuliyyətli idi. Problemin həlli yollarını axtarmaqla yanaşı həm də atəşkəsin qorunmasına çalışırdı. O, Azərbaycanı müstəqil bir dövlət kimi inkişaf etdirmək istəyirdi. Azərbaycanın əvvəlki tarixinə baxsanız, bu elə də asan məsələ deyildi.

- Əlbəttə, bu, təkcə Amerikadan asılı məsələ deyil, amma Qarabağ problemini həll etmək üçün ABŞ nə edə bilər?

- Açığı bu çox məyusedicidir ki, atəşkəsdən 18 il keçməsinə baxmayaraq problem hələ də həllini tapmayıb. Hətta 2000-ci ildə mən Bakıya gələndə Qarabağ konflikti hələ də gərginliyi aradan qalxmamış münaqişə təsiri bağışlayırdı. Məncə, nə qədər ki gec deyil, Azərbaycan və erməni xalqları güzəştlərə köklənməlidirlər.

Bunlar çox ağrılı və çətin güzəştlər olacaq, amma fokus buna yönəlməlidir ki, həmin güzəştlərin hansını reallaşdırmaq olar? Konfliktin həlli bundan keçir. Bu o demək deyil ki, Azərbaycan kapitulyasiya etməlidir, yaxud bütün güzəştləri qarşı tərəf etməlidir, amma bunu anlamaq lazımdır ki, hər iki tərəf çətin qərarlar verməlidir.

- Belə fikirlər də səslənir ki, ərəb dünyasında baş vermiş inqilablar Mərkəzi Asiyanın başqa ölkələrində də təkrarlana bilər. Bu haqda sizin də fikrinizi bilmək maraqlı olardı.

- Əvvəla, ərəb dünyasında baş verənlərin başqa regionlarda da təkrarlana biləcəyi, yaxud mütləq təkrarlanacağı haqda ehtimalllar səsləndirmək, bu məsələdə ümumiləşdirmələr aparmaq çox çətin, həmçinin yanlış olardı. Hər bir ərəb ölkəsinin özünəməxsus cəmiyyəti var.

Şərqə, qərbə, şimala, yaxud cənuba getdikcə, cəmiyyətlərin daha çox yerli və özünəməxsus cəhətləri özünü göstərir. İkincisi, ərəb yazı başqa ölkələrin hökumətlərinə xatırladır ki, xalqın iradəsini nəzərə almaq, ölkəni bu prinsiplə idarə etmək, insanlara iqtisadi və sosial imkanlar açmaq lazımdır. İnsanlar əmin olmalıdırlar ki, hökumət onlar üçün belə imkanları yaradır və həyat getdikcə yaxşılaşacaq.

Ərəb inqilablarına məhz o faktor səbəb oldu ki, insanlar cəmiyyətdə dəyişikliklərin baş verəcəyinə ümidlərini itirmişdilər. Məncə, Amerika hökumətinin də Azərbaycanla bağlı prioriteti o olmalıdır ki, yerli hökumətlə çalışaraq insanların daha yaxşı yaşaması, onların hüquq və azadlıqlarının təmin edilməsi, beləliklə də ölkədə uzunmüddətli stabilliyin qorunmasına xidmət etsin. Bu həm bizim, həm də ümumilikdə regionun mənafelərinə uyğundur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG