Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Həbsdə olan cərrah: «Mən pulu rüşvət yox, hörmət kimi qəbul etmişəm»


Foto: Arxiv

Foto: Arxiv

«Mən heç vaxt «bu xəstə pul verdi, buna yaxşı xidmət edim, o biri pul vermədi, yoldan keçəndir, ona qayğı göstərməyim» prinsipi ilə işləməmişəm».

Bunu fevralın 9-da məhkəməsi başlayan Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının assistenti, 1 saylı şəhər Klinik Xəstəxanasının uşaq cərrahı Mahmud İsmayılov ifadə verərkən deyib.

«QAYNAR XƏTT»Ə GƏLƏN ZƏNG

Ötən ilin oktyabrında Bakı sakini Aydın Hüseynov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə cərrah Mahmud İsmayılovdan şikayət edib. «161 qaynar xətt» mərkəzinə bildirib ki, azyaşlı qızı Aidə Hüseynovanın üzərində cərrahiyyə əməliyyatı aparan Mahmud İsmayılov ondan 1000 manat rüşvət istəyib. Məlumat əsasında əməliyyat hazırlanıb. Aydın Hüseynov cərrahın şəxsi maşınında 550 manatı ona verdikdən bir neçə dəqiqə sonra əməliyyatçılar həmin pulu maşının saxlanc yerindən tapıblar. Cərrah həbs olunub və barəsində rüşvətalma maddəsi ilə cinayət işi başlanıb.

«XƏSTƏ EVƏ BURAXILANDAN SONRA ATASI MƏNƏ ZƏNG VURDU»

Ancaq cərrah ibtidai istintaqda olduğu kimi, məhkəmədə də ittihamları rədd edib. O, deyib ki, xəstənin valideynindən pulu rüşvət kimi yox, hörmət kimi qəbul edib:

«Uşaq evə buraxılandan sonra atası mənə zəng elədi, görüşdük, mənə 550 manat verdi. Ancaq mən pulu hörmət kimi qəbul etmişəm. Onu məcbur etməmişəm ki, mənə pul gətirsin».

Aydın Hüseynov hələlik məhkəmədə dindirilməyib. İbtidai istintaqa verdiyi ifadəsində isə göstərib ki, cərrah əməliyyata görə ondan 1000 manat istəyib. O da əməliyyatdan sonra pulu verəcəyini vəd edib. Əməliyyatdan bir neçə gün sonra uşaq xəstəxanadan buraxılıb. O da borc-xərc yalnız 550 manat düzəldə bilib:

«Zəng vurdum, həkimə dedim ki, pulun yarısını düzəldə bilmişəm, qalan hissəsini düzəltməyə gücüm çatmır. O da razılaşdı, görüş təyin etdik. Mən həkimlə görüşə getməmişdən əvvəl Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin «qaynar xətt»inə zəng vurdum və məlumat verdim».

MƏHKƏMƏ HƏKİMLƏRİ DİNDİRİB


Məhkəmə cərrahın iş yoldaşlarını da dindirib. Kafedranın baş laborantı Xatirə Vəliyeva, həkim-anestezioloq Nəcəf Əliyev cərrahın xəstənin valideyni ilə pul barəsində söhbətindən xəbərsiz olduqlarını deyiblər.

Məhkəmənin dindirdiyi Məmməd Məmmədov isə deyib ki, oktyabrın 24-də əməliyyatçılar ona yaxınlaşaraq bir əməliyyatda hal şahidi kimi maşına baxışda iştirak etməsini istəyiblər. Maşının saxlanc yerinə baxış keçirilərkən 550 manat aşkar edilib və protokollaşdırılıb.

Məhkəmə prosesi fevralın 13-də davam edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG