Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Verginin artırılması Fransa kitabçılarını qəzəbləndirib


Parisdə "Shakespeare and Company" kitab dükanı
Parisdə "Shakespeare and Company" kitab dükanı
Azərbaycanla müqayisədə Fransanı kitabçılar üçün cənnət saymaq olar.

Dümanın vətənində nə az-nə çox 3 minə yaxın kitab dükanı var.

Bu arada Fransa hökuməti büdcə kəsirini azaltmaq üçün hazırladığı tədbirlər planı çərçivəsində kitaba əlavə dəyər vergisini də 5,5 faizdən 7 faizə qaldırır.

Və prezident Sarkozinin aprelin 1-dən qüvvəyə minəcək bu planı kitab biznesini əməlli-başlı qəzəbləndirib.

Kitabçıların həmkarlar təşkilatı bildirir ki, bu, kitab dükanlarının gəlirini daha da azalda bilər.

Çünki onsuz da onların gəliri – yüksək icarə haqqı və digər biznes məsrəfləri ucbatından axır illərdə azalıb.

Fransada kitab dükanlarının gəliri, məsələn, ətir, yaxud optik şüşə satanlarla müqayisədə azdır.

Kitab biznesinə ƏDV-ni ləğv etmiş Britaniya və bir sıra başqa Avropa ölkələrindən fərqli olaraq Fransa kitabçıları həm də əlavə dəyər vergisi ödəməyə məcburdurlar.

Düzdür, Fransada kitab dükanlarına dövlət dəstəyi güclüdür.

Kitab qiymətlərini dövlət təmzimləyir. Endirimlər qadağandır. Kağız kitab olsun, ya e-kitab, fərqi yoxdur, qiymət eyni olmalıdır.

Kitabı böyük satış mərkəzindən aldın, ya kiçik kitab dükanından qiymət eyni olmalıdır.

Bu, Fransanın kiçik kitab dükanlarını azad bazar iqtisadiyyatının dolayı zərbələrindən qoruyur.

Amma ƏDV-nin artırılmasından qəzəblənən bəzi kitab dükanları özünəməxsus etiraz aksiyası - “qiymət kağızı tətili” keçirə biləcəklərinə işarə ediblər.

Onlar mallara yeni qiymət kağızları vurmaqdan imtina edə bilərlər.

Bu arada Mədəniyyət Nazirliyi əl-ayağa düşərək kiçik kitab dükanlarını yeni şəriatdə qorumaq üçün hansı tədbirlərin görülə biləcəyini araşdırmağa başlayıb.

Kitaba ƏDV-nin qaldırılması həm də prezident seçkilərinin gündəmindədir.

Bu, bəzilərinin Fransa tarixində ən az kitab oxumuş prezident adlandırdığı Sarkozi ilə onun rəqibi, sosialist François Hollande arasında bir mübahisə mövzusuna çevrilib. Hərçənd Hollande özü də bu yaxınlarda seçkiöncəsi mitinqlərin birində Şekspirdən yanlış sitat gətirib.

Hollande söz verib ki, prezident seçilsə, kitab üzərindəki ƏDV-nin artımı ilə bağlı qərarı ləğv edəcək. “Mədəniyyət siyasətin prioriteti olmalıdır” – deyə o bildirib.

Kitabçıların Həmkarlar İttifaqının təmsilçisi Guillaume Husson isə hesab edir ki, ümumiyyətlə, ƏDV kitab üzərindən götürülməlidir. “Kitablar cəmiyyət üçün vacib mal və məhsullardan sayılmalıdır”.

Britaniyanın "Guardian" qəzetinə istinadla oxuzali.az
XS
SM
MD
LG