Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47
Kəramət Böyükçöl


MİKAYIL MÜŞFİQİN TÜRMƏDƏKİ ŞƏKLİNƏ...

(esse)

Qış imtahanları ilk qar kimi başladı yağmağa. Növbəti imtahanım müasir Azərbaycan ədəbiyyatından idi.

Bilmirəm özümə arxayınlıqdanmı, yoxsa məsuliyyətsizlikdənmi imtahan suallarını bir dəfə olsun belə təkrarlamamışdım.

Ancaq mənə elə gəlir ki, bunun səbəbi ikinci yox, birincidir.

Özümə çox güvənirəm, mütaliəmə və bədii təfəkkürümə o qədər arxayınam ki, bütün üç saatlıq imtahanları yarım saata yazıb, əla qiymət ala biləcəyimə əminəm.

Əvvəl fikirləşdim ki, yəqin sual ya Səməd Vurğundan, ya Süleyman Rəhimovdan, ya da Süleyman Rüstəmdən düşər. Uzaqbaşı bunlardan yox, bir ayrı yazardan düşsə, nə qədər çətin olsa da, köhnə və yeni biliklərimə əsaslanıb yenə də birtəhər canımı “qurtararam”.

Elə bu arxayınlıqla da daxil oldum imtahan zalına.

Jurnalda adım axırıncılardandır. Tələbə yoldaşlarım jurnal sırası ilə bir-bir biletləri çəkdikcə mən də ürəyimdə fikirləşirdim ki, Səməd Vurğun getdi, Süleyman Rəhimov getdi, Süleyman Rüstəm də getdi.
\
Və ən sonda növbə mənə çatdı. Gördüm ki, bir bilet alnından güllə ilə vurulmuş adam kimш üzü üstə sərilib yerə. Əlindən tutub ayağa qaldırdım və gördüm ki, sən demə, 29 nömrəli bu bilet 29 yaşlı Mikayıl Müşfiq haqqındadır.


Sonra ağlından qəribə bir fikir keçdi, həmin o yekə-yekə danışan oğlanın.

“Bəlkə şair tez ölsə yaxşıdı? Çünki, dünya praktikası göstərir ki, şairlər ən yaxşı şeirlərini cavan vaxtlarında yazırlar”.

Bir xeyli düşündüm. Doğrusu, nə yazacağımı bilmirdim.

Öz düşüncəsinə, bədii təfəkkürünə və beyninə güvənən, hər yerdə yekə-yekə danışan bu oğlanın əl-qolu elə bil tilsimlənmişdi.

Elə çarəsizliyin içində birdən-birə başımı bir azca yana əyib Mikayıl Müşfiqin divardan asılmış şəklini gördüm.

Mən bilirdim ki, Mikayıl Müşfiqin bu şəklini zorla türmədə çəkiblər.

Özü də çox qəribə bir şəkildir, baxanda görürsən ki, Müşfiqin saçında, üzündə ağappaq bir işıq, həm də əbədi donub qalmış bir təbəssüm, bir müdriklik var.

Birdən-birə mənə elə gəldi ki, imtahanda mənə lazım olan 37-38 bal sanki, o şəklin alnına yazılıb.

Qəfil, həmin o yekə-yekə danışan oğlanın qollarına sel kimi bir güc gəldi. Özündən deyən bu oğlan başladı şəkli oxumağa, daha doğrusu şəklin üzünü köçürməyə. Əvvəlcə şəklə baxıb, bu şeiri yazdı:

hər bir şairin gözəl bir şəkli olsun gərək,
şeir yazmağa,
divardan asmağa,
üstünə gül qoymağa...
nə qədər elədik bizim gözəl bir şəklimiz çıxmadı,
nə qədər elədik, elədik...
ay kimi alnımıza güllə doğmadı, doğmadı,
fotoqraf şəklimizi çəkmədi, çəkmədi,
dostlarımız üzümüzə durmadı, durmadı,
arvadımız dəli olmadı, olmadı,
şəklimiz də gözəl çıxmadı, çıxmadı,
adam nə qədər şəkil çəkdirər, çəkdirər,
şəkil adama nə qədər oxşamaz, oxşamaz,
adamın üzündə vaxt əylənməz, əylənməz,
adamın üzündə zaman dayanmaz, dayanmaz...

Əslində, o oğlan elə təkcə bu şeirlə də əla qiymət ala bilərdi. Ancaq o, şəkli axıra
qədər oxudu. Oxuyub gördü ki, Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının ən cavan surətidi. İllər, əsrlər keçəcək, ancaq o, heç vaxt qocalmayacaq, həmişə 29 yaşında qalacaq.

Sonra ağlından qəribə bir fikir keçdi, həmin o yekə-yekə danışan oğlanın.

“Bəlkə şair tez ölsə yaxşıdı? Çünki, dünya praktikası göstərir ki, şairlər ən yaxşı şeirlərini cavan vaxtlarında yazırlar”.

Ancaq düşündü ki, birdən müəllim imtahan vərəqində bu fikri yaxşı qarşılamaz, ya da başa düşməz, deyər ki, kitabda belə cümlə yoxdu. Son anda qərara gəldi ki, yox, nə fikirləşirəm, onu da yazacam.

İmtahan vərəqi artıq dolmaq üzrəydi. İki-üç cümləlik yer qalmışdı. Ona görə də balaca-balaca hərflərlə bunları da qeyd elədi:

“Mikayıl Müşfiq bu gün də bizim müasirimizdir, bizimlə bir addımlayır. Bu gün də 104 yaşlı ədəbiyyat tarixi bizimlə bir yerdədir”.

Həmin o üç saatlıq imtahanı yarım saata yazıb, əla qiymət ala biləcəyimə əmin olan oğlan gördü ki, təyin olunmuş imtahan vaxtı bitmək üzrədi.

Hazırlaşdı ki, ayağa durub vərəqi təhvil versin. Gözü birdən-birə partanın üstünə yıxılmış biletə dəydi.

Qəfl anladı ki, bayaq alnından güllə ilə vurulmuş adam kimi ağzı üstə yerə yıxılan 29 nömrəli bilet sən demə, 29 yaşlı Mikayıl Müşfiqin özü imiş.

Sonra həmin o yekə-yekə danışan, özündən deyən oğlanın göz yaşları imtahan vərəqini islatmasın deyə, tez durub zalı tərk elədi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG