Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:48

Şahbaz Xuduoğlu. Sevgilim Aqnes


Şahbaz Xuduoğlu


SEVGİLİM AQNES

(Bu yazı “Qanun” Nəşriyyatının yenicə nəşr etdiyi Peter Stammın “Aqnes” kitabı barədədir)

...Əvvəlcə baxışırıq, sonra baxışlarımızla bir-birimizi izləyirik, salamlaşmağa, üz-üzə gəlməyə fürsət arayırıq. Sonra salamlaşırıq, uzun illər bir-birimizi tanıyan kimi söhbətə başlayırıq.

Bərabər təmiz hava uduruq, sonra bir az kofe içirik. Oxuduğumuz kitablardan, həyatımızda olan maraqlı hadisələrdən danışırıq.

Sonra hər gün görüşürük. Kafeyə gedirik. Nahar edirik. Birlikdə gəzirik. Ayrı olanda darıxırıq. Tez-tez görüşməyə çalışırıq.

Sonra bir romantik şam edirik, şərab da içirik. Ya liftdə, ya kimsəsiz küçədə, ya da haradasa görünməz bir yerdə qol-boyun olub bir-birimizə sarılırıq. Öpüşürük.

Soyuq bizi üşütmür, isti bizi yandırmır.

Bu dəfə daha gec ayrılırıq, növbəti gün daha tez görüşürük.

Şirin söhbət uzanır, bizi ya sənin, ya mənim evimə dartıb aparır. Şam yandırırıq, şərab içirik, sonra sevişirik. Səhərə qədər, dəli kimi.

Daha görüşmürük, çünki hər gün birlikdəyik. Birlikdə yatırıq, birlikdə dururuq, birlikdə işə gedirik, birlikdə evə gəlirik. Birlikdə olmaq xoşbəxtliyinin yarısı sənin, yarısı mənim çiynimdə.

Dağa, bağa, yolumuz hara düşdü gedirik. Harada uzandıq, orda sevişirik, harada axşam oldu orda qalırıq.

Üstündən bir il keçir, bütün fəsillərin kefini çıxarırsan. Bir gün Aqnes sənə deyir: “Deyəsən mən uşağa qalmışam”.

Ona cavabın “Mən hazır deyiləm” olur.

Bu cavabı vermək istəmirdin, bəlkə də bir az düşünsəydin, başqa bir cavab verərdin. Heç özün də bilmirsən ki, hazır olmamağın nə deməkdi.

Aqnesə ilk zərbə vurursan, ya sən, ya Aqnes gedir. Amma sən onu sevirsən. İt kimi peşman olmusan.

Sən hər yerdə onu axtarırsan, amma tapmırsan, bütün saplar üzüldü sanki. Sən bir yalquzaq kimisən.

Sahibsiz itlər başlarını bütün zibil qutularına soxan kimi sən də qarşına çıxan bütün kafe və barlara soxulursan.

İçirsən, hər gün keflənirsən.

Bir gün başqa bir qadın səndən nəsə soruşur.

Sən cavab verirsən, sonra siqaret çəkirsən onunla, haradasa açıq havada.

Sonra kofe içirsən. Sonra onunla gəzməyə gedirsən. O səni evinə dəvət edir, ata-anasına təqdim edir.

Onunla da eyni qaydada öpüşürsən, amma daha onunla yatmırsan.

Aqnesi unuda bilmirsən.

Onu tapmasan ürəyin partlalayar, ölərsən. Uşaq kitabları, oyuncaq alıb Aqnesi axtarırsan.

Nəhayət Aqnesi xəstə halda evində yatağa uzanmış tapırsan.

Tumurcuq (6 santlıq) uşaq onun içində ölüb.

Onun içində böyük bir dünya ölüb.

Artıq, Aqnes üçün sən də ölmüsən...
XS
SM
MD
LG