Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:18

Avropada əkin sahələrinə pilotsuz təyyarələr göz qoyacaq


Arxiv foto
Arxiv foto
Avropada əkin sahələrinə peykdən və pilotsuz təyyarələrlə nəzarət olunacaq. Avropa Birliyində lazım olduğundan daha çox subsidiya tələb edən, ya da birliyin kənd təsərrüfatı siyasəti qaydalarını pozan fermerlərin pozuntularını əraziyə göndərilən müfəttişlər yox, peykdən çəkilmiş şəkillər üzə çıxaracaq.

Avropa fermerlərinə hər il milyardlarla avro subsidiya verilir. Bütün bunlar da vergi ödəyicilərinin cibindən çıxır. İndi Avropa Birliyinin kənd təsərrüfatı müfəttişləri fermerlərin saxtakarlıqlarının, ya da israfçılığının qarşısını almaq üçün müasir texnologiyada üz tutur.

Fermerlərə nəzarət etmək üçün artıq bir neçə ildir ki, peyklərdən istifadə olunur. Pilotsuz təyyarələrdən istifadə isə sınaq mərhələsindədir. Bir təsərrüfatın peykdən şəklinin çəkilməsi xərci həmin təsərrüfata müfəttiş göndərilməsinə çəkilən xərcdən 3 dəfə azdır. Əgər təsərrüfatın peykdən şəklinin çəkilməsi 150 avroya başa gəlirsə, əraziyə müfəttiş göndərilməsi 400 avroya başa gəlir. Bunu Böyük Britaniyanın Kənd Təsərrüfatı Ödənişləri Agentliyi bildirir. Bu qurum Britaniyada subsidiyaların ödənilməsinə və hər hansı qeyri-dəqiqliyin yoxlanmasına məsul olan orqandır.

Peyk belədir ki, böyük bir ərazini sürətlə nəzərdən keçirə bilər. Sonra lazım olan konkret ərazinin detallı şəklini çəkə bilir. 2010-cu ildə Avropa Birliyində fermerlərə edilən ödənişlərlə bağlı aparılmış yoxlamaların 70 faizi peyklər vasitəsilə həyata keçirilib.

ÜMUMİLİKDƏ PEYKLƏR VASİTƏSİLƏ 210 MİN KVADRAT KİLOMETR ƏRAZİNİN FOTO ŞƏKLİ ÇƏKİLİB

Əlbəttə, peyklərin şəkilləri də qüsursuz deyil. Məsələn, Avstriya peyklərdən istifadə etmir. Səbəb kimi dağlıq ərazilərdə təsərrüfat üzərinə düşən kölgələrin şəkillərdə qeyri-dəqiqliyə gətirib çıxardığını göstərir. Başqa bir misal. Şotlandiya Böyük Britaniyanın qalan hissəsindən fərqli olaraq peyklərdən istifadə etməmək qərarına gəlib. Çünki bu ölkədə ərazini göydən müşahidə etmək üçün kifayət qədər aydın səma nadir hallarda olur.

Peykdən ərazinin şəklini çəkəndə həmin an onun üzərində çoxlu dəyişikliklər də baş verə bilər. Məsələn, həmin vaxt heyvanlar ya ərazidə, ya da tövlədə ola bilər. Bunu peykdən çəkilmiş şəklidən tam dəqiq almaq olmaz. Bunu ingilis fermeri Ronald Randall deyir: «Bizim fermanın şəkli çəkiləndə onlar elə başa düşmüşdülər ki, burda icazəsiz başqa bir tikili inşa olunub. Halbuki bu ot tayasının kölgəsi idi». 2001-ci ildə isə başqa bir ingilis fermer məhkəmədə haqlı olduğunu sübut etmişdi. Sübut eləmişdi ki, əslində o sahəyə kətan toxumu səpibmiş. Peykdən çəkilən şəkillərdə isə yer bomboş görünürmüş.

Bu cür mübahisəli məsələlərdə pilotsuz təyyarələr köməyə gələ bilər. İndiyə qədər hamı pilotsuz təyyarələri Əfqanıstanda terrorçuları öldürən, uzaqdan idarə olunan vasitə kimi təsəvvür edirdi. İndi isə bu təyyarələrin daha kiçik və daha sadə versiyalarından kənd təsərrüfatı monitorinqlərində istifadə etmək mümkündür. Pilotsuz təyyarələr peyklərdən fərqli olaraq torpağa lazımı qədər yaxınlaşıb keyfiyyətli şəkillər çəkə bilər. Bundan başqa onlar peyk kimi yerə düzbucaq altında baxmır, həm də müxtəlif bucaq altından şəkillər çəkə bilirlər.

Hazırda pilotsuz təyyarələrdən sınaq mərhələsində Fransanın cənubundakı üzümlüklərdə istifadə olunur. Bundan başqa onlar İtaliyada və İspaniyanın Kataloniya regionunda da sınaqdan keçirilir.

Hazırda Avropada mülki pilotsuz təyyarələrdən istifadəyə çox sərt məhdudiyyətlər var. Avropa Birliyi bu məhdudiyyətləri yumşaltmaq üçün pilotsuz təyyarə sisteminin strategiyasını hazırlayır. Bu həftə Avropa Komissiyasının Brüsseldəki iclasında bu məsələ müzakirə olunacaq. Müzakirə olunacaq sənəd pilotsuz təyyarələrdən təkcə əkin sahələrinin, fermaların monitorinqində deyil, həm də ərazi kartoqrafiyasında, malların daşınmasında, sərhədlərin monitorinqdə, qanunsuz immiqrasiya və narkotik qaçaqmalçılığa qarşı mübarizədə və təbii fəlakətlərə müdaxilədə istifadə olunmasını nəzərə tutur.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG