Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Fevralın 9-da prezident İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında fərmanları yayılıb. Sənədlərə görə 2014-cüq il yanvarın 1-dən qüvvəyə minəcək bu şəxsiyyət vəsiqələrinin təsviri aşağıdakı kimidir:

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğun hazırlanacaq şəxsiyyət vəsiqələri 85,6 mm x 54 mm ölçülüdür.

Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 35 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulub. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “Dəyişən Lazer Təsvir” yerləşdirilir.

Vəsiqənin üz tərəfində yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, bayrağın təsvirindən sonra “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ” sözləri, həmin sözlərin altında “IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri yazılır.

Orta hissəsində “SOYADI/SURNAME”, “ADI/GIVEN NAME”, “ATASININ ADI/ PATRONYMIC”, “CİNSİ/SEX”, “DOĞULDUĞU TARİX/DATE OF BIRTH”, “QAN QRUPU/BLOOD GROUP”, “VƏSİQƏNİN NÖMRƏSİ/CARD NO” (iki latın hərfindən və yeddi rəqəmdən ibarətdir), “FƏRDİ İDENTİFİKASİYA NÖMRƏSİ/PERSONAL NO”, “ETİBARLILIQ MÜDDƏTİ/DATE OF EXPIRY”, “VƏSİQƏ SAHİBİNİN İMZASI/HOLDER’S SIGNATURE” sözləri yazılır.

Vəsiqənin üz tərəfində vətəndaşın soyadı, adı və atasının adı yalnız Azərbaycan Respublikasının dövlət dilində yazılır, vətəndaşın cinsi isə “kişi” və “male” və ya “qadın” və “female” sözlərinin baş hərfləri göstərilməklə “K/M” və ya “Q/F” kimi qeyd olunur.

Vəsiqənin orta hissəsinin solunda elektron daşıyıcı (çip), aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq maşınla oxuna bilən üçzolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.

Vəsiqədə həmçinin Azərbaycan Respublikasının dövlət rəmzləri, xəritəsi və tarixi abidələri təsvir olunur.

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq ingilis dilində verilir.

Fərmanlarda daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşının elektron daşıyıcısı (çip) olan şəxsiyyət vəsiqəsi yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

Sənədlərdə yeni şəxsiyyət vəsiqələri verilərkən vətəndaşdan əlavə rüsum alınıb-alınmayacağı barədə məlumat yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG