Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:36

Əsəd həm dialoqa “hə” deyir, həm də hücuma “davam”!


Bəşər Əsəd Sergey Lavrovu (sağda) qəbul edir. Dəməşq, 7 fevral, 2012

Bəşər Əsəd Sergey Lavrovu (sağda) qəbul edir. Dəməşq, 7 fevral, 2012

“Əsəd danışıqlara hazırdır”. Bunu – Suriyaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir.

Nazirin sözlərinə görə, Suriya prezidenti hökumət qüvvələri ilə müxalifət arasında münaqişəyə son qoymaq üçün təminat verir.

Əsəd Lavrova deyib ki, o, Suriyadakı bütün siyasi qüvvələrlə danışıqlara hazırdır və Ərəb Liqası ölkələrinin missiyasının Suriyada müşahidə aparmağa davam etməsini, hətta onların sayının artırılmasını istəyir.

Lavrov isə Əsədə bildirib ki, Kreml Suriyadakı münaqişəni “Ərəb Ölkələri Liqasında sərgilənən mövqe əsasında” həllinə kömək etməyə hazırdır.

DƏMƏŞQDƏ RUS VƏ ÇİN BAYRAQLARI QALDIRILIB

Lavrovun Suriyaya səfəri Rusiyanın BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmış Suriya haqda qətnaməyə veto qoymasından sonraya təsadüf edir.

Ərəb Ölkələri Liqasının təşəbbüsü ilə müzakirəyə çıxarılan və prezident Əsədi istefaya çağıran qətnamənin qarşısını fevralın 4-də Təhlükəsizlik Şurasının iki daimi üzvü – Rusiya və Çin almışdı.

Buna görə beynəlxalq qınağa tuş gəlsələr də, Lavrov öz mövqelərini müdafiə etmişdi.

O demişdi ki, “veto hüququ və bundan istifadə BMT-nin nizamnaməsində əksini tapan dünya düzəninin ayrılmaz hissəsidir”.

Rusiya və Çinin bu mövqeyinə görə Dəməşqdə minlərlə hökumət tərəfdarı küçələrə çıxaraq bu ölkələrin bayraqlarını qaldırıblar.

Kreml bundan qabaq da Suriya hökuməti və müxalifəti arasında danışıqlar təşkil etməyə çalışmış, Əsəd rejimi bu təklifi qəbul etsə də, müxalifət rədd etmişdi.

Bu arada Amerika və Britaniyanın ardınca Fransa, İspaniya və İtaliya da Dəməşqdəki səfirlərini geri çağırıb.

Fransa Xarici işlər nazirliyinin sözçüsü Bernard Valero deyib:

“Suriyada zorakılığın və təqiblərin davam etdiyi bir vaxtda Fransa hökuməti öz səfirini məsləhətləşmə üçün geri çağırmağa qərar verib. Bu, ilk növbədə, bir imkan olacaq ki, Suriyadakı hadisələrin dramatik inkişafını onunla müzakirə edək”.

Suriya - İdlib vilayətində - Maaret al-Noman-da nümayişçilər "şəhidləri" dəfn edir, 7 fevral, 2012

Suriya - İdlib vilayətində - Maaret al-Noman-da nümayişçilər "şəhidləri" dəfn edir, 7 fevral, 2012

Amma hələ ki Avropa Birliyi Suriyadakı nümayəndəliyinin rəhbərini geri çağırmaq niyyətində deyil.

TÜRKİYƏNİN YENİ PLANI VAR

Əsəd hökuməti müxalifətlə danışıqlara başlamaq haqqında vədlərinə baxmayaraq bildirib ki, “Homsda və onun ətrafında terrorçu qruplarla döyüşü davam etdirəcək – sabitlik tam bərpa olunana qədər”.

Hüquq müdafiəçiləri isə deyirlər ki, həftənin birinci günü şəhərdə və onun ətrafında 100-cən dinc sakin öldürülüb.

Amma bu məlumatı müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil.

Suriyanın təhlükəsizlik qüvvələri isə deyir ki, Homs əməliyyatı zamanı 6 nəfər itiriblər, 11 nəfər isə yaralanıb.

Bu arada Türkiyə Suriya ilə bağlı yeni plan hazırladığını bəyan edib. Baş nazir Ərdoğan “BMT-dəki fiasko sonrası” hazırladıqları plan barədə detallı məlumat verməsə də, bunun “Suriya hökumətinin yox, xalqının tərəfində olan ölkələr tərəfindən hazırlandığını” deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG