Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19
«Moskvada son iki ayda əhval-ruhiyyə xeyli dəyişib, Rusiyada Putin əleyhdarları inanmağa başlayıblar ki, Vladimir Putin rejiminin sonu yaxınlaşıb. Artıq insanlar gərgin acıqlı deyillər, əksinə daha yumoristik və həyəcanlıdırlar».
ABŞ-ın «Foreign Policy» jurnalı belə yazır. Nəşrin «Putinizmsiz Putin» adlı məqaləsində müəllif yazır ki, martın 4-ü Rusiyada baş tutacaq prezident seçkisində Putinin qalib gələcəyi ehtimalı yüksək olaraq qalır. Amma məqalədə söhbət rus xalqının seçki sonrası gözləntilərindən, Rusiyanın idarəetmə sisteminin əsaslı dəyişəcəyindən gedir.
«Baş nazir Vladimir Putinin prezident postuna geri qayıdacağına baxmayaraq, onun gücü tükənəcək və iki-üç il ərzində demokratiya bərqərar olunacaq. Mərhum siyasi alimlər Seymour Martin Lipset və Samuel Huntingtonun təkmilləşdirmə nəzəriyyəsində deyildiyi kimi, Rusiya o qədər varlı, o qədər yaxşı təhsilli və o qədər açıqdır ki, ona bu qədər avtoritar olmaq və korrupsiyaya uğramaq yaraşmaz».
«ƏFQANISTAN TƏNLİYİ: BİRLƏŞMİŞ ŞTATLAR+TALİBAN+PAKISTAN=SÜLH?»
Amerikanın «Los Angeles Times» qəzetindəki «Əfqanıstan tənliyi: Birləşmiş Ştatlar+Taliban+Pakistan=sülh?» başlıqlı məqalədə Amerikanın Əfqanıstandakı keçmiş səfiri Peter Tomsenin Əfqanıstan ətrafında baş verənlərlə bağlı şərhi yer alıb.
Keçmiş səfir yazır ki, Birləşmiş Ştatlar Əfqanıstanda uğurlu nəticə əldə etmək istəyirsə, sülh danışıqlarını iki siyasi təkanla möhkəmləndirməlidir:
«Birinci, ABŞ Əfqanıstanın daxili danışıqlarında birbaşa iştirakdan imtina etməlidir. İkincisi isə, ABŞ regionda terrorizmi qızışdıran Al Qaeda və Haqqani də daxil olmaqla Pakistanın terror qruplarına qarşı daha sərt tədbirlər görməlidir».
«İRANIN «ALİ LİDERİ»Nİ İQNOR ETMƏYİN VAXTIDIR»
Ayatollah Ali Khamenei

Ayatollah Ali Khamenei

«The Wall Street Journal» qəzeti isə «İranın «Ali lideri»ni iqnor etməyin vaxtıdır» adlı məqalə dərc edib. Məqalədə deyilir ki, iqtisadi maraqları olan və sanksiyalara həssas İslam İnqilabı Keşikçiləri Korpusu nüvə silahı məsələsində razılaşmaya daha meyllidirlər:
«Prezident Obama hakimiyyətə gələndən bəri İrana ilkin şərt qoymadan danışıqlar təklif etsə də, rəsmi Tehran bunu rədd edir. ABŞ prezidenti İranın ali dini lideri Ayatollah Ali Khameneiyə bir neçə məktub göndərib, danışıqların müxtəlif formalarını təklif edib. Amma bütün bu ideyalar baş tutmayıb. 2010-cu ilin martında ABŞ prezidenti «Biz onlara əl uzatdıq, onlarsa bizə yumruq göstərdi» deyəndə Ayatollah Obamanı «məxməri əlcəkdə dəmir əl uzatmaqda» ittiham etdi. Başa düşməyin vaxtıdır ki, İran Ali dini liderini maraqlandırmaq əbəs işdir»- deyə qəzet yazır.
Məqalədə həmçinin bildirilir ki, aydındır ki, ölkədə və onun xaricində terror aktları törətməkdə ittiham olunan İslam İnqilabı Keşikçiləri Korpusu heç bir halda Qərbin təbii müttəfiqi sayıla bilməz:
«Amma Korpus liderlərinin ölkədə iqtisadi maraqları var, bu səbəbdən sanksiyalara daha həssasdırlar. Odur ki, onlar Khameneiyə nisbətən İranın nüvə proqramı məsələsində anlaşmaya daha meyllidirlər. Alternativlərin olmamasını nəzətrə alsaq, bu imkanı sınaqdan çıxarmağa dəyər».
«DİKTATURANIN KİÇİK QALIQLARI»
Misirdə keçirilən etiraz aksiyasından görüntü

Misirdə keçirilən etiraz aksiyasından görüntü

«The New York Times» qəzetində 2008-ci il fevralın 7-dək Maldiv Respublikasının Prezidenti olmuş Mohamed Nasheedin «Diktaturanın kiçik qalıqları» adlı məqaləsi dərc olunub.
Mohamed Nasheed yazır ki, diktatorun kürsünü tərk etməsi ilə heç də həmişə diktatura ölmür:
«Ötən il Tunis, Misir, Liviya və Yəməndə diktatorun süqutu ilə nəticələnən inqilab dalğası əlbəttə, ümidverici idi. Amma bu ölkələrdən olan insanlar bilməlidirlər ki, hətta inqilablardan sonra da rejimə sadiq adamların güclü şəbəkəsi qalır və onların yenicə tumurcuq açan demokratiyasına ziyan vurmağa cəhd edə bilərlər».
Öz ölkəsinin təcrübəsindən yazan keçmiş prezident səbirli olmağı tövsiyyə edir:
«Diktator bir günün ərzində devrilə bilər, amma onun diktaturasının qalıqlarını yığıb-yığışdırmaq üçün illər lazım gələcək» – deyə Mohamed Nasheed yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG