Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:39
Naxçıvanın Kəngərli rayonunun Qabıllı kənd sakinləri bir müddət öncə dəyişdirilən qaz sayğaclarından şikayətçidirlər. Onlar son günlər bu sayğacların əvvəlkilərlə müqayisədə daha çox pul yazdığı qənaətindədirlər.

Kənd sakini Meydan Babayev AzadlıqRadiosuna deyir ki, sayğaclar təxminən bir ay əvvəl dəyişdirilib. Bir müddət sonra kənd sakinləri yeni quraşdırılan sayğacların rəqəmlərinin daha sürətli dəyişməsinin şahidi olublar:

«Əslində sayğacların kütləvi dəyişdirilməsinə ehtiyac yox idi. Çünki əvvəlki sayğaclar normal işləyirdi, heç kim də narazı deyildi. Smartkart sayğaclar quraşdırılsaydı, başa düşmək olardı ki, yeni sistemə keçirlər. Biz hesab edirik ki, əvvəlki sayğacların daha artıq məbləğ yazan sayğaclarla əvəz olunması əhalidən daha çox pul qoparmaq üçündür. Sevinirdik ki, bu il yanacağın qiymətini qaldırmadılar. Əvəzini bu yolla çıxırlar».

Kəngərli rayon Qaz İstismarı İdarəsinin rəisi Zaur Məhərrəmov bildirir ki, sayğacların dəyişdirilməsinə səbəb əvvəlki sayğacların istismar müddətinin bitməsi olub:

«Qabıllı kəndinin girəcəyinə ümumi sayğac qoyduq. Həmin sayğaca girən qazın həcmi ilə kənddən toplanan qaz pulunun məbləği uyğun gəlmirdi. Müəyyən elədik ki, kənddəki sayğaclar daha az yazır. Çünki Rusiya istehsalı olan həmin sayğacların istismar müddəti bitmişdi. Təxminən 5 il öncə quraşdırılmışdı. Ona görə də məcbur qalıb Türkiyədən gətirilən sayğaclarla dəyişdik. Yoxlamışıq, həmin sayğaclar standarta uyğundur».

Zaur Məhərrəmov onu da bildirdi ki, rayon ərazisində bütün sayğaclar yoxlanılır və standarta cavab verməyən sayğacların hamısı yenisi ilə əvəz olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG