Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22
-

«2006-2007-ci ildə film çəkərkən həm helikopter, həm də uçaq lazım idi. Bunlar da çox baha başa gəlirdi, həm də istənilən kadrları tuta bilmirdim. Uçaq həm sürətlə, həm də səslə uçduğundan alınmırdı. Çox fikirləşdim necə edim ki, ucuz başa gələn, istədiyim kadrları günün istənilən vaxtında çəkə bilim. Kameramı istədiyim hündürlüyə qaldırıb rahatlıqla çəkiliş edə bilim».

DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏN SİFARİŞLƏR GƏLİR

Rauf Quliyev icad etdiyi qurğu haqda danışır. «Droidair» adlanan bu qurğu səkkiz pərdən ibarətdir, ortasına foto-video kamera yerləşdirib səmaya qaldırmaq və görüntülər çəkmək olur. Rauf deyir ki, belə bir aparat ideyası 2006-cı ildə yaranıb. 2011-ci ildən isə aparat satışdadır. Almaniya, Hollandiya, İspaniya, İtaliya və digər ölkələrdən sifarişlər alır. Aparatın qiyməti 5 min manatdan başlayır, qaldıracağı ağırlıqdan asılı olaraq dəyişir:

«Aparat pultla vizual idarə olunur. İdarə ya videomonitorla, ya da video eynəklə canlı yayımda aparılır. GPS naviqasiyanı “Google maps” portalına qoşmaqla qurğunu istənilən məkana göndərmək olar. Aparat hədəfdən maksimum 1 metr yayına bilər. Pilotsuz aparat lazımi çəkilişləri etdikdən sonra avtomatik rejimdə geri qayıdır».

introducing Droidair from Team DroidAir on Vimeo.



İDEYANI REALLAŞDIRMAĞA UNİVERSİTET DƏSTƏK OLUB

Rauf Quliyev 1980-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Milli Aviasiya Akademiyasını bitirib. 2006-ci ildə Almaniyanın Vürzburg universitetində Avropa Hüququ üzrə magistr dərəcəsi alıb və həmin universitetdə elmi müvəkkil işləməyə başlayıb.

Rauf deyir ki, universitetdə çalılışdığı vaxt uşaqlıq hobbisindən də əl çəkməyib. Fotolar çəkib, sənədli filmlər hazırlayıb. Ancaq fəzadan istədiyi görüntüləri əldə edə bilməyib. İdeyasını reallaşdırmaqda ona işlədiyi universitet dəstək olub:

«Hər hansı bir təcrübə həyata keçirməkdə Vürzburg və Fizika İnformatika Universitetləri hər cür dəstək olurlar. Bütün zəruri avadanlıq və hissəciklər universitet tərəfindən alınır».

YENİ LAYİHƏ...

Rauf Quliyev

Rauf Quliyev

Rauf Quliyev hazırda Frauenhofer İnstitutu və Bayreuth Universiteti ilə bərabər yeni layihə üzərində çalışır. Yeni layihəsi yüklərin boşaldılması və yerləşdirilməsini avtomatik icra edəcək aparatlardır:

«Pultdan istifadə olunmamaq şərti ilə proqram vasitəsilə bu aparatlar istənilən əşyanı qaldırıb istənilən nöqtəyə daşıyacaq. Yəni, artıq insanların əməyindən istifadə olunmayacaq. Misal üçün Almaniyaya müxtəlif ölkələrdən əşyalar gətirilir. Həmin əşyaları yerbəyer etmək üçün bu aparatlardan istifadə oluna bilər. Yəni, əşyaları anbarlara daşımaq, onları yerləşdirmək üçün bu aparatlardan istifadə olunacaq».

BAKIDA ELEKTRİK MAŞINLAR...

Rauf Quliyev yeni ixtirasını da patenləşdirmək üçün Almaniyanın Patent bürosuna müraciət edib.

Əsas işini elektrik üzərində görən Raufun Azərbaycanla bağlı arzuları var. Ekologiyaya dəyən ziyanın qarşısını almaq üçün Azərbaycanda elektrik maşınları istehsal etməyi arzulayır. Amma deyir Azərbaycanda həmin cihaz üçün ona lazım olan kiçik hissələr və avadanlıqları əldə etmək mümkün olmadığından hələlik nə Almaniyada qurduğu işi Bakıya gətirə bilir, nə də Azərbaycanla bağlı arzularını realaşdıra.

Rauf Almaniyada ailə qurub, bir övladı da var. Deyir ki, vaxtı olanda tez-tez Bakıya valideynlərini və yaxınlarını görməyə gəlir. Sonuncu dəfə ötən ilin sentyabrında gəlib və cihazı vasitəsilə Bakının səmadan görüntülərini çəkib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG