Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Təcridxanalarda saxlananlarla bağlı qanun layihəsi hazırlanır


Tofiq Yaqublu
Tofiq Yaqublu
«Şəxsən mən dəfələrlə müvəqqəti saxlanma təcridxanalarında saxlanmışam. Məsələn, İctimai Palatanın 2 aprel mitinqində ciddi xəsarət almışdım. Dəfələrlə tələb etməyimə baxmayaraq, təcridxanada təcili yardım çağırmadılar, tibbi ekspertiza təyin etmədilər».

İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi aksiyada saxlanan və 8 sutka azadlıqdan mərhum edilən Müsavat başqanının müavini Tofiq Yaqublu belə deyir.

«TƏCRİDXANAYA TƏCİLİ YARDIM ÇAĞIRMADILAR»

Fevralın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» qanun layihəsini müzakirə edib. Komitə layihənin plenar iclasa çıxarılmasını məqbul sayıb.

Komitə sədri Əli Hüseynov bildirib ki, bu sənəd ölkə prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı «İnsan hüquqlarının daha səmərəli qorunmasına dair milli Fəaliyyət Planı»nın həyata keçirilməsində ilk addım kimi qiymətləndirilməlidir.

Komitənin üzvü, deputat Fəzail Ağamalı deyir ki, layihədə söhbət məhkumluq məsələsi həll olunanadək saxlanılan şəxslərin hüquq və azadlıqlarından gedir:

VƏKİL YARDIMINDAN TUTMUŞ...

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev
«Sənəddə vəkil yardımından tutmuş həkim yardımınadək məsələlər həllini tapıb. Eləcə də şəxs saxlanılarkən onun ailəsinə xəbər verilməsi, istəsə öz vəsaiti hesabına ona yeməyin alınıb gətirilməsi, gündəlik mətbuatla tanış olmaq kimi s. məsələlər də qeyd olunur».

Bu qanun layihəsi parlamentdə artıq ikinci oxunuşdan keçmişdi. Amma F.Ağamalı deyir ki, sənədin daha təkmil olması üçün Milli Məclis onu yenidən ikinci oxunuşda müzakirə edəcək. Sənədin ictimai müzakirəyə çıxarılması da nəzərdə tutulur.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev düşünür ki, Milli Məclisin yaz sessiyasında qəbul edilən mühüm sənədlərdən biri də bu qanun olacaq:

MÖVCUD QANUNLARA MÜNASİBƏT NƏ GÖSTƏRİR?

«Bu qanun qəbul ediləndən sonra saxlanma yerlərində şəxslərin hüquq və azadlıqlarını hər kəs biləcək. Həm istintaq orqanları, həm də təqsirləndirilənlərin özləri. Bu, həm də ictimai nəzarətin təmin edilməsinin hüquqi əsaslarını və hədlərini müəyyənləşdirəcək».

Foto: Arxiv
Foto: Arxiv
Tofiq Yaqublu isə bu qanunun qəbulunun hansısa müsbət dəyişikliyə gətirib çıxaracağına inanmır. Onun fikrincə, mövcud qanunlara münasibət də bunu təsdiqləyir:

«Məsələn Azərbaycanda «Sərbəst toplaşma azadlığı haqqında» qanun var. Çox normal hazırlanmış bir sənəddir. Amma o qanunun müddəalarına əməl olunmaması bir yana, onun verdiyi fürsətdən istifadə etmiş insanlara qarşı cinayət işi açılır. Ötən ilin 2 aprelində mitinq keçirtmək istəyən insanların aqibəti buna misaldır».

Tofiq Yaqublu hesab edir ki, parlament nə qədər mükəmməl qanunlar qəbul etsə də, Azərbaycan hakimiyyətinin mahiyyəti vətəndaşların o qanunlardan yararlanmasına imkan verməyəcək. Ona görə də, digər qanunlar kimi bu qanunun qəbulu da demokratiyadan, azadlıqlardan qorxan bir hakimiyyətin dünyada gedən proseslərlə hesablaşmasına görə atdığı addımdan başqa bir şey olmayacaq.
XS
SM
MD
LG