Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41

ABŞ-da prezident seçkiləri uğrunda gedən yarış qızışır


Respublikaçılar Partiyasından namizəd Rick Santorum

Respublikaçılar Partiyasından namizəd Rick Santorum

ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda gedən yarış qızışır. Colorado, Minnesota və Missouri ştatlarında keçirilmiş praymerizlərdə (ilkin seçkilər) keçmiş senator Rick Santorum qalib gəlib.

Sosial mühafizəkar Santorumun bu qələbələri hələlik öndə olan Mitt Romneyin yekunda açıq-aşkar qalib gələcəyi ilə bağlı ehtimallara kölgə saldı. Mitt Romney Nevada, Florida və New Hampshiredə keçirilmiş praymerizlərin qalibi olub.

Çərşənbə axşamı keçirilmiş praymerizlərdən sonra Rick Santorum çıxış edərək Respublikaçılar Partiyasından Obamaya qarşı ən yaxşı rəqib namizədin özü olduğunu bildirib:

«Ümid edirəm ki, siz bizim mesajlarımızı dinləyirsiniz. Əgər dinləyirsinizsə, görürsünüz ki, səhiyyə, ətraf mühit, ticarət və Wall Street məsələləri ilə bağlı Mitt Romneyin fikirləri Obamanın mövqeyi ilə eynidir. Ona görə də Romney bu məsələləri həll edəcək və sizin azadlıq uğrunda səsləriniz üçün mübarizə aparacaq heç də ən yaxşı namizəd deyil».

Massachusetts ştatının keçmiş qubernatoru Romney 2008-ci il seçkilərində də Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə qoşulmuşdu. Həmin mübarizə çərçivəsində bu ilkindən fərqli olaraq Colorado və Minnesota ştatlarında keçirilmiş praymerizlərdə qalib gəlmişdi.

ROMNEY ÇIXIŞINDA RİCK SANTORUMU TƏBRİK EDİB VƏ YARIŞIN HƏLƏ BAŞA ÇATMADIĞINI VURĞULAYIB:
Mitt Romney

Mitt Romney

«Bu gün Rick Santorum üçün çox uğurlu oldu. Mən senator Santorumu təbrik etmək və ona uğurlar arzulamaq istəyirəm. Biz sonadək kampaniyanı davam etdirəcəyik. Ancaq gözləyirəm ki, sizin köməyiniz ilə namizəd məhz mən olacağam».

Rick Santorumun Colorado, Minnesota və Missouri ştatlarındakı qələbəsinə baxmayaraq, Mitt Romney Respublikaçılar Partiyası rəhbərliyinin əksəriyyətinin dəstəklədiyi namizəd olaraq qalır. Onun kampaniyası digərləri ilə müqayisədə daha yaxşı təşkil olunub və daha yaxşı maliyyələşdirilir.

Nümayəndələr Palatasının sabiq spikeri, respublikaçılardan namizədliyə daha bir iddiaçı Newt Gingrich Minnesotada dördüncü, Coloradoda üçüncü olub.

Missouridə isə ümumiyyətlə, bülletendə adı olmayıb. Newt Gingrich bu il yeganə qələbəni Cənubi Carolina ştatında qazanıb. Başqa bir iddiaçı, texaslı konqresmen Ron Paul isə Minnesotada ikinci, Coloradoda dördüncü, Missouridə isə üçüncü olub.

Santorumun son qələbəsi ona Respublikaçılar Partiyasının prezidentliyə namizəd müəyyən edəcək sessiyasına 28 nümayəndə göndərmək hüququ verib. Bununla da o nümayəndələrin sayına görə Romneydən sonra 2-ci yerə yüksəlib.

Növbəti iri yarış fevralın 28-də Michigan və Arizona ştatlarında olacaq. Martın 6-da isə ABŞ-da Böyük Çərşənbə axşamı adlanır. Həmin gün namizədlər daha 416 nümayəndə uğrunda mübarizə aparacaqlar. Həmin gün eyni gündə 10 ştatda praymerizlər keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG