Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Ziyalılar Forumunu “qeyri-qanuni qurum”, “fərari ziyalılar birliyi” adlandırıb.

Ziyalılar Forumunun üzvü Eldar Namazov isə teleqraf.az-a açıqlamasında bildirib ki, Ziyalılar Forumuna qarşı bu tipli məntiqə, reallığa, həqiqətə sığmayan bəyanatları, bəsit fikirləri daimi şərh etmək, ona vaxt sərf etməyə lüzum görmür:

“Bir müddət əvvəl də Siyavuş Novruzov buna bənzər ittihamlarla çıxış etmişdi. Həmin ittihamda belə bir ifadə vardı ki, Rafiq Əliyev Əbdürrəhman Vəzirovun dövründə vəzifədə olub. Onun harası ziyalıdır”.

E.Namazov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ziyalılar bir araya gələrkən bu tipli yanaşmalar da müzakirə mövzularından biri olub:

“Onda mən Rafiq müəllimə dedim ki, siz tez-tez müsahibələrinizdə iki məntiqdən - Aristotel və Lütfi Zadə məntiqindən danışırsınız. Qeyri-səlis məntiq nəzəriyyəsindən danışanda Rafiq müəllim tez-tez bu ifadələrdən istifadə edir. Rafiq müəllimə dedim ki, mən bu fikirlərlə razı deyiləm. Ən azı Azərbaycanda Aristotel və Lütfi Zadə məntiqi ilə yanaşı, bir Siyavuş Novruzov məntiqi də var. Ona görə ki, ”Rafiq müəllim Vəzirov dövründə vəzifədə çalışıb, onun harası ziyalıdır" fikrini nə Aristotel məntiqi, nə də Lütfi Zadə məntiqi ilə izah etmək mümkündür. Ziyalılar bu fikirlərə xeyli güldülər. Rafiq müəllim dedi ki, mən Eldarın bu qeydi ilə razıyam. Doğrudan da üç məntiqdən söhbət getməlidir, iki məntiqlə hər şeyi izah etmək mümkün deyil".

Hüquqşünas Aslan İsmayılov Siyavuş Novruzovun onun haqqında dediklərinə sərt cavab verib. A.İsmayılov “Yeni Müsavat”a verdiyi açıqlamada “Aslan İsmayılovun kim olduğunu, həyat yolunun nədən ibarət olduğunu dərk etməyə Siyavuş Novruzovun ağlı çatmaz” deyə qeyd etdi:

“Mən orta məktəbi Azərbaycan dilində bitirib, o dönəmdə SSRİ-də ən güclü hüquq fakültəsi olan Kuban Dövlət Universitetində (Krasnodar şəhərində) hüquq təhsili almışam. Bu universitetin tarixində yeganə qafqazlı olaraq hüquq fakültəsini qırmızı diplomla bitirmişəm. Təhsilimi başa vurduğum il də Stavropol vilayətinin Neftekumsk rayonuna hakim işləməyə göndərilmişəm. Sonra Andropov rayonunda hakim işləmişəm. 1986-89-cu illərdə SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun, o cümlədən Qorbaçovun bağı yerləşən Zelençuk royununun məhkəmə sədri olmuşam. Kislovodsk, Yessentuki, Pyatiqorsk şəhərlərinin məhkəmə sədrləri bura vəzifəyə gəlməyə can atırdı. 1989-cu ildə Azərbaycana gəlib burada Respublika Prokurorluğunda çalışmışam. 1993-94-cü illərdə Heydər Əliyevin yanında - Prezident Aparatında baş məsləhətçi işləmişəm. 93-cü ilin avqustunda Milli Məclisdə Rəhim Qazıyev Heydər Əliyevi təhqir edəndə, Siyavuş Novruzov kimi YAP-çılar hamısı siçan deşiyində gizlənəndə onu yeganə müdafiə edən mən olmuşam. 1996-cı ildə Budapeştdə Mərkəzi Avropa Universitetində oxumuşam. 2000-2002-ci illər ərzində Varşavada, Strasburqda, Vyanada, Jenevada, beynəlxalq insan haqları üzrə ali kursları bitirmişəm. Dəfələrlə Avropa Şurasının Strasburq ofisində, ATƏT-in Varşava, Vyana ofislərində, BMT-nin Jeneva, Nyu York ofislərində çıxışlarım olub. Amerikanın Kolumbiya, Pitzburq, Fordom universitetlərində mühazirələr etmişəm. Bir çox beynəlxalq nüfuzlu qurumların - Karneqi, Nelson Ledski fondlarının, "Azadlıq Radiosu"nun ofislərində, Amerika Ali Məhkəməsində, Nyu York Ali Məhkəməsində - Siyavuş Novruzovu onların qapısından içəri buraxmazlar - çıxışlarım olub. Eyni zamanda fəlsəfə doktoruyam. Novruzov deyir ki, Aslan İsmayılov 20 ildir özünə vəzifə tapa bilmir. Heyf ki, onda hüquqşünas diplomu var, amma hüquqşünas ağlı yoxdur. Olsaydı bilərdi ki, bütün dünyada hüquqi savadı olmadan istənilən vəzifədə işləmək olar, hətta Azərbaycan hakimiyyətində ən ağılsız adam nazir də işləyə bilər, amma ağlı, savadı olmayan adam vəkil işləyə bilməz. Onun dünyadan xəbəri yoxdur bilə ki, hüquq təhsili olan adamlar üçün ən prestijli peşə vəkillikdir. Bundan başqa, Novruzovun rəhbərləri mənə hüquq-mühafizə sistemində ən yüksək vəzifə tutmağı təklif ediblər. Mənim Sumqayıt hadisələri ilə bağlı gördüyüm işləri, Sumqayıt faciəsi haqda kitabımla həyata keçirdiklərimi Azərbaycan üçün bütün YAP-çılar eləməyiblər. Bunlar ölkəni ancaq dağıtmaqda usta olublar. Mən ölkəni dağıtmaqda, alçaltmaqda Siyavuş Novruzov kimilərə çata bilmərəm. Mənim də, Siyavuş Novruzovun da həm zahiri görünüşümüzü, həm də danışıq qabiliyyətimizi ölkə vətəndaşları görüblər. Oxucular müəyyən etsin ki, ikimizdən hansımız daun xəstəsinə oxşayırıq. Yazıq o siyasətə ki, orada Siyavuş Novruzovun adı var. Əgər onun siyasətdən anlayışı olsaydı, qəzet, kitab oxusaydı bilərdi ki, mən artıq bir aydan çoxdur Ziyalılar Forumunda yoxam. Bundan da məlumatsızdır. Aydınlıq üçün deyim ki, mənim bir oğlum Amerikada oxuyub, təhsilini başa vurduqdan sonra ölkəyə qayıdıb, hərbi xidmətini başa vurub, amma sonra burada iş tapa bilmədiyi üçün xaricə gedib orada iş tapıb çalışır. Digər oğlum isə BDU-nu bitirdi, hərbi xidmətə getdi, bunun ardınca Almaniyada təhsilini davam etdirir. Övladlarımın təhsil almasında mənim hansısa bir rolum olmayıb, öz savadları ilə oxuyublar. Siyavuş Novruzov kimilərin Aslan İsmayılova qiymət verməyə ağlı çatmaz".

Elşad MƏMMƏDLİ
Yeni Müsavat

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG