Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:14
Martın 1-dən Dövlət Muğam Teatrının 35 işçisinin ştatdan çıxarılacağı xəbəri yayılıb.

Lent.az-ın verdiyi bilgiyə görə, 35 nəfərin içərisində teatrın solistləri, texniki işçilər və ansamblın solistləri də var.

İşdən çıxarılacaq solistlər sırasında əməkdar artist Alya Ramazanova, şəhid atası Aşur Adgözəlov də var.

Teatrının direktoru, 74 yaşı olan Arif Qazıyevin də yaş senzi ilə əlaqədar vəzifəsindən çıxarılacağı barədə xəbər gəzir.

Xəbərdə vurğulanır ki, işçilər ştatdan çıxarılsa da, müqavilə yolu ilə çıxışlara dəvət olunacaq və onlara hər çıxışa görə qonorar ödənəcək.

Bu işçilərin siyahısını Mədəniyyət və Turizm Nazirliyi Dövlət Muğam Teatrına təqdim edib. Bunların içərisində 65 yaşı tamam olan işçilərlə bərabər, gənclər də var.

Dövlət Muğam Teatrının 100-ə qədər işçisi var.

Teatr uzun illər İçərişəhərdəki qədim Karvansara binasında fəaliyyət göstərib, 2011-ci ilin sentyabrından isə Beynəlxalq Muğam Mərkəzində məskunlaşıb.

Teatrın direktoru Arif Qazıyev AzadlıqRadiosuna deyilənləri qismən təsdiq edib.

Muğam Mərkəzinə köçdüklərindən teatrdakı bəzi ştatların—gözətçi, nəzarətçi və s-nin ixtisar olunduğunu bildirib.

Müxbirin “sizin də tezliklə vəzifədən uzaqlaşdırılacağınız xəbəri gəzdiyi yazılıb”—fikrini teatrın direktoru belə cavablayıb: “Doğrudan? Yox, mən hələ ki, yerimdəyəm, işləyirəm. Görək necə olacaq?”.

Arif Qazıyev

Arif Qazıyev

Teatrın solisti, 42 il səhnədə olduğunu söyləyən Ədilə Əflaki isə teatrda ştatların şişirdildiyini iddia edib. Ştatda olanların maaşını artırmaqdansa, işə əlavə adamlar götürüldüyünü söyləyib.

Xanım sənətçi yarımştat işlədiyini, cəmi 70 manat maaş (?!) aldığını deyib. Bu maaşla yataq xəstəsi oğluna baxa bilmədiyini çatdırıb:

“Düzdür, oğlumun müalicəsi dövlətin nəzarətindədir. Amma mən bu maaşa iki nəfəri dolandıra bilmirəm. Oğluma heç mələfə almağa belə imkanım yoxdur”.

Ədilə xanım teatrda belə bir xəbərin gəzdiyini, amma dəqiq nələr olacağını heç kimin bilmədiyini də vurğulayıb: “Deyirlər cəmi 6 solist, 6 nəfər də musiqiçi saxlayacaqlar. Kimlər saxlanacaq—bilinmir…”.

Mövzuya dönəcəyik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG